İlham Əliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
26 iyul 2011, 17:00
Prezident İlham Əliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolae Urekeni qəbul etmişdir.
Dövlət başçısı Azərbaycanla Rumıniya arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulmasında Nikolae Urekenin fəaliyyətini yüksək qiymətləndirdi. Onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensiv xarakter aldığını deyən Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Nikolae Urekenin “Dostluq” ordeninə layiq görüldüyünü bildirdi və yüksək mükafatı diplomata təqdim etdi.
Nikolae Ureke Azərbaycan dövlətinin yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsindən böyük şərəf duyduğunu dedi. Rumıniya-Azərbaycan əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən diplomat Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.