İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
23 aprel 2018, 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olundu.
Ötən il, eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini dedi. Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbriklərini dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır. Rusiyalı qonaq qeyd etdi ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğuladı.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.