İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
09 aprel 2018, 11:00
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
-Hər il olduğu kimi, bu il də aprel ayının birinci ongünlüyündə biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. Mən ilin əvvəlində demişdim, əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun.
Bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir. Mən bu tədbirlər arasında VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forum qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir. Bunu təsdiqləyən həm Forumda müzakirə olunan məsələlərdir, həm də gələn qonaqların siyahısıdır. Bu dəfə Forumda 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Yəni, bu, Forumun əhəmiyyətini göstərir. Dünya liderlərinin Foruma göndərdikləri məktublar, əlbəttə, göstərir ki, bu Forum doğrudan da böyük beynəlxalq tədbirdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynayır.
Bizim təşəbbüsümüzlə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularımızla dördtərəfli əməkdaşlıq formatına start verildi. Əlbəttə ki, regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün bu əməkdaşlıq formatı və digər əməkdaşlıq formatları böyük rol oynayır. Bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu, çox önəmli beynəlxalq tədbirdir. Bildiyiniz kimi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Biz bu təşkilata 7 il bundan əvvəl üzv olmuşuq və qısa müddət ərzində təşkilatda böyük rəğbət və hörmət qazana bilmişik. Məhz bunun nəticəsidir ki, belə bir mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə keçirilir. Ondan da əlavə qeyd etmək istərdim ki, gələn ildən başlayaraq Azərbaycan dünyanın ikinci böyük təşkilatına sədrliyi öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür. Bu böyük təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir.
Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı bizim təşəbbüsümüzlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair önəmli qətnamə qəbul etmişdir. Bu dəfə də Bakıda keçirilmiş konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimiz, yəni, ədalətli mövqe bir daha təsdiqləndi.
Bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Deyə bilərəm ki, mən bütün görüşlərdə həmkarlarıma və görüşdüyüm şəxslərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini, münaqişə ilə bağlı həqiqətləri çatdırıram. Hər dəfə bildirirəm ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, işğalçı dövlət tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, torpaqlarımız işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. Bildirirəm ki, bütün beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən qərar və qətnamələr qəbul etmişlər və bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu görüşlərin və ümumiyyətlə, bu istiqamətdəki fəaliyyətimizin nəticəsi ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq. Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək.
Onu da qeyd etməliyəm ki, bizim fəaliyyətimiz nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Qətnamədə bu proqrama daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Bununla bərabər, biz münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasətimizi aparırıq və aparacağıq. İlk növbədə, siyasi yanaşmadan sonra hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir.
Bu il Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdir. Bu təlimlər bir daha bizim gücümüzü göstərdi, düşməni qorxuya saldı. Bilirik ki, bir neçə gün ərzində onlar panika içərisində idilər, səbirsizliklə gözləyirdilər ki, bu təlimlər başa çatsın. Yəni, bu, artıq reallıqdır, həqiqətdir. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və biz bundan sonra da hərbi potensialımızı gücləndirəcəyik.
Bununla paralel olaraq bizim demək olar ki, bütün regional addımlarımız, təşəbbüslərimiz həm ölkəmizin maraqlarının təmin edilməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda, işğalçı dövlətin təcrid vəziyyətinə salınmasına hesablanıbdır. Bütün bu amillər artıq birləşib və öz səmərəsini verməkdədir. Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, heç bir investisiya qoyulmur. Müqayisə üçün deyə bilərəm ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Ermənistan iqtisadiyyatına isə keçən il ümumilikdə 200 milyon dollardan bir qədər çox vəsait qoyulmuşdur, onun da böyük payı xaricdə yaşayan diaspor təşkilatlarının üzərinə düşür. Yəni, bu, müqayisəedilməz vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq. Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik. Biz istəyirik ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim üçün prioritet məsələdir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələnin həllinə nail olaq.
Əlbəttə, mən dəfələrlə demişəm, biz öz istəyimizə nail olmaq üçün daha da güclü olmalıyıq. Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Əlbəttə, belə olan halda iqtisadi siyasət ön plana çıxır. Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır və bu istiqamətdə birinci rübün yekunları çox müsbətdir. Mən keçən ilin sonlarında demişdim ki, 2017-ci il sabitləşmə ili olubdur. Hətta 2017-ci ildə qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci ilə gəldikdə, şübhəsiz qeyd edirdim ki, bu, uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübün yekunları, sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir. Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir.
Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir.
Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır.
Bizim xarici ticarət dövriyyəmiz 31 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. İxrac isə 37 faiz artmışdır, daha doğrusu, qeyri-neft ixracı. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. Bu da bizim siyasətimizin bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.
İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Artıq biz 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq. Əgər biz birinci rübün rəqəmlərini də əlavə etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.
Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə etməliyəm ki, inflyasiya birinci rübdə cəmi 4 faiz olmuşdur. Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır.
Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq. İnsanların sosial müdafiəsinin təmin edilməsi üçün praktiki addımlar atmışıq.
