TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan
25 may 2018, 14:28
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Yüz il əvvəl mayın 28-də Azərbaycan xalqı müsəlman Şərqində və türk dünyasında birinci olaraq demokratik inkişaf modelini seçmiş və ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna iz buraxmışdır.
Qurulmasının 100-cü ildönümünü qeyd etdiyimiz müasir Azərbaycan Respublikası Zati-alinizin müdrik rəhbərliyi sayəsində qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və dünya dövlətləri arasında öz layiqli yerini tutaraq inamlı addımlar atır.
Bu il 25 illiyini qeyd etdiyimiz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a olan daimi dəstəyini və Azərbaycan ilə TÜRKSOY arasında qarşılıqlı mədəni əlaqələrin inkişafına göstərdiyi diqqəti yüksək qiymətləndirir.
Fürsətdən istifadə edərək, Azərbaycan Cümhuriyyətinə firavanlıq, Zati-alinizə cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.
Dərin hörmətlə,
Düsen Kaseinov
TÜRKSOY-un baş katibi