Faiq Abdullayevdən, Səngəçal, Azərbaycan


19 iyul 2011, 19:10
Cənab Prezident,
Son illər Azərbaycanda aparılan quruculuq işləri bütün insanlara sevinc bəxş etmişdir. Bu gün Azərbaycanın istər regionları, istərsə də mərkəzi şəhərləri saatbasaat abadlaşır.
İnsanların çöhrəsindən sevinc duyulur. Şübhəsiz, bütün bu işlər Sizin siyasətinizin məntiqi nəticəsidir. Ot kökü üstə bitər deyiblər. Son illər Azərbaycanda aparılan bu böyük işlər, mərhum ulu öndər Heydər Əliyevin qoyduğu ənənənin davamıdır. Bu gün Azərbaycan anbaan gözəlləşir, ölkəmiz Avropaya inteqrasiya edir. Bir daha təkrar edirəm, bu işlərin təşkilatçısı və aparıcısı Sizsiniz.
Biz Qaradağ rayonu Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 2, 3 və 4-cü binaların sakinləri, yəni 135 ailə hamılıqla Sizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk.
Sizə ərz edim ki, binaların ətrafı tanınmaz dərəcədə gözəlləşmişdir, yollar təmir olunmuş, yeni asfalt döşənmişdir. İnanın, həyətdə oynayan uşaqların sevinclərini görəndə bir müəllim olaraq ürəyim dağa dönür. Səngəçal qəsəbəsində aparılan abadlıq işləri bütün insanların sevincinə səbəb olmuşdur. Halbuki əvvəllər uşaqlar məktəbə gedəndə tamamilə palçığa batırdılar. İllah da yağış yağanda yollar keçilməz olurdu. Çox şükür ki, bütün bu məsələlər öz həllini tapdı.
Cənab Prezident, axşam Bakıya yolumuz düşəndə elə bilirəm ki, dünyanın ən inkişaf etmiş ölkəsindəyəm. Bəli, Azərbaycan iri addımlarla irəliləyir.
Allah-Təala Sizə uzun ömür, cansağlığı bəxş etsin, uzun müddət Azərbaycana rəhbərlik edəsiniz. Bu bizim Səngəçal qəsəbəsi sakinlərinin ürək sözləridir. Bir daha qəsəbə sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Səngəçal qəsəbə sakinləri adından
Abdullayev Faiq Balağa oğlu.