Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib
25 aprel 2018, 14:50
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.
Dövlət başçıları iclasda çıxış ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı
-Əziz qardaşım, dəyərli nümayəndə heyətinin üzvləri.
Əvvəlcə, əziz qardaşım cənab İlham Əliyevə və dəyərli nümayəndə heyətinin üzvlərinə bir daha ölkəmizə “Xoş gəlmisiniz!” deyirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasının ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzu edirəm.
Cənab İlham Əliyevi prezident seçkilərindən sonrakı ilk rəsmi xarici səfərində Ankarada qonaq etməkdən məmnunluq hissi keçirirəm. Cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən də, inşallah, prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana edəcəyəm. Bunun bir ənənə halı alması da münasibətlərimizin müstəsnalığını açıq şəkildə ortaya qoyur. Zati-alinizin seçkilərdə qazandığı 86 faiz səs Azərbaycan xalqının Sizə olan etibarını nümayiş etdirdi. Bu etibar şübhəsiz ki, əsassız deyil. Prezident olduğunuz ötən 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəmdir. Qarşıdakı illərdə də Azərbaycanın uzaqgörən liderliyinizlə müstəqilliyindən bəri qət etdiyi yolu dəfələrlə artıracağına olan inamım tamdır.
Dəyərli nümayəndə heyətinin üzvləri, bir az əvvəl qardaşım Prezident İlham Əliyevlə keçirdiyimiz təkbətək görüşdə ikitərəfli münasibətlərimizin önəmini qeyd edərək, bundan sonra atılacaq addımlar haqqında fikir mübadiləsi apardıq. Eyni şəkildə nazirlərimiz də bir-biri ilə görüşərək öz planlarını müzakirə etdilər.
Aramızdakı qardaşlıq əlaqələrini real layihələrlə daha da gücləndirmək əzmindəyik. Ötən il açılışını etdiyimiz Bakı–Tbilisi–Qars dəmir yolu xətti bu mənada çox önəmlidir. Bu dəmir yolu xəttinin funksional və davamlı istifadəsi ilə bağlı gördüyümüz işlər davam edir. Bu işləri tez bir zamanda bitirməliyik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün əlimizdən gələni etməliyik. Transanadolu təbii qaz boru kəməri - TANAP prioritet layihələrimizdən biridir. Enerji sahəsindəki əməkdaşlığımızın zirvəsi olan bu layihənin açılışı, inşallah, bu ilin iyun ayında olacaq. Məlumdur ki, iyunun 24-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Ona görə, əgər açılışı iyunun əvvəllərində etsək, bu, həm Türkiyəyə, həm də dünyaya səs salacaq. Digər irihəcmli layihə olan Cənub Qaz Dəhlizi ölkələrimizlə yanaşı, bölgəmizə və Avropaya da rifah gətirəcək və enerji təhlükəsizliyinə çox böyük töhfə verəcək. Digər tərəfdən, “Star” neft emalı zavodunun da tikintisi tamamlanacaq. Beləliklə, Azərbaycan Türkiyəyə ən böyük sərmayə yatıran ölkə olacaq. Buna görə də şəxsən öz adımdan və xalqım adından Sizə təşəkkür edirəm. Məlum olduğu kimi, Türkiyənin Azərbaycanda lap əvvəldən neft sektorunda ən böyük investor olması təsadüfi deyil. Ancaq bunları qəti şəkildə kafi hesab etmirik və bu əməkdaşlığı daha da genişləndirmək üçün əlimizdən gələni edirik.
Bir neçə il əvvəl qarşıya qoyduğumuz ticarət hədəflərinə hələ ki, çata bilməmişik. Bunda qarşılıqlı münasibətlərimizdən asılı olmayaraq, dünyada baş verən qlobal iqtisadi hadisələrin də rolu var. Güzəştli ticarət sazişinin tezliklə imzalanması ticarətimizin bərabər rəqabət şərtləri çərçivəsində aparılması üçün çox böyük önəmə malikdir. Bu gün güzəştli ticarət sazişinin imzalanması ilə bağlı Anlaşma Memorandumunun imzalanacağından məmnunluq duyuruq.
Dəyərli qardaşım, dostluq və qardaşlıq əlaqələrimiz yalnız bu günün məhsulu deyil. Biz tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlətik. Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət edib. Qafqaz İslam Ordusunun 1918-ci ildə apardığı və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbaycanın müstəqilliyinin təməllərinin atılmasına da töhfə verib. Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhidlərinin də xatirəsini layiqli şəkildə yad etmək üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.
