İlham Əliyevin Silahlı Qüvvələrin birgə əməliyyat-taktiki təlimində hərbçilər qarşısında nitqi
24 iyun 2010, 14:01
Əziz hərbçilər!
Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, sizə xidmətinizdə uğurlar arzulayıram.
Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu, bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik, torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq və bu proses uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir.
Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artmışdır. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yəni, bir neçə il bundan əvvəl qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq.
Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacaqdır. Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilmişdir. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıbdır. Biz elə etməliyik ki, Azərbaycan Ordusu üçün, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq.
Son illərdə Azərbaycanda aparılan iqtisadi siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilir. Azərbaycanda son bir neçə il ərzində iqtisadi inkişaf dünya miqyasında ən yüksək templərlə ölçülür və bu, bizə imkan verir ki, həyatımızın bütün sahələrində lazımi tədbirləri görək.
Azərbaycanda nəinki hərbi büdcə, bütün başqa məsələlərin həlli üçün əlavə vəsait ayrılır. Büdcəmiz artdıqca bütün iqtisadi-sosial məsələlər həllini tapır. Ancaq biz, ilk növbədə, hərbi xərclərə daha da böyük diqqət göstərməliyik. İqtisadi gücümüz artdıqca, əlbəttə ki, ölkənin dünyadakı, bölgədəki mövqeləri də güclənir. Azərbaycan bu gün çox böyük hörmətə malik olan bir ölkədir və bölgədə mövqelərimiz möhkəmdir. Bölgədə aparılan işlər bizi qane edir. Bizim təşəbbüslərimizlə aparılan işlər Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Biz bölgənin gələcək inkişafı üçün də lazımi addımları atacağıq. Azərbaycanın iqtisadi qüdrəti artdıqca əlbəttə ki, ölkə qarşısında duran bütün vəzifələr daha da uğurla icra ediləcəkdir.
Keçən il və bu il dünyada hökm sürən maliyyə böhranı demək olar ki, Azərbaycandan yan keçdi. Çünki bizim tərəfimizdən atılan addımlar həm ölkəmizi, həm də əhalini bu acı fəsadlardan qoruya bilmişdir. Azərbaycan gələcəyə nikbinliklə baxan ölkədir, öz iqtisadi qüdrətini artırır. Mən şübhə etmirəm ki, biz həm iqtisadi, həm sosial, həm bütün siyasi məsələlərdə məqsədimizə nail olacağıq. Məqsədimiz ondan ibarətdir ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad etmək vəzifəsidir. Bilirsiniz ki, uzun illərdir, Ermənistan ilə Azərbaycan arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasında vasitəçilər öz rolunu oynayır. Ancaq buna baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıbdır. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət mövqeyini gücləndirən beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır. Demək olar ki, dünyanın bütün təşkilatları, aparıcı təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. Ancaq işğalçı dövlət bu qərarlara, bu qətnamələrə məhəl qoymur. Belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır. Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir.
Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir.
Biz son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərmişik və burada dediyim bəzi rəqəmlər sadəcə olaraq gördüyümüz işlərin cüzi bir hissəsidir. Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa etməkdir.
Yenə də deyirəm, biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Amma əgər bu, mümkün olmayacaqsa, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələr hazır olmalıdırlar ki, Ali Baş Komandanın əmri ilə öz doğma torpaqlarını azad etsinlər.
Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında qurulubdur. Ancaq biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu, bizim təbii haqqımızdır. Bir milyon Azərbaycan vətəndaşının elementar insan haqları pozulub. Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Dağlıq Qarabağdan və ətraf bölgələrdən yüz minlərlə Azərbaycan vətəndaşı qovulmuşdur. Nə vaxta qədər biz buna dözməliyik?
Bir daha demək istəyirəm ki, biz bütün imkanlarımızı səfərbər etməliyik və edirik. Həm siyasi, həm diplomatik səylərimizi gücləndirməliyik və gücləndiririk. İqtisadi potensialımızı böyük dərəcədə gücləndirmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasında iqtisadi potensial baxımından böyük uçurum vardır. Bu uçurum getdikcə dərinləşəcəkdir. Çünki bizim böyük imkanlarımız vardır. Ermənistan isə, sadəcə olaraq, xarici dairələrin köməyi hesabına yaşayır, öz hesabına yaşaya bilmir və getdikcə bu fərq daha da böyüyəcəkdir.
Biz hərbi gücümüzü artırmalıyıq və artırırıq. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bir daha demək istəyirəm ki, döyüş qabiliyyəti, peşəkarlıq, vətənpərvərlik ruhu, maddi-texniki bazanın möhkəmlənməsi, orduya dövlət tərəfindən göstərilən diqqət və hörmət – bütün bu amillər bizə imkan verəcək ki, doğma torpaqlarımızı işğalçılardan azad edək.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşamışlar, ermənilər oraya qonaq kimi gəlmişlər. Sadəcə olaraq, Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olmuşdur. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülübdür. Bu ad Sovet İttifaqı zamanında verilibdir. Dağlıq Qarabağ – Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarmışdır və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu, heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı vardır və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq.
Bugünkü təlimlər bir daha Azərbaycan Ordusunun, bütün Silahlı Qüvvələrin qüdrətini göstərir. Bugünkü təlimlər həm Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları tərəfindən birgə keçirilmişdir və biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı birləşmələr səfərbər olunacaqdır. Bu məqsədlə bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Təlimlər də çox uğurlu keçdi. Əlbəttə ki, təlimlərin ciddi təhlili veriləcəkdir. Buna bir az vaxt lazımdır. Amma ilkin təəssürat çox müsbətdir. Mən də gördüm ki, qarşıya qoyulan bütün vəzifələr icra edildi və Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq göstərmişlər.
Əziz hərbçilər, əsgərlər, gizirlər, zabitlər, generallar, sizi qarşıdan gələn böyük bayram – Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm, Vətən uğrunda xidmətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.