Birinci vitse-prezident Mehriban Əliyeva Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri ilə görüşüb
27 aprel 2018, 14:45
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxundu, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyindən məmnunluğunu bildirdi. Ölkələrimiz arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirən Mehriban Əliyeva bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-Fransa parlamentlərarası əlaqələrinin mühüm rol oynadığını diqqət çatdırdı. Bildirdi ki, son illər ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilib. Birinci vitse-prezident iqtisadi əlaqələrə toxunaraq enerji sektorunda mövcud olan çox uğurlu əməkdaşlığı qeyd etdi, bununla yanaşı, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə qurulan əməkdaşlıqdan danışdı, Azərbaycanda bir çox Fransa şirkətlərinin uğurlu fəaliyyətini vurğuladı. Humanitar əlaqələrin əhəmiyyətinə toxunan Mehriban Əliyeva bu sahədə uğurlu əməkdaşlığın formalaşdığını bildirdi, humanitar əlaqələrin ölkələri, insanları bir araya gətirdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident Azərbaycan mədəniyyət günlərinin təkcə Fransanın paytaxtı Parisdə deyil, bu ölkənin digər şəhərlərində də uğurla keçirildiyini və böyük maraqla qarşılandığını xatırladaraq, eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən tədbirləri qeyd etdi. Mehriban Əliyeva Azərbaycanda Fransız liseyinin, Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırdı. “Bu sahədə çox işlər görülüb, amma yenə də potensial var”, - deyən Birinci vitse-prezident ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uper Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdən şərəf hissi duyduğunu söylədi. O, Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafının məmnunluq doğurduğunu dedi. Qonaq Mehriban Əliyevanın ölkəmizin Fransada təbliği üçün gördüyü işləri yüksək qiymətləndirdi, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxundu. Alen Uper son illər Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin münasibətlərin daha da inkişafına xidmət edəcəyini vurğuladı. Senator Azərbaycanın dünya üçün vacib ölkə olduğunu bildirdi.