O ki qaldı, sosial infrastrukturun yaradılmasına, birinci rübdə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər tikilir. İlin əvvəlindən mənim tərəfimdən bu məsələlərin həlli üçün bir çox sərəncamlar verilmişdir. Yeni idman obyektləri, yeni “ASAN xidmət” mərkəzləri tikilir. Yəni, bu gün Azərbaycanda tikinti sektorunda böyük canlanma var. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində irəliləyiş var. Ümumiyyətlə, indi özəl sektora, tikinti sektoruna böyük vəsait qoyulur. Təkcə Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Onların bir çoxunun tikintisi başlamışdır. Bu, əlbəttə ki, tikinti sektoruna, tikinti materialları sektoruna müsbət təsir göstərir və yeni iş yerləri yaradır. Qeyd etməliyəm ki, biz bu il dövlət sektorunda da əlavə iş yerləri yaratmaq fikrindəyik. Həm dövlət qurumlarında, həm rayon icra hakimiyyətləri nəzdində yaradılan yeni qurumlar insanları işə cəlb edir. İctimai işlərə və dövlət şirkətlərində çalışmaq üçün cəlb edilənlərin sayını biz nəzərə alsaq, bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu addımı biz iki il bundan əvvəl atmağa başlamışıq, o dövrdə ki, dünya iqtisadi böhranı bizə müəyyən dərəcədə mənfi təsir göstərmişdir. Bəzi iş yerləri ixtisara düşürdü, bəzi özəl qurumlar işçiləri işdən azad edirdilər. Ona görə dövlət dərhal öz addımını atdı və biz on minlərlə ictimai iş yeri yaratmışıq və bu gün bu proses davam edir. Xüsusilə bölgələrdə olarkən mən daim ictimai işlərlə maraqlanıram. Bu, bölgələrdə işsizliyi aşağı səviyyədə saxlamaq üçün çox önəmli addımdır. Hər bir rayonda yüzlərlə insan ictimai işlərə cəlb olunur. Nəzərə alsaq ki, indi Azərbaycanda o qədər böyük quruculuq, təmir işləri aparılır - binaların təmiri, parkların salınması, o parklara xidmət məsələləri. Əsas məqsədimiz işsizliyi daim aşağı səviyyədə saxlamaqdır. Yəni, sosial məsələlərin həlli bilavasitə iqtisadi imkanlarımıza bağlıdır. Biz iqtisadi cəhətdən nə qədər güclü olsaq, sosial məsələlər də o qədər uğurla öz həllini tapacaqdır.
Birinci rübdə bütün infrastruktur layihələri uğurla icra edilib. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı çox önəmli addımlar atmışıq. Fevral ayında Bakıda 4-cü Məşvərət Şurası keçirilmişdir. Bu Məşvərət Şurasında aparılan müzakirələrin nəticəsində bəyanat qəbul edilmişdir. Bu sənəddə ölkəmizin liderliyi bir daha əksini tapır. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Biz bu istiqamətdə uğurla addımlayırıq. Bu il bu layihənin 3 önəmli hissəsi başa çatacaq - TANAP, Cənubi Qafqaz Kəməri və “Şahdəniz-2”. Yəni, bu, tarixi nailiyyətimizdir və biz bu il bu istiqamətdə önəmli addımlar atmışıq.
Bu il nəqliyyat sektorunda əldə edilmiş razılaşmalar da, - onlar əslində əvvəlki illərdə görülmüş işlərin əsasında əldə edilibdir, - Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına gətirib çıxaracaq. Onun çatışmayan hissəsinin tikintisinə təkan verildi. Bildiyiniz kimi, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri tamamlayıb. Bundan sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılacaq ki, sürət daha da artsın. Amma bizim bütün dəmir yolu infrastrukturu - şimal və cənub sərhədlərimizi birləşdirən dəmir yolu vardır. Vəsait qoyulub və indi biz bu məsələyə regional baxımdan ciddi diqqət göstəririk. Birinci rübdə bu istiqamətdə çox önəmli addımlar atılmışdır.
Ölkəmizdə ümumi inkişaf dinamikası çox müsbətdir. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Əgər biz əvvəlki illəri də nəzərə alsaq görərik ki, bu dinamikada ardıcıllıq vardır. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər.
Bir sözlə, birinci rübün yekunları müsbətdir. Əlbəttə ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər öz həllini tapıb. Bir giriş sözümdə onların hamısını əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas məsələlər ətrafında fikirlərimi xalqa bildirdim. Azərbaycan xalqı bilir ki, Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantıları həm praktiki məsələlərin həllinə xidmət edir, eyni zamanda, bu, görülən işlər haqqında xalqa verilən hesabatdır.
X X X
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba RZAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malik olduğundan, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə energetika kompleksinin inkişafına xüsusi diqqət yetirirdi. Cənab Prezident, müəyyənləşdirilmiş strateji kurs bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilir.
