Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında ƏSASNAMƏ
22 may 2018, 20:56
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 22 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) mülki aviasiya sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, beynəlxalq mülki aviasiya təşkilatlarının tələblərini, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan, həmçinin ingilis dillərində öz adı həkk olunmuş möhürü, rəsmi emblemi, müvafiq ştampları və blankları vardır.
1.5. Agentlik işçilərinin xüsusi xidməti geyim forması vardır.
1.6. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin hazırlanması ilə bağlı Nazirliyə təkliflər verir və bu sahədə müəyyən olunmuş siyasətin həyata keçirilməsində iştirak edir;
2.0.2. müvafiq sahənin inkişafını təmin edir.
3. Agentliyin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
3.0.2. dövlət proqramları və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.0.3. müvafiq sahədə digər dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi barədə Nazirliyə təkliflər vermək;
3.0.4. müvafiq sahəyə aid olan beynəlxalq müqavilələrlə bağlı danışıqlarda iştirak etmək;
3.0.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
3.0.6. mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlər, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək;
3.0.7. Nazirliyin müəyyən etdiyi qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək, həmçinin xarici ölkələrin aidiyyəti qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;
3.0.8. müvafiq sahədə milli qayda, norma və prosedurlara, beynəlxalq standartlara və tövsiyə edilən təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə müvafiq sahədə hüquqi aktlarla Beynəlxalq Mülki Aviasiya Təşkilatının Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə Nazirliyə məlumat vermək;
3.0.9. aviadaşımalar bazarının rəqabət əsasında formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.10. müvafiq sahəyə maliyyə yardımı və texniki yardım cəlb edilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlığa dair təkliflər vermək;
3.0.11. mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.12. aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını, həmçinin mülki aviasiya subyektlərinə verilmiş sertifikatların şərtlərinə onların riayət etməsinə nəzarəti həyata keçirmək;
3.0.13. hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;
3.0.14. mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrini (qəzalarını) aidiyyəti qurumlarla birgə araşdırmaq, aviasiya hadisələri (qəzaları) və insidentlərinin qarşısını almaq məqsədi ilə aviasiya ictimaiyyəti arasında informasiyanın yayılmasını həyata keçirmək, aviasiya hadisələrinin və insidentlərinin uçotunu aparmaq, onlar barədə müvafiq beynəlxalq mülki aviasiya təşkilatlarına vaxtında məlumat vermək;
3.0.15. hava məkanından istifadəni tənzimləyən qaydaları, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarını və müvafiq sahədə digər normativ hüquqi aktları aidiyyəti qurumlarla birgə işləyib hazırlamaq;
3.0.16. müvafiq sahəyə investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə üçün əlverişli şərait yaradılmasına dair təkliflər hazırlamaq;
3.0.17. hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi və bu işlərin əlaqələndirilməsi barədə Nazirliyə təkliflər vermək;
3.0.18. mülki hava limanlarının, aerodromların, vertodromların beynəlxalq uçuşlar üçün açılması (bağlanması) barədə Nazirliyə təkliflər vermək;
3.0.19. hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi zamanı işçi qruplar yaratmaq, həmçinin dövlət komissiyalarının işində iştirak etmək;
3.0.20. hava nəqliyyatı istismarçılarının sertifikatlarının və uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədə olma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul etmək;
3.0.21. təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr verilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.22. hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək;
3.0.23. Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya xidmətləri və meteoroloji xidmət göstərilməsini təşkil etmək və həmin xidmətləri göstərənlər üçün tələblərin müəyyən edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.24. mülki hava gəmilərinin dövlət reyestrini, sertifikatlaşdırılmış aviasiya personalının, sertifikatlaşdırılmış aerodromların, vertodromların və mülki aviasiya subyektlərinin reyestrlərini aparmaq, mülki hava gəmilərinin qeydiyyatını həyata keçirmək, müvafiq şəhadətnamə və vəsiqələr vermək, həmçinin xarici dövlətlərin səlahiyyətli orqanlarının verdikləri analoji sənədlərin tanınmasına dair tələblərin müəyyən edilməsi ilə bağlı Nazirliyə təkliflər təqdim etmək;
3.0.25. ölkənin mülki aviasiya hava limanlarının və aerodromlarının imkanları, habelə aviasiya texnikasına texniki xidmət imkanları nəzərə alınmaqla, mülki aviasiya subyektlərinin əldə etdikləri aviasiya texnikasının Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi və istifadəsi məsələlərini razılaşdırmaq;
3.0.26. ölkənin sertifikatlaşdırılmış aviaşirkətlərini təyin etmək və hökumətlərarası sazişlərə əsasən, respublika daxilində və respublikanın hüdudlarından kənarda onların uçuş marşrutlarını təsdiq etmək, bu marşrutların istismarı üçün müvafiq icazələr vermək, habelə xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm uçuşlar və çarter uçuşları) yerinə yetirmək üçün icazələr vermək;
3.0.27. respublikanın mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını, həmçinin Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirən xarici hava gəmilərinin perron yoxlamalarını həyata keçirmək və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
3.0.28. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatların layihələrini Nazirliyə təqdim etmək, onların icrasına nəzarəti həyata keçirmək;
3.0.29. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və onun yoxlanmasına dair tələbləri Nazirliyə təqdim etmək;
3.0.30. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı yaranmış böhran vəziyyətinin nizamlanması üçün əməliyyatların həyata keçirilməsində, qəzaya uğramış və ya qəzaya uğrayan hava gəmiləri ilə bağlı axtarış və qəza-xilasetmə işlərinin təşkilində iştirak etmək, həmçinin qanunsuz müdaxilə aktları barədə xidməti araşdırma aparmaq;
3.0.31. dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşların (liter reyslərinin) hazırlanmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
3.0.32. müvafiq sahəyə aid beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini işləyib hazırlamaq, yeni hava əlaqələrini (marşrutları), beynəlxalq hava daşımaları üçün uçuş tezliklərini və onların yerinə yetirilməsinin kommersiya şərtlərini müəyyən etmək;
3.0.33. Azərbaycan Respublikasının ərazisində yerli hava xətlərində aviadaşımalar və aviasiya xidmətinin bütün növləri ilə bağlı tarif və yığımların tətbiqinə dair Nazirliyə təkliflər vermək;
3.0.34. beynəlxalq daşıma tariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun işləyib hazırlamaq və təsdiq edilməsi üçün təqdim etmək;
3.0.35. beynəlxalq hava daşımaları ilə məşğul olan mülki hava gəmiləri ekipajlarının və Agentliyin personalının pasport–viza təminatı məsələlərini həll etmək;
3.0.36. mülki aviasiyaya dair müvafiq texnoloji, texniki, iqtisadi, maliyyə, sosial, ekoloji və digər məlumatlardan ibarət informasiya bazası yaratmaq;
3.0.37. fövqəladə hallarda aidiyyəti dövlət qurumları ilə birgə mülki aviasiya müəssisə, idarə və təşkilatlarında səfərbərlik hazırlığını həyata keçirmək, mülki müdafiə tədbirləri görmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
3.0.38. mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi ilə bağlı texniki-iqtisadi göstəricilərə və layihə-smeta sənədlərinə dair rəy vermək;
3.0.39. mülki aviasiya subyektlərinin iqtisadi və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;
3.0.40. müvafiq sahədə maliyyə-iqtisadi, investisiya və tarif-qiymət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, beynəlxalq tarif siyasətinə dair Nazirliyə təkliflər vermək;
3.0.41. Nazirliklə razılaşdırmaqla, mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərini təşkil etmək;
3.0.42. uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstərilən xidmətlərə, görülən işlərə və bununla bağlı müəyyənləşdirilmiş qiymətlərin tətbiqinə nəzarət etmək;
3.0.43. mülki aviasiya sahəsində yüklərin və poçtun aviasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə yük agentlərinin və məlum yükgöndərənlərin qeydiyyatını aparmaq, onlara sertifikatlar və fərdi kod nömrəsi vermək, verilmiş sertifikatların şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;
3.0.44. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.45. müvafiq sahədə əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
3.0.46. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.47. müvafiq sahəyə aid qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
3.0.48. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
3.0.49. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı təklif vermək;
3.0.50. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.51. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.52. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.53. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq.