Biz Türkiyədə hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də qardaşlarımızın yanındayıq. Azərbaycanda da bu vəziyyət eynidir. Bu baxımdan FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmaları ilə mübarizəmizdə heç vaxt dəstəyini əsirgəməyən Azərbaycan xalqına xüsusilə təşəkkür edirəm. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatını həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı öz mübarizəsi hesab edib. Orada canını qurban verən şəhidlərimiz üçün duyduğunuz üzüntünü, qazandığımız uğurlara görə də keçirdiyiniz sevinc hisslərini də təqdir edirik. Biz də Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə öz problemimiz, orada yaşanan faciələri öz faciəmiz hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində təcili həlli ən böyük arzumuzdur. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan müzakirələr prosesini dəstəkləyirik. Ancaq bu prosesin 25 ildir münaqişənin həllində heç bir nəticə verməməsi və beynəlxalq təşkilatların müvafiq qərarlarının icra olunmaması yolverilməz haldır. Bu məsələdə Azərbaycana göstərdiyimiz dəstək bundan sonra da eyni qətiyyətlə davam edəcək.
Dəyərli qardaşım, Sizi və nümayəndə heyətinizi vəzifəyə yenidən seçildikdən sonra ilk rəsmi xarici səfərinizdə Türkiyədə qəbul etməkdən duyduğum məmnunluq hissini bir daha vurğulamaq istəyirəm.
Cənab Prezident, çıxış etmək üçün sözü Sizə verirəm, buyurun.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
-Çox sağ olun, əziz qardaşım.
Hörmətli Prezident, əziz dostlar.
İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.
Mən yenidən qardaş ölkədə olmağımdan çox məmnunam. Siz də qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra bu, mənim ilk xarici səfərimdir. Seçkilərdə qazandığım qələbə münasibətilə məni ilk təbrik edən də əziz qardaşım Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu təbrik bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir.
İki həftə bundan əvvəl seçkilər keçirildi. Bir həftə bundan əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumət tam formalaşdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşümüz olmuşdur. Biz bir çox məsələləri müzakirə etdik. Bu gün də geniş tərkibdə bu müzakirələri davam etdiririk.
Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli işində həmişə bizim yanımızda olmuşdur. Biz də öz növbəmizdə bütün məsələlərdə Türkiyənin yanındayıq. Hörmətli Prezidentin də qeyd etdiyi kimi, terrora qarşı mübarizədə, “Zeytun budağı” əməliyyatının aparılmasında həmişə Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qardaşlıq borcumuzdur. Bu qarşılıqlı dəstək və bu qədər güclü iş birliyi ölkələrimizi gücləndirir və bölgədə yeni vəziyyət yaradır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək.
Əlbəttə, bizi birləşdirən tarix, mədəniyyət, etnik köklər, dindir. Eyni zamanda, bu gün bizi birləşdirən ortaq maraqlardır. Hörmətli Prezidentin qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz layihələr artıq bizi gücləndirir və dünyada yeni vəziyyət yaradır.
Biz yaxın gələcəkdə TANAP-ın açılışını qeyd edəcəyik. Xatırlayıram ki, dörd il bundan öncə TANAP layihəsinin imzalanması mərasimi İstanbulda keçirilmişdir. Biz bu tarixi layihəni başa çatdırırıq. Bakı-Tbilisi-Qars dəmir yolu artıq fəaliyyətdədir. Bundan sonra biz çalışacağıq ki, yüklərin daşınması daha böyük həcmlə ölçülsün. Nəqliyyat və energetika sahəsində bizim iş birliyimiz bölgədə yeni vəziyyət yaradır.
Qarşılıqlı sərmayə qoyuluşu bizi sevindirir. Həm Türkiyə Azərbaycana, həm də Azərbaycan Türkiyəyə böyük sərmayələr qoyur və bu, bir daha bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir.
Mədəniyyət sahəsində, təhsil sahəsində gözəl əməkdaşlıq var. Müdafiə sənayesi sahəsində, müdafiə sahəsində əməkdaşlıq dərinləşir, birgə təlimlər keçirilir. Biz hörmətli Prezident ilə bugünkü görüşdə bu məsələyə də xüsusi diqqət yetirdik və qərara gəldik ki, həm ikitərəfli, həm də çoxtərəfli təlimlərdə birlikdə iştirak edək.
Biz Türkiyənin müdafiə sənayesinin məhsullarından bəhrələnirik. Türkiyə çox inkişaf etmiş müdafiə sənayesi yaratmışdır. Azərbaycan öz hərbi gücünü, o cümlədən Türkiyədən alınan silahlar hesabına artırır.
Bir sözlə, bizim əlaqələrimiz bütün sahələri əhatə edir və gündən-günə daha da güclənir. Əminəm ki, budəfəki səfərim və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası bizim əlaqələrimizə yeni nəfəs, yeni təkan verəcək. Qonaqpərvərliyə və hörmətə görə bir daha Sizə minnətdaram.