Aparılan islahatlar nəticəsində iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, elektroenergetikanın sürətli inkişafı təmin edilib, yeni tikilən müasir tipli elektrik stansiyaları hesabına generasiya gücləri 2400 MVt-a qədər artırılaraq 6400 MVt-a çatdırılıb. Nəticədə ölkəmiz daxili enerji tələbatını ödəməklə yanaşı, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
Energetika sahəsində müəyyən etdiyiniz uğurlu strategiyanın davamı olaraq yaradılmış “Azərişıq” tərəfindən “Paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması və inkişaf etdirilməsi məqsədilə 2016-2025-ci illər üzrə Master Plan” hazırlanaraq təsdiqlənib və icrası Sizin dəstəyinizlə uğurla davam etdirilir.
Ötən illər ərzində 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiyalar və 5 mindən çox transformator məntəqəsi inşa olunub, 54 min kilometr hava və kabel xətti çəkilib, 1 milyon 600 mindən artıq müasir tipli elektron sayğaclar quraşdırılıb.
Görülmüş tədbirlər nəticəsində regional şəbəkələrdə xroniki hal almış ifrat yüklənmələr, qəza açılmaları minimuma endirilib, şəbəkələrin güc qəbuletmə qabiliyyəti iki dəfədən çox artırılıb, istehlakçıların, xüsusən də meqalayihələrin və mötəbər beynəlxalq tədbirlərin stabil enerji təchizatı təmin olunub.
Texniki itkilər Bakı şəhəri üzrə 7,8 faizə, regionlar üzrə 11,4 faizə, endirilməklə, “Azərişıq” üzrə 9,6 faiz təşkil edib. Enerji haqlarının yığımı Bakı şəhəri üzrə 99 faizə, regionlarda 87 faizə yüksəldilməklə, “Azərişıq” üzrə 93 faizə çatdırılıb. “Azərenerji”yə ödənişlər 100 faiz təmin olunub, vergi və büdcə ödənişləri artıqlaması ilə icra edilib.
Qoyulmuş investisiyalar nəticəsində uçotun bərpa olunması və itkilərin xeyli dərəcədə azaldılması hesabına cəmiyyətin gəlirləri artıb və paylayıcı şəbəkələrin yenidən qurulmasına qoyulan investisiyalar qısa müddət ərzində özünü tam doğruldub.
Bakı şəhəri üzrə şəbəkələrdə ifrat yüklənmələrin və sıçrayışların aradan qaldırılması məqsədi ilə 220 kv-luq beş qovşaq yarımstansiyasının əlaqələndirilməsi üçün 6 ədəd 110 kV-luq və 43 ədəd 35 kV-luq yarımstansiyalar tikilərək dairəvi elektrik təchizatı sxemi yaradılıb, hava xətləri kabel xətləri ilə əvəz olunub və güc mərkəzləri SCADA sisteminə qoşulub.
Bakı şəhərinin inkişafına uyğun gözlənilən güc artımının təmin olunması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 2 min ədəd 10 kV-luq transformator məntəqələri inşa edilib, 29 min kilometr elektrik xətləri çəkilib. Dövlət proqramlarının icrası ilə bağlı gücü 2600 MVt-dan çox olan iri layihələrin, xüsusən də pilot layihələr üzrə yeni yaşayış komplekslərinin inşası, Bakı Metropoliteninin yeni stansiyalarının tikintisi, “Ağ Şəhər” layihəsinin davamı, Füzuli meydanı və ətraf ərazidə aparılan yenidənqurma işləri və digər sahələrin enerji təminatı məqsədi ilə yeni 110 və 35 kV-luq yarımstansiyaların tikintisi və şəbəkələrin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
Sizin təşəbbüsünüz olan “Ağ Şəhər” layihəsi Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ən böyük layihələrdən biridir. Sizin dəstəyinizlə “Ağ Şəhər” layihəsi üzrə enerji təminatı ilə bağlı işlərin 60 faizi yekunlaşıb, ən müasir paylayıcı elektrik şəbəkəsinin qurulması təmin olunub. Hazırda layihənin növbəti mərhələsi üçün hazırlıq işləri davam etdirilir.
Füzuli meydanı ətrafı və “Sovetski” adlanan ərazidə inşa ediləcək çoxsaylı binaların, yol infrastrukturunun enerji tələbatının ödənilməsi üçün əlavə güc mənbəyi olmadığından, bir ədəd 110 kV-luq yarımstansiyanın və 110 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Bu məqsədlə torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri hazırlanaraq müvafiq razılıqlar alınıb. Sizin müvafiq göstərişinizə əsasən tikinti işlərinə başlanılacaq.
Cənab Prezident, “Regionların inkişafına dair 2014-2018-ci illər üzrə Dövlət Proqramı” və qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda irimiqyaslı tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının və meliorativ tədbirlərlə bağlı enerji təchizatının yaxşılaşdırılması üçün 5 ədəd 110 kV-luq, 17 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 110 kilometrdən çox elektrik xətləri çəkilib və 450 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Bu sahədə işlər davam etdirilir.
Pambıqçılığın inkişafı ilə əlaqədar Bərdə rayonunda keçirilən müşavirədə tədarük və emal müəssisələrinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı Sizin verdiyiniz göstərişlərin icrası üçün təxirəsalınmaz tədbirlər görülür. Yarımstansiyaların gücü artırılır, elektrik xətləri təmir olunur. Görüləcək işlər çox olduğundan Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlarla birgə təkliflər hazırlanır.
Bundan əlavə, 10 ədəd aqroparkın şəbəkələrə qoşulması təmin olunub, Hacıqabul rayonunda 110 kV-luq “Qarasu” və 4 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 26 kilometr 2 dövrəli 110 kV-luq və 100 kilometr 35 kV-luq elektrik verilişi xətləri çəkilib. Bu məqsədlə Şəmkir və Tovuz rayonlarında 110 kV-luq, Samux və Goranboy rayonlarında 35 kV-luq yarımstansiyalar inşa edilib, 66 kilometrdən çox 35 kV-luq ikidövrəli hava xətləri çəkilib.
Texnoparkların və Sənaye məhəllələrinin enerji təchizatı üçün ardıcıl tədbirlər həyata keçirilir. Cənab Prezident, açılışını etdiyiniz 110 kV-luq “Neftçala” yarımstansiyası istehlakçıların keyfiyyətli enerji təchizatını təmin etməklə yanaşı, ərazidə yaradılan Texnoparkın, avtomobil, alətlər və pivot suvarma sistemləri zavodlarının enerji tələbatını tam ödəyəcək və əkin sahələrinin suvarılma sistemlərinin genişləndirilməsinə təkan verəcək.
Cəbhəyanı ərazilərdə yaşayan əhalinin enerji təchizatının yaxşılaşdırılması üçün Tərtər rayonunda bir ədəd 35 kV-luq, Cəbrayıl rayonu ərazisində 35 kV-luq “Cocuq Mərcanlı” və Qazax rayonunda 110 kV-luq “Daş Salahlı” yarımstansiyaları tikilib. Bundan əlavə, Tərtər rayonunda bir ədəd 110 kV-luq yarımstansiyasının tikintisi davam etdirilir.
Kənd təsərrüfatının və sahibkarlıq obyektlərinin enerji təchizatının yaxşılaşdırılması üçün Gəncə şəhərində və Qax rayonunda 2 ədəd 110 kV-luq və 5 ədəd 35 kV-luq yarımstansiyalar inşa edilib. Hazırda Lənkəran, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdaş, Sabirabad və Cəlilabad rayonlarında əlavə 8 ədəd 110 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. İşlərin cari ilin may-avqust aylarında yekunlaşdırılması nəzərdə tutulur.
Cənab Prezident, Sizin müvafiq Sərəncamınızla “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilmiş Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir-bərpa işləri aparılır. Almaniyanın bu sahədə ixtisaslaşmış “Berlin VİND” şirkətinin mütəxəssislərinin rəyinə görə, həmin qurğuların ən yaxşı halda 18 aya istismara verilməsi bildirilsə də, tərəfimizdən ciddi tədbirlər görülməklə işlərin cari ilin avqustunda başa çatdırılması planlaşdırılır.
“Azərişıq” tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 12 növ xidmət göstərilir və bu məqsədlə “ASAN xidmətlə iş” idarəsi yaradılıb. İdarənin əsas vəzifəsi sahibkarlıq subyektlərinin şəbəkəyə qoşulmasını qısa müddətdə təmin etmək, investisiya reytinqini müəyyən edən “Doing Business” hesabatlarında ölkəmizin reytinqini yüksəltməkdir.
Bildirmək istəyirəm ki, şəbəkəyə qoşulmalar əvvəllər 7 prosedur keçməklə 64 gün ərzində mümkün idisə, hazırda prosedurlar 3-ə endirilib və qoşulmalar 24 gün müddətində təmin olunur.
Ötən müddət ərzində əməkdaşlarımızın iş şəraitinin yaxşılaşdırılması məqsədilə ən müasir texniki avadanlıqlarla təchiz olunmuş 29 ədəd ofis binası inşa edilib və işçilərin orta aylıq əməkhaqqı 320 manatdan 710 manatadək artırılıb.
Möhtərəm cənab Prezident, Azərbaycan xalqı bilir ki, iqtisadiyyatımızın bütün sahələrinin, o cümlədən energetikanın inkişafı, əldə olunan nailiyyətlər şəxsən Sizin gərgin əməyiniz, uzaqgörən siyasətiniz, vaxtında qəbul etdiyiniz qərarlar və bu sahəyə göstərdiyiniz xüsusi diqqət və dəstək nəticəsində mümkün olub. Təkcə 2017-ci ildə və cari ilin birinci rübündə səkkiz ədəd yarımstansiyanın, iki ədəd Avtomatik İdarəetmə və Nəzarət mərkəzlərinin açılışlarında şəxsən iştirakınız elektroenergetika sahəsinə olan xüsusi qayğınızın göstəricisi olmaqla yanaşı, biz energetiklərin məsuliyyətini daha da artırır.