4. Agentliyin hüquqları
4.0. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahəyə aid qanunvericilik aktlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
4.0.2. Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
4.0.3. dövlət qurumlarına və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahədə tədqiqat işləri görmək, təkliflər vermək;
4.0.6. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.0.7. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.0.8. müvafiq sahənin fəaliyyətini tənzimləmək məqsədi ilə strukturların yaradılması, ləğv edilməsi və yenidən təşkili üzrə təkliflər irəli sürmək;
4.0.9. müfəttiş yoxlamalarını həyata keçirən şəxslərin hava gəmilərinə, xidməti otaqlara daxil olması, texniki vasitələrlə, mülki aviasiya subyektlərinin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) sərbəst tanış olması, mülki aviasiya sahəsində çalışan vəzifəli şəxslərə uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri barədə müvafiq tapşırıqlar və müfəttiş göstərişləri vermək, habelə onların icra müddətlərini müəyyən etmək;
4.0.10. mülki aviasiyanın fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf problemləri ilə bağlı konfranslar, müşavirələr və seminarlar keçirmək, sərgilər təşkil etmək;
4.0.11. mülki aviasiyanın ümumi fəaliyyət qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının və sahə standartlarının layihələrini hazırlamaq, qüvvədə olan qanunvericilik aktlarında zəruri hallarda dəyişikliklər edilməsinə dair təkliflər vermək;
4.0.12 ICAO-nun Standartlarına və Tövsiyə olunan təcrübəsinə əlavə və dəyişikliklər edilməsi barədə qeyd edilən təşkilata təkliflər verilməsi ilə bağlı Nazirliyə müraciət etmək;
4.0.13. Agentliyin rəsmi rəmzlərinin və fərqlənmə nişanlarının işlənilib hazırlanmasına dair təkliflər vermək;
4.0.14. geyim formaları nümunələrinin, fərqlənmə nişanlarının və mülki aviasiyada geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;
4.0.15. Agentliyin səlahiyyətlərinə aid olan məsələlərin (aviasiya hadisələrinin və insidentlərinin araşdırılması, müvafiq rəylərin hazırlanması və s.) həlli məqsədi ilə elmi təşkilatları, şirkətləri, ayrı-ayrı mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri müqavilə əsasında cəlb etmək.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentlik öz fəaliyyətini Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar vasitəsilə həyata keçirir.
5.2. Agentliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
5.3. Agentliyin direktoru bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrasına görə şəxsən məsuliyyət daşıyır.
5.4. Agentlik direktorunun nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla, Agentliyin direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
5.5. Agentliyin Aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirlik təsdiq edir.
5.6. Agentliyin direktoru:
5.6.1. Agentliyə rəhbərlik edir və onun fəaliyyətini təşkil edir;
5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır;
5.6.3. Agentliyin Aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində təsdiq edilmək üçün Nazirliyə təqdim edir;
5.6.4. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;
5.6.5. Agentliyin işçilərini (Agentlik direktorunun müavinlərini, Agentliyin baş mühasibini, Aparatının struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərini – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.6.6. Agentliyin Aparatının, tabeliyindəki qurumların fəaliyyətinə dair əmr və göstərişlər verir;
5.6.7. bütün dövlət qurumları, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.6.8. Agentliyin Aparatının struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrinin və ya nizamnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.6.9. Agentliyin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir.