İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib
18 aprel 2018, 16:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonu qəbul edib.
Dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Yukio Amano Prezident İlham Əliyev ilə inauqurasiya mərasimi günündə görüşməsinin əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi üçün çox mühüm tərəfdaş olduğunu qeyd edən Yukio Amano ölkəmizlə yüksək səviyyəli əməkdaşlıq həyata keçirildiyini, bir sıra mühüm layihələr üzrə birgə iş aparıldığını vurğuladı.
Təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Yukio Amanonun ölkəmizə səfərinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olmasından və bir sıra birgə layihələr üzərində işlərin aparılmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkəmizlə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.