Azərbaycan-Polşa biznes forumunda İlham Əliyevin nitqi
25 iyul 2011, 19:35
- Hörmətli cənab Prezident,
hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Polşa Prezidentinin Azərbaycana rəsmi səfəri günüdür. Deyə bilərəm ki, səfər çox uğurla keçir və bu gün səhər apardığımız danışıqlar və etdiyimiz qarşılıqlı təkliflər, əminəm ki, gələcəkdə Polşa-Azərbaycan əlaqələrinin uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcəkdir.
Bizim əlaqələrimiz çox gözəl tarixə malikdir və çoxşaxəlidir. Əlbəttə ki, bu gün biz eyni zamanda iqtisadi sahədə əlaqələr haqqında geniş fikir mübadiləsi apardıq. Hesab edirəm ki, iqtisadi sahədə, biznes sahəsində qarşılıqlı əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır. Əlbəttə ki, biznes dairələri ilk növbədə siyasi cəhətdən məqbul olan ölkələrə üz tuturlar. Azərbaycan biznesmenləri də bu mövqedən yanaşırlar və siyasi əlaqələrimiz yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biznes dairələrinin də əməkdaşlığı uğurlu ola bilər. Biz çox maraqlıyıq ki, həm dövlət, həm də özəl biznes strukturları bir-biri ilə əlaqədə olsunlar. Bu gün keçirilən biznes forumunun əsas məqsədi bundan ibarətdir ki, bir-birimizi daha da yaxından tanımalıyıq, imkanlarımızı bilməliyik, araşdırmalıyıq. Əlbəttə, ciddi təhlil aparılmalıdır və mən əminəm ki, bunun nəticəsində konkret biznes layihələri də üzə çıxacaqdır. Bu layihələrin icrası nəticəsində həm iqtisadi əlaqələrimiz möhkəmlənəcək, həm də bütövlükdə bu təşəbbüslərin bizim əlaqələrimizə də çox böyük xeyri olacaqdır.
Biz çox istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha da geniş təmsil olunsunlar. Bunu etmək üçün imkanlar var və mənə verilən məlumata görə, bu gün artıq burada müxtəlif layihələrin təqdimatı keçirilmiş, Azərbaycan və Polşanın iqtisadi göstəriciləri ifadə edilmişdir. Beləliklə, hesab edirəm ki, mövcud vəziyyət biznes forumunda iştirak edən iş adamları üçün daha da aydın olubdur. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. İqtisadi sahədə liberallaşma siyasəti aparılır, Azərbaycanda biznes strukturları güclənir. Həm böyük şirkətlər, həm də kiçik və orta həcmli şirkətlər öz fəaliyyətlərini gücləndirir. Özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı payı 80 faizə çatıbdır. Nəzərə alsaq ki, cəmi iyirmi il bundan əvvəl Azərbaycanda özəl sektor faktik olaraq mövcud deyildi, hesab edirəm, bu, çox gözəl göstəricidir. Yəni qısa müddət ərzində həm siyasi və eyni zamanda iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minibdir. Bu, bizə öz iqtisadi imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa imkan verdi.
Əlbəttə ki, müstəqilliyimizin ilk illərində iqtisadi inkişafın təkanvericisi neft-qaz sektoru olmuşdur. Bu da təbiidir və indi də belədir. Amma eyni zamanda, biz enerji sahəsində apardığımız təşəbbüslər nəticəsində qeyri-neft sektorunun inkişafına da nail ola bilmişik və bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə ki, dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 faiz artmışdı. Nəyin hesabına, məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bu günə qədər artıq ikinci dövlət proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır. Xüsusilə 90-cı illərin ortalarında iqtisadi inkişafımızın təmin edilməsi üçün həlledici rolu xarici sərmayələr oynamışdır.
Biz bu gün də xarici sərmayələrin cəlb edilməsinə çalışırıq. Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq birinci sıralardadır. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan çox vəsait qoyulmuşdur. Onun əksəriyyəti daxili sərmayələrdir, ancaq xarici sərmayələr də mühüm yer tutur. Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən qanunvericilik bunu təmin edir. Bu gün biz xarici sərmayələri eyni zamanda qeyri-neft sektorunda da görürük. Azərbaycanda kənd təsərrüfatının inkişafında xarici sərmayələr rol oynayır, turizmin inkişafında onların rolu kifayət qədər böyükdür. Deyə bilərəm ki, bütövlükdə Azərbaycanda turizmin inkişafı prioritet məsələlərdən biridir. Təkcə bu il Bakıda 6 beşulduzlu otelin açılışı nəzərdə tutulur və bu, özlüyündə bir göstəricidir.
Biz əlbəttə ki, Polşa şirkətlərini investorlar kimi görmək istərdik. Eyni zamanda, Azərbaycanda müxtəlif mənbələr, o cümlədən dövlət vəsaiti hesabına reallaşan böyük infrastruktur layihələrinin icrasında Polşa şirkətləri fəal iştirak edə bilər. Əminəm ki, bu gün bu barədə də danışıldı.
Eyni zamanda, artıq Azərbaycan şirkətləri də xarici bazarlara çıxır. Bizim dövlətimizin siyasəti də bundan ibarətdir. Biz özəl sektorun inkişafına diqqət verməklə, çalışırıq ki, özəl qurumlar xarici bazarlara da çıxsın. Azərbaycanın dövlət şirkətləri də xarici bazarlara böyük həcmdə investisiya qoyulmasına başlamışdır və bu investisiyalar artıq milyardlarla dollar səviyyəsindədir.
Azərbaycanın enerji resurslarının işlənilməsi nəticəsində əldə edilən gəlirlər də ədalətli şəkildə bölünür və bu gəlirlər ölkə iqtisadiyyatının inkişafına xidmət göstərir. Eyni zamanda, indi Azərbaycan Dövlət Neft Fondu da xarici bazarlara investisiya qoyulması ilə məşğuldur və mən hesab edirəm ki, bu imkanlar da nəzərdən keçirilməlidir.
Əlbəttə, prezidentlər kimi biz bütövlükdə özəl qurumlara ancaq tövsiyə verə və öz fəaliyyətimizlə elə şərait yarada bilərik ki, qarşılıqlı biznes maraqları daha da artsın. Biz bunu etməyə çalışırıq. Ümid edirəm ki, bu biznes forumunun nəticələri yaxın vaxtlarda özünü göstərəcək və Polşa-Azərbaycan iqtisadi əlaqələri də sürətlə inkişaf edəcəkdir.
Qeyd etdiyim kimi, Azərbaycanda biz qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət veririk. Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Hazırda Azərbaycanda İnternet istifadəçilərinin sayı 50 faizə çatmışdır, gələn il biz birinci telekommunikasiya peykini orbitə buraxacağıq. Müxtəlif başqa sahələrdə də böyük planlarımız var.
Ancaq eyni zamanda, enerji sektoru da bizim üçün ənənəvi olaraq həmişə çox vacibdir və Polşa-Azərbaycan əlaqələrinin inkişafında neft-qaz sahəsindəki əməkdaşlıq mühüm yer tutur. Biz bu gün bu barədə də geniş fikir mübadiləsi apardıq. Əminəm ki, bizim şirkətlərimiz yaxın vaxtlarda bu sahədə yeni təşəbbüslər irəli sürəcəklər.
Azərbaycanın zəngin neft və qaz yataqları vardır, bunlar Azərbaycan xalqına xidmət edir. Eyni zamanda, bu resursların, bu sahədə layihələrin regional əməkdaşlığın dərinləşməsi üçün də böyük əhəmiyyəti var. Azərbaycan enerji siyasəti baxımından çox etibarlı tərəfdaşdır. Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq formatımız var və bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi haqqında” bəyannamə imzalanmışdır. Bizim qaz ehtiyatlarımızın hazırda təsdiq edilmiş səviyyəsi 2,2 trilyon kubmetrdir və bu imkan verir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan özünü və qonşu ölkələri, Avropa ölkələrini təbii qazla lazımi səviyyədə təmin edə bilər. Əlbəttə ki, bu sahədə də biz əməkdaşlığın dərinləşməsinə çalışırıq. Müəyyən nəticələr var və əminəm ki, biznes qurumları da bu işlərə fəal şəkildə qoşulacaqlar.
Bir daha demək istəyirəm ki, biz Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük əhəmiyyət veririk və özəl sektorun bu əlaqələrin inkişafında xüsusi rolu var. Mən bir daha əminliyimi ifadə etmək istəyirəm ki, bugünkü biznes forumu yaxın vaxtlarda gözəl nəticələrə gətirib çıxaracaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.