İlham Əliyev Bakıda Dinamo otelinin açılışında iştirak edib
11 may 2018, 11:30
Bakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Otelin baş meneceri Alberto Matos və dizayneri Linda Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdilər.
Dövlətimizin başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsdilər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış oldular.
Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır. Otelin restoranlarının nadir bədii konsepti də diqqət çəkir. Restoranlarda otelin qonaqlarının və müştərilərin zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Burada qonaqlara milli və dünya mətbəxinin nəfis təamları təqdim ediləcək.
Mehmanxananın idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, oteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.
Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi turizm sektorunun əsas xidmət istiqamətlərindən olan müasir otel sisteminin yaradılması baxımından son illərdə çox mühüm işlər görülüb. “Dinamo” otelində müxtəlif kateqoriyalara uyğun 28 otaq var. Otaqların interyeri tərtib edilərkən qonaqların zövqünü oxşaması və rahatlıq əsas meyar kimi seçilib.
Otellə tanışlıqdan sonra Azərbaycan Prezidenti kollektivlə görüşdü.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Mən sizi Bakıda yeni otelin açılışı münasibətilə təbrik edirəm, çox gözəl hadisədir. Dinamo oteli çox gözəl səviyyədə tikilib istifadəyə verilir. Bildiyiniz kimi, bu otel tarixi binada yerləşir. Bu binanın böyük tarixi var və çox şadam ki, binanın tarixi memarlığı tam qorunub saxlanılıb və daxili dizaynı da göz oxşayır. Burada istirahət edən qonaqlar özlərini evlərindəki kimi hiss edəcəklər. Çox gözəl dizayn işləri görülüb. Xanım Pintoya xüsusi minnətdarlığımı bildirirəm ki, doğrudan da dizayn göz oxşayır. Burada bütün işlər çox müasir və yüksək səviyyədə görülübdür. Otelin yerləşməsi də çox əlverişlidir, şəhərin mərkəzidir. Burada qalan qonaqlar şəhərin ən baxımlı yerlərinə piyada rahat gedib çata bilərlər. Turistlər buradan həm bulvara, həm İçərişəhərə, şəhərimizin mərkəzi yerlərinə çox rahat gedib çıxa bilərlər.
Əlbəttə, bu otelin fəaliyyəti ölkəmizdə turizmin inkişafına təkan verəcək. Çünki bu, indi bizim üçün əsas istiqamətlərdən biridir, turistlərin sayı ölkəmizdə artır. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıbdır. İndi “ASAN Viza” rejimindən istifadə edərək 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə Dövlət Agentliyi yaradılıb. Əlbəttə, bu Agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaqdır.
Eyni zamanda, bu otelin fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafını göstərir. Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır. Ölkəmizdə keçirilmiş böyük tədbirlər, idman tədbirləri, onların arasında əlbəttə ki, Formula 1 yarışı dünyanın diqqətini Azərbaycana cəlb edir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi öz qapılarını dostlarının üzünə açır.
Sonra çıxışını ingilis dilində davam etdirən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Mən həqiqətən də çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən “Dinamo” otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, binanın memarlıq üslubu tamamilə qorunub saxlanılmışdır. Bu binanın böyük tarixi var. Çox sevindirici haldır ki, biz bu binanı inşa olunduğu üslubda qoruyub saxlaya bilmişik. Bunun vacibliyini xüsusilə qeyd etmək istəyirəm. Çünki bilirəm ki, bu binanın sökülməsi və onun yerinə yeni göydələnin tikintisi planları var idi. Lakin mən bu barədə məlumat alan kimi, əlbəttə, bu planların qarşısını aldım. Çünki biz tariximizi, memarlığımızı qorumalıyıq və Bakı şəhərinin memarlığının inkişafını qorumalıyıq.
Əlbəttə, şəhər genişlənməlidir, inkişaf etməlidir, hündürmərtəbəli binalar, göydələnlər də olmalıdır. Lakin, eyni zamanda, tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya da olmalıdır. Hesab edirəm ki, Bakı bu iki vacib elementi özündə birləşdirən dünyanın azsaylı şəhərlərindən biridir. Biz tariximizi, qədim tariximizi qoruyuruq və eyni zamanda, Bakıda inşa olunmuş müasir binalar şəhərin ümumi görünüşü ilə ziddiyyət təşkil etmir. Buna görə də Bakı öz qonaqları və şəhərin sakinləri üçün xoş və rahat nadir ab-havanı qoruyub saxlayır.
Əlbəttə, “Dinamo” otelinin açılışı əlamətdar hadisədir. Çünki biz burada xanım Pintonun rəhbərlik etdiyi qrupun, dünyaca məşhur şirkətin sənət əsərini görürük. Biz sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əlbəttə ki, sizin adınız qonaqları mütləq buraya cəlb edəcək. Otelin müxtəlif yerlərinə baxarkən biz bir daha görürük ki, sizin şirkətin belə yüksək beynəlxalq standarta malik olması təsadüfi deyil. Buna görə minnətdarlığımı bildirirəm. Əminəm ki, oteldə qalanlar, nahar yeməyi üçün buraya gələnlər və ya yaxşı vaxt keçirmək istəyənlər özlərini həqiqətən də çox xüsusi bir mühitdə hiss edəcəklər.
Şəhər sürətlə inkişaf edir. Hesab edirəm ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq.
Sizə uğurlar arzulayıram. Şadam ki, “Dinamo” adı və keçmişin rəmzləri qalıb. Bu, bir daha onu nümayiş etdirir ki, biz tariximizin bütün dövrlərinə hörmətlə yanaşırıq. Bu, bizi daha güclü edir və bu, həqiqətdir.
Bir daha sizi təbrik edirəm. Azərbaycanı regionumuzun ən cəlbedici turizm məkanlarından birinə çevirməyə kömək etmək işinizdə burada sizə çox məhsuldar fəaliyyət arzu edirəm. Çox sağ olun.
X X X
Bakıda yeni müasir otellərin, mehmanxana komplekslərinin istifadəyə verilməsi paytaxtımızın turizm potensialını tam nümayiş etdirməyə şərait yaradır. Bununla yanaşı, bu tədbirlər ölkəmizdə mühüm sosial infrastruktur layihələrinin icrasının davamlı olduğunu və müxtəlif sahələri əhatə etdiyini göstərir. Bu cür layihələrin uğurla həyata keçirilməsi sübut edir ki, Azərbaycanda başlanılan bütün işlər vaxtında və keyfiyyətlə yerinə yetirilir.
Sonda xatirə şəkli çəkdirildi.