İcazə verin, çıxış üçün mənə söz verdiyinizə və elektroenergetikanın inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə bütün energetiklər adından Sizə öz təşəkkürümü bildirim.
Azərbaycan energetikləri adından Sizi əmin edirəm ki, göstərdiyiniz bu yüksək etimadı əməli işimizlə daim doğruldacaq, qarşımıza qoyduğunuz vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var qüvvəmizlə çalışacağıq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz HÜSEYNOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident, Sizin rəhbərliyinizlə davam etdirilən məqsədyönlü siyasət kommunal xidmətlər sahəsində, o cümlədən içməli su təchizatı və kanalizasiya sektorunda kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olub. Azərbaycan Respublikası regionlarının, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində dayanıqlı və keyfiyyətli su mənbələri, içməli su təchizatı və kanalizasiya sistemləri yaradılıb, içməli su problemindən əziyyət çəkən kənd və qəsəbələrdə layihələr icra edilib.
Tapşırıqlarınıza uyğun olaraq, ölkə ərazisində 30-dan çox içməli su mənbələri tikilərək istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və digər lokal mənbələr Azərbaycan vətəndaşlarının sağlam həyatı baxımından ən böyük töhfələrdir.
Su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı ümumilikdə 630 min nəfər olan 520 kənddə də layihələr icra edilib.
Cənab Prezident, 2017-ci il 17 mart tarixli Sərəncamınıza uyğun olaraq, respublikanın 28 rayonunun 170 kəndində başlanmış işlər bu ilin birinci rübündə tam başa çatdırılıb, 530 kilometr magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Ötən il imzaladığınız sərəncamlara əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Abşeron yarımadasının 18 qəsəbəsində başlanılmış işlər bu ilin yanvarında başa çatdırılıb.
Son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min kilometrdən çox magistral və paylayıcı su, 3500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian və subartezian quyusu qazılıb, 5 minə yaxın çoxmənzilli yaşayış binasının daxili kommunikasiya xətləri yenilənib. Görülmüş işlərin real nəticəsi olaraq, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 67 faizi, Bakı şəhəri üzrə isə 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir.
İcra olunan layihələr çərçivəsində su şəbəkəsi ilə paralel kanalizasiya infrastrukturu, eyni zamanda, ekoloji tarazlığın təmin olunması və turizmin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan tullantı sutəmizləyici qurğular inşa olunur. Müqayisə üçün bildirim ki, sovet dövründə regionlarda cəmi 6 şəhərdə mexaniki tipli tullantı sutəmizləyici qurğu fəaliyyət göstərirdisə, yeni layihələrdə hər bir şəhərin bioloji tipli qurğulara çıxışının təmin olunması nəzərə alınıb. Artıq 11 şəhərdə tullantı sutəmizləyici qurğular tikilərək istismara verilib, daha 7 şəhərdə, eləcə də Pirşağı qəsəbəsi yaxınlığında qurğuların inşası davam etdirilir. 10-dan çox şəhərdə isə qurğuların tikintisinə hazırlıq görülür.
Xəzər dənizinə axıdılan tullantı sularının qarşısının alınması üçün 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası başa çatdırılıb, Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası həyata keçirilib. Bununla da Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə tullantı sularının dənizə axıdılmasının qarşısı alınıb.
Bakı şəhərində və Abşeron rayonunda səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib, 30 kilometr yağış-kanalizasiya kollektorları inşa olunub və bu ünvanlarda problemlər həll edilib. Layihə çərçivəsində Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində yaradılmış infrastruktur su səviyyəsinin tənzimlənməsinə imkan yaradıb.
İstifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə tapşırıqlarınıza uyğun olaraq, Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min hektar sahəni suvarma suyu ilə təmin edən iki layihə həyata keçirilib. Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42 kilometr uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin olunub. Qeyd etmək istəyirəm ki, əkin sahələrinin suvarılmasına tələb olunan əlavə 5 kubmetr/saniyə su Kür sutəmizləyici qurğular kompleksindən verilir.
Möhtərəm Prezident, “Su həyatdır, təmiz su sağlam həyatdır” fikrinizi rəhbər tutaraq içməli suyun keyfiyyət göstəricilərini daim diqqətdə saxlayırıq. Tapşırığınıza uyğun olaraq, beynəlxalq standartlara uyğun yaradılmış Mərkəzi Laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb. Halbuki əvvəllər bu parametrlər cəmi 39 idi. Beynəlxalq akkreditasiyadan keçən və dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu səriştəlilik proqramlarına qoşulan Mərkəzi Laboratoriyada aparılan analizlərin nəticələri müvafiq beynəlxalq təşkilatlar və laboratoriyalar tərəfindən tanınır. Bu təcrübədən istifadə etməklə hazırda respublika üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq mümkün olsun.
Fəaliyyətimizin əsas istiqamətlərindən biri də istehlakçılara göstərilən müştəri xidmətlərinin səviyyəsinin yüksəldilməsi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə etməklə, müştəri məmnunluğunu təmin etməkdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, “Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” fərmanınızdan irəli gələn tələblərə uyğun olaraq, 11 elektron xidmət hazırlanaraq vətəndaşların istifadəsinə verilib. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan əlavə beş elektron xidmət müştərilərin işini daha da asanlaşdıracaq. Ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biri olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2017-ci ilin birinci rübündə 27 min müraciət daxil olmuşdusa, cari ilin analoji dövründə bu rəqəm 111 minə çatıb. Başqa sözlə, ötən ilin birinci rübündə elektron müraciətlər ümumi müraciətlərin 12 faizini, 2018-ci ilin müvafiq dövründə isə 30 faizini təşkil edib.
Cənab Prezident, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyiniz tapşırıqlara uyğun olaraq, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq.
Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq.
Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, möhtərəm Prezident, Sizin tövsiyənizlə 2018-ci ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da bu il başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq.
Bu il içməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə yeni layihələrin icrası nəzərdə tutulur. Sizin tapşırığınızla kənd və qəsəbələr üzrə kompleks araşdırmalar davam etdirilir və işlər yekunlaşdıqdan sonra təkliflər ali diqqətinizə təqdim olunacaq.
Möhtərəm cənab Prezident, çıxışımın sonunda su sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə kollektivimiz adından Sizə dərin minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, səhmdar cəmiyyətin kollektivi qarşımızda qoyduğunuz tapşırıqların yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir NURİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Müasir Azərbaycan Respublikası bu gün inkişafının ən yüksək mərhələsini yaşayır, vətəndaşlarının təhlükəsizliyinin, yüksək rifah halının və rahat yaşayışının təmin olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf strategiyasının Sizin, möhtərəm Prezident, rəhbərliyiniz altında müvəffəqiyyətlə reallaşdırılması ölkəmizdə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli iqtisadi sistemin qurulmasını təmin edir, əhalinin həyat səviyyəsinin yüksələrək qlobal standartlara çatdırılmasını sürətləndirir. Həyata keçirdiyiniz uzaqgörən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayandığına görə sosial məsələlərin həlli daim Zati-alilərinizin diqqət mərkəzindədir. Hər il olduğu kimi, 2018-ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq qalıb.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr də ölkəmizdə sosial sahənin inkişafına mühüm töhfələr verməkdədir. Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə əhalisinin layiqli həyat keyfiyyətinin təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş müxtəlif proqram və layihələrin həyata keçirilməsi onun humanist missiyasının və Azərbaycan dövlətinin sosial siyasətinin daim güclənməsinin daha bir göstəricisidir.
İqtisadiyyatın dinamik artımında inşaat sektorunun payı olduqca böyükdür. Eyni zamanda, iqtisadiyyatın bu sahəsinin inkişafı sosial məsələlərin də həllində mühüm rol oynayır, yeni iş yerlərinin yaradılmasını təmin edir, rəqabətin artması, tikinti materialları bazarının canlanması və müasir texnoloji həllər sayəsində inşa olunan mənzillərin əlyetərliliyini də artırır.
Dünyada cərəyan edən proseslərin yeni çağırışlarına uyğunlaşmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən geniş iqtisadi islahatlar çərçivəsində 2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikilməsi və həmin binalardan müxtəlif sosial təbəqələrdən olan aztəminatlı, gənc ailələrə güzəştli şərtlərlə mənzillərin əldə edilməsi üçün imkanların yaradılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu vəzifələri layiqincə yerinə yetirmək məqsədi ilə, ilk növbədə, Agentliyin yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyəti formalaşdırıldı, zəruri inzibati məsələlər həll olundu. Agentlik tərəfindən güzəştli mənzillərin tikintisi sahəsində mövcud olan dünya praktikası öyrənildi, Türkiyə, Sinqapur, Almaniya, Rusiya və bir çox digər ölkələrin bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumlarının strukturu və iş prinsipləri təhlil edildi. Bu təcrübə nəzərə alınaraq Azərbaycanda sosial mənzillərin tikintisi işinin təşkil olunmasına başlanıldı.
Bununla paralel olaraq, ilk layihələrin qısa müddət ərzində reallaşdırılmasını təmin etmək məqsədilə Zati-alilərinizin tapşırığına əsasən Agentliyə Bakı şəhərinin əvvəlcə Yasamal rayonunda sahəsi 11,6 hektar, daha sonra isə Suraxanı rayonunun Hövsan qəsəbəsində 20 hektar torpaq sahələri ayrıldı. Ayrılmış torpaq sahələrində, 2016-cı il dekabrın 24-də Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyuldu.
Möhtərəm Prezident, Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər iki təməlqoyma mərasimində şəxsən iştirakınız bizim üçün böyük şərəf olmaqla yanaşı, aztəminatlı ailələrin mənzil-məişət problemlərinin həlli məsələsinə böyük həssaslıqla və diqqətlə yanaşmağınızın əyani təzahürüdür. Eyni zamanda, Agentliyə göstərdiyiniz bu yüksək etimad bizi ruhlandırır, qarşımızda qoyduğunuz vəzifələrin yerinə yetirilməsində məsuliyyətimizi daha da artırır.
29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır. Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir.
Möhtərəm Prezident, tapşırığınıza uyğun olaraq güzəştli mənzil komplekslərində sakinlərin rahat yaşayışı üçün tələb olunan bütün şərait yaradılır. Hər bir layihədə yaşayış binaları ilə yanaşı, orta təhsil məktəbi, uşaq bağçası, ticarət, məişət və ictimai-iaşə obyektlərinin yerləşdirilməsi öncədən planlaşdırılır. Beynəlxalq təcrübə göstərir ki, sosial mənzil layihələrinin düşünülmüş şəkildə mövcud yol-nəqliyyat infrastrukturuna inteqrasiyası onların uğurlu olmasını şərtləndirir. Zati-alilərinizin təşəbbüsü ilə Bakı dairəvi avtomobil yolunu və Şərifzadə küçəsini birləşdirəcək yeni dördzolaqlı yolun çəkilməsi Yasamal Yaşayış Kompleksinin gələcək sakinləri üçün çox önəmli rol oynayacaq. Həmin yol paytaxtın hər bir istiqamətinə nəqliyyatın çıxışının asanlaşdırılmasını və ictimai nəqliyyatın marşrutlarının optimallaşdırılmasını təmin edəcək.
Hörmətli cənab Prezident, işimizdə rəhbər tutduğumuz əsas sənədlərdən biri olan “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən olunan əsas hədəflərdən biri güzəştli mənzil təminatı sisteminin maliyyə dayanıqlılığının təmin edilməsidir. Bunun üçün dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə Yasamal Yaşayış Kompleksi layihəsi çərçivəsində 3 investisiya müsabiqəsi keçirilib. Müsabiqələrdə qalib gəlmiş şirkətlərlə təşkil olunan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının inşasına, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin tikintisinə yönəldiləcək. Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.
Agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq. Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir. İlk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır.
Qeyd olunan yaşayış komplekslərinin tikintisi ilə paralel olaraq, Agentlik növbəti layihələrin reallaşdırılması üçün də zəruri addımlar atır. Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı. Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır. Bununla yanaşı, Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir. Agentlik növbəti layihələr üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işini davam etdirir.
Möhtərəm Prezident, Sizin qarşımızda qoyduğunuz məqsədlərdən biri də Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb.
Ötən müddət ərzində 8200 nəfərə yaxın vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
Bununla yanaşı, vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasına kömək göstərmək məqsədilə müvafiq “ASAN xidmət” mərkəzlərində əməkdaşlarımız tərəfindən xidmət göstərilir.
Bir neçə gün bundan əvvəl kütləvi informasiya vasitələrində Agentlik tərəfindən ilk 260 mənzilin satışı ilə bağlı elan yerləşdirilib. Təsdiqlənmiş qaydalara uyğun olaraq, mənzillərin güzəştli şərtlərlə satışı elan dərc edildikdən bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə başlanacaq. Satış dünya praktikasında geniş tətbiq olunan “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçiriləcək. Belə ki, satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edəcək.
Satışa çıxarılacaq güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb.
Möhtərəm cənab Prezident, ölkə vətəndaşlarının mənzil-məişət problemlərinin həlli məsələsinə və Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyiniz davamlı qayğı və diqqətə görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi bir daha əmin edirik ki, bundan sonra da qarşımızda qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söylədi.
Prezident İlham Əliyevin yekun nitqi
-Mən əvvəlki çıxışlarda qeyd etdiyim kimi, 2017-ci il Azərbaycanda çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu islahatlar bu il də davam etdirilir. Biz birinci rübdə əldə etdiyimiz göstəricilərlə fəxr edə bilərik. Bunlar doğrudan da Azərbaycanın uğurlu inkişafını əks etdirən göstəricilərdir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik və islahatları davam etdirməliyik.
Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin. Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə, bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi və bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin. Bu məqsədlərə nail olmaq üçün bir çox məsələlər gündəlikdədir. Onlardan biri biznes mühitinin yaxşılaşdırılması məsələsidir. Bu istiqamətdə son illər ərzində yaxşı nəticələr var və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir, daha da yüksək pilləyə qalxır. Ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirməliyik, xüsusilə bizi geriyə çəkən məsələlərdə daha da ciddi addımlar atmalıyıq və bunu edirik. “Doing Business” reytinqi dərin təhlil əsasında hazırlanır və bizim bu istiqamətdə əldə etdiyimiz uğurlar və nöqsanlar ciddi təhlil edilir.
Ona görə, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaqdır. Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir.
