İlham Əliyev Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib
16 may 2018, 11:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.
Son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə məlumat verdi.
Bildirildi ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib. Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompeksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.
Prezident İlham Əliyev kompleksi işə saldı.
Sonda xatirə şəkli çəkdirildi.