Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası
15 may 2018, 21:33
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 15 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və müvafiq dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təmin etməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvafiq elektron sistem (bundan sonra – sistem) yaradır.
1.3. Bu Qaydanın məqsədi üçün dövlət xəzinədarlığı məlumatlarına aşağıdakı məlumatlar aid edilir:
1.3.1. dövlət büdcəsinə gəlir inzibatçıları üzrə daxilolmalar və xərcin ümumi icrası haqqında məlumat;
1.3.2. vahid xəzinə hesabının qalığı barədə məlumat;
1.3.3. manatla vahid xəzinə hesabının qalığının strukturu;
1.3.4. dövlət büdcəsinin icrası barədə məlumat (gəlirlərin təsnifatı üzrə);
1.3.5. dövlət büdcəsinin icrası barədə məlumat (xərclərin funksional təsnifatı üzrə);
1.3.6. dövlət büdcəsinin icrası barədə məlumat (xərclərin iqtisadi təsnifatı üzrə);
1.3.7. dövlət büdcəsinin daxilolmalar üzrə icra göstəriciləri (gəlir inzibatçıları üzrə);
1.3.8. dövlət büdcəsinin xərclər üzrə icra göstəriciləri (cari xərclər, əsaslı xərclər, dövlət borcu);
1.3.9. büdcə-maliyyə nəzarəti ilə əlaqədar olaraq Hesablama Palatasının sorğusu əsasında digər məlumatlar.
2. Dövlət xəzinədarlığı məlumatlarına çıxışı təmin edilən dövlət qurumları
2.0. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra ─ Nazirlik) aşağıdakı dövlət qurumlarının (bundan sonra - dövlət qurumları) dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışını təmin edir:
2.0.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti – bu Qaydanın 1.3.1-ci, 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü, 1.3.5-ci və 1.3.6-cı yarımbəndləri ilə müəyyən olunmuş məlumatlara;
2.0.2. Azərbaycan Respublikasının Hesablama Palatası - bu Qaydanın 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü, 1.3.5-ci, 1.3.6-cı, 1.3.7-ci və 1.3.9-cu yarımbəndləri ilə müəyyən olunmuş məlumatlara;
2.0.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı - bu Qaydanın 1.3.3-cü, 1.3.4-cü, 1.3.6-cı, 1.3.7-ci və 1.3.8-ci yarımbəndləri ilə müəyyən olunmuş məlumatlara.
3. Sistemin fəaliyyətinin təşkili
3.1. Dövlət qurumları arasında məlumat mübadiləsinin həyata keçirilməsi üçün məxfi kanalı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti təmin edir, məlumat mübadiləsi Nazirliyin yaratdığı sistem vasitəsilə həyata keçirilir.
3.2. Sistemin operatoru Nazirlik, rabitə təşkilatçısı isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.
3.3. Sistemin iştirakçıları Nazirlik, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilən dövlət qurumlarıdır.
3.4. Dövlət qurumlarının məlumatlara çıxış imkanı Nazirliyin mərkəzi serverlər kompleksi və proqram-texniki təminat vasitələri ilə həyata keçirilir.
3.5. Məlumatlara çıxışın təşkili aşağıdakı vasitələrin tətbiqi ilə həyata keçirilir:
3.5.1. uzlaşdırma rekvizitləri;
3.5.2. razılaşdırılmış protokollar;
3.5.3. qəbul olunmuş təhlükəsizlik tələbləri.
3.6. İnformasiya təminatı üçün aşağıdakı resurslardan istifadə edilir:
3.6.1. sistemin informasiya resursları;
3.6.2. sistemə inteqrasiya olunan və ya qoşulan digər dövlət informasiya sistemləri.
4. Sistem iştirakçılarının funksiyaları
4.1. Sistemin operatoru:
4.1.1. sistem vasitəsilə məlumatlara çıxışın təmin edilməsini tənzimləyən hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir, bu tələblər pozulduqda isə məlumatlara çıxış imkanının müvəqqəti və ya daimi dayandırılması üçün Azərbaycan Respublikası Prezidentinin qarşısında məsələ qaldırır;
4.1.2. müvafiq dövlət qurumları tərəfindən məlumatlara çıxış imkanı verilmiş məsul şəxslər barədə məlumat alır;
4.1.3. sistemin təşkilati və metodiki təminatını həyata keçirir;
4.1.4. sistemin işlək vəziyyətdə olmasını təmin edir;
4.1.5. sistemin istismarı zamanı aşkar edilən səhvləri və nasazlıqları təhlil edir və aradan qaldırır;
4.1.6. sistemin informasiya təhlükəsizliyini təmin edir.
4.2. Rabitə təşkilatçısı:
4.2.1. sistem iştirakçılarını mühafizə olunan rabitə kanalları ilə təmin edir;
4.2.2. rabitə kanalının texniki-texnoloji infrastrukturunun istismarını təmin edir;
4.2.3. rabitə kanalının informasiya təhlükəsizliyini təmin edir;
4.2.4. müvafiq dövlət qurumları tərəfindən məlumatlara çıxış imkanı verilmiş məsul şəxslər barədə məlumat alır.
4.3. Sistem iştirakçısı olan dövlət qurumları:
4.3.1. məlumatların əldə edilməsi üçün informasiya sistemi qovşaqlarını lazımi proqram təminatı ilə təmin edirlər;
4.3.2. məlumatlara çıxış imkanı verilmiş məsul şəxsləri müəyyən edir və bu barədə sistem operatoruna və rabitə təşkilatçısına məlumat verirlər;
4.3.3. məlumatların əldə edilməsi üçün informasiya sistemi qovşaqlarını icazəsiz daxilolmalardan mühafizə edirlər.