Qaradağ rayonu, Azərbaycan


28 iyul 2011, 20:30
Möhtərəm cənab Prezident!
Bu gün respublikamızda aparılan sosial-iqtisadi yönümlü islahatlar, möhtəşəm quruculuq və abadlıq işləri ölkə başçısı kimi Sizin gündəlik fəaliyyətinizdə prioritet istiqamət olaraq qalır. Fəaliyyətiniz dövründə respublikada novator və innovativ ruhlu təhsil siyasəti ilə müşayiət olunan islahatların aparılması, inkişafyönümlü dövlət proqramlarının qəbul edilməsi də məhz Sizin təhsilə, təhsil işçilərinə olan diqqət və qayğınızın bariz nümunəsidir. “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında imzaladığınız Sərəncam da respublikamızda müasir innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açacaq, onun iqtisadi inkişafın aparıcı amilinə çevrilməsini təmin edəcəkdir.
Bu gün ölkədə çoxlu sayda yeni məktəblərin tikintisi və bir çox məktəblərdə aparılan əsaslı təmir işləri də Sizin məktəbə, təhsilə daimi qayğınızın əyani sübutudur. Bu baxımdan işlədiyimiz Qaradağ rayonu Lökbatan qəsəbəsi Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbdə 16 otaq və bufetdən ibarət əlavə korpusun tikilməsi, 1957-ci ildə inşa olunmuş və qəzalı vəziyyətə düşən əsas binada böyük təmir işlərinin aparılması, idman sahəsindəki uğurları ilə rayonda seçilən bir məktəb kimi burada yeni və müasir standartlara cavab verən idman meydançasının qurulmasına başlanılması, növbəti tədris ilində birnövbəli iş sistemi ilə çalışmaq imkanı kollektivdə çox böyük ruh yüksəkliyi yaratmışdır.
Biz, kollektivin hər bir üzvü, həm ümumrespublika miqyasında, həm də məktəbimizdə görülən bütün bu işlərə görə məktəb rəhbərliyi və müəllim kollektivi adından, eyni zamanda şagird və valideynlər adından, hörmətli Prezidentimiz, Sizə çox böyük minnətdarlığımızı bildirir, özünüzə və bütün ailənizə cansağlığı, daim uğur diləyirik.
Hörmətli cənab Prezident!
Sizi əmin etmək istəyirik ki, biz təhsil işçisi olaraq gələcəyimiz hesab edilən şagirdlərimizin ümummilli liderimizin nümunəsində tərbiyə olunmasına, onun zəngin irsinin dərindən öyrənilməsinə var qüvvəmizlə çalışacağıq.
Dərin ehtiramla,
Qaradağ rayonu E.Həsənov adına 139 nömrəli tam orta məktəbin kollektivi adından İ.Ə.İsmayılov, S.Q.Mirzəyeva, Ş.A.Hüseynova, M.Ə.Hüseynli, Q.M.Quliyeva.