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində son illər atılan addımlar böyük təqdirə layiqdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə 35-ci yerə yüksəlməyimiz tarixi nailiyyətdir. Biz bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biriyik və haqlı olaraq bununla fəxr edirik. Ancaq onu da bilməliyik ki, Davos reytinqlərinə digər ölkələr də çox böyük diqqətlə yanaşırlar. Bildiyimə görə, bir çox ölkələr çalışırlar ki, öz vəziyyətlərini daha da yaxşılaşdırsınlar. Ona görə, bu gözəl rəqəm bizi ancaq növbəti addımların atılmasına sövq etməlidir.
Azərbaycan inkişafda olan ölkələr arasında inklüziv inkişaf baxımından üçüncü yerdədir. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bir çox böyük iqtisadi imkanları olan ölkələrdən biz öndəyik, baxmayaraq ki, müstəqil ölkə kimi cəmi 26 ildir yaşayırıq. Ona görə, bu aparıcı beynəlxalq qurumlar tərəfindən tərtib edilmiş bu reytinqlər bizim uğurlu siyasətimizi əks etdirir. Ancaq biz, yenə də deyirəm, əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Biz daim və daim inkişaf etməliyik. Biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar atmalıyıq.
Bu kompleks tədbirlər apardığımız siyasətin nəticəsidir. Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır. Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılır. Yəni bu, bir daha bizim siyasətimizin uğurlu olduğunu göstərir ki, vaxtilə verilmiş 2 milyard manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə xidmət göstərir.
Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir. Bir daha demək istəyirəm ki, biz sahibkarlığın inkişafına kompleks şəkildə yanaşırıq. İnstitusional islahatlar aparılır və aparılacaq, sahibkarlara maliyyə resursları, metodik tövsiyələr verilir, dövlət tərəfindən kənd təsərrüfatı texnikası alınır, subsidiyalar verilir, meliorativ tədbirlərə böyük vəsait xərclənir ki, kənd təsərrüfatı üçün daha yaxşı imkanlar yaradılsın.
Yol infrastrukturu, digər infrastruktur, elektrik enerjisi, içməli su, qaz xətləri - görülən bütün bu işlər vətəndaşlara və eyni zamanda, sahibkarlara xidmət göstərir. Ona görə, növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir. Mən onların arasında xüsusilə investisiya təşviqi mexanizmini qeyd etmək istərdim. Biz bu mexanizmin tətbiqinə bu yaxınlarda start vermişik və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilibdir. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilmişdir, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaqdır. Görün nə qədər əlavə məhsul istehsal ediləcək və bu məhsul rəqabətqabiliyyətli məhsul olacaqdır. Çünki bütün bu məsələlərə dövlət qurumları çox diqqətlə yanaşırlar. Əminəm ki, bu məhsulun böyük hissəsi ixracyönümlü məhsul olacaqdır. Ona görə, bax, bir istiqamətdə aparılan islahat görün nə qədər böyük xeyir verir. Ona görə, mən deyəndə ki, islahatlar dərinləşməlidir, bu, sadəcə olaraq, söz deyil, bunun arxasında çox ciddi proqramlar dayanır. İnvestisiya təşviqi, ixracın təşviqi mexanizmləri artıq işə düşüb və sahibkarlar bundan da faydalanırlar. Biz dünyada mövcud olan ən mütərəqqi praktikanı Azərbaycana gətirməliyik, sınaqdan keçirməliyik və tətbiq etməliyik.
Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda sənaye istehsalı artır. Son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olsa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı. Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, 2 faiz artmışdır, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, bir daha demək istəyirəm ki, bizim siyasətimizi əks etdirir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.
Hesab edirəm ki, sənaye zonalarının, sənaye parklarının yaradılması artıq gözəl nəticələr veribdir. Bizim bir neçə sənaye zonamız artıq fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkı, Neftçala, Mingəçevir sənaye zonaları artıq fəaliyyətdədir. Keçən ilin sonunda Sumqayıtda 4 müəssisə açılıb, 3 müəssisənin təməli qoyulub. Bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək iki nəhəng zavod işə düşəcəkdir – “SOCAR Polymer” və azot gübrələri zavodları. Bu zavodların tikintisinə, ümumiyyətlə, 2 milyard dollara yaxın vəsait qoyulub. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 17 rezident var. Ümumiyyətlə, oraya qoyulacaq investisiyaların həcmi 2,8 milyard dollardır. Baxın, əgər biz vaxtilə Sumqayıt Kimya Sənaye Parkını yaratmasaydıq, bu vəsaitlər də qoyulmayacaqdı - 2,8 milyard dollar və investisiya təşviqi sənədində 2,3 milyard manat. Bax, bu vəsaitlər sahibkarların əlində qalacaqdı, yaxud da ki, indi bu vəsaitin əlbəttə, böyük hissəsi kredit resurslarıdır, o götürülməyəcəkdi, investisiya qoyulmayacaqdı və sənaye inkişafı da mümkün olmayacaqdı.
Biz indi bