İlham Əliyev Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olmuşdur
19 iyul 2011, 19:00
Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olmuşdur.
Məlumat verildi ki, ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində 7,5 hektarlıq bu ərazidə “Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında” Fərman imzalamışdı. Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və abadlaşdırılması ilə bağlı ardıcıl tədbirlər görülür. Dövlət başçısının “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılmışdı.
Prezident İlham Əliyev ərazidəki mövcud vəziyyətlə yaxından tanış oldu. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, burada əsaslı yenidənqurma və abadlaşdırma işləri aparılacaq, paytaxt sakinlərinin istirahəti üçün lazım olan şərait yaradılacaqdır.
Prezident İlham Əliyev parkda yenidənqurma işlərinin yüksək səviyyədə aparılması və burada Dədə Qorqudun abidəsinin ucaldılması barədə ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanın icrası ilə bağlı müvafiq göstərişlərini verdi.