“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin iştirakçılarına və qonaqlarına
10 may 2018, 17:00
Əziz dostlar!
“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılışı münasibətilə Sizi ürəkdən salamlayıram. Bu sərgi görkəmli şəxsiyyətin, öz Vətəninin sədaqətli oğlunun, həqiqi vətənpərvərin anadan olmasının 95 illiyinə həsr edilib.
Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb. Son dərəcə mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin birləşdirilməsi üçün çox işlər görüb, xalqın həqiqi liderinə çevrilib.
Qeyd etməliyəm ki, Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü. Sevindirici haldır ki, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev bu kursu ləyaqətlə davam etdirir.
Bu genişmiqyaslı sərgi tarixçilərin, arxiv mütəxəssislərinin və dövlət nümayəndələrinin birgə səylərinin nəticəsidir. Sərginin hazırlanmasında iştirak edənlərin hamısına təşəkkürümü bildirmək, ekspozisiyanın ziyarətçilərinə isə parlaq, unudulmaz təəssüratlar arzu etmək istərdim.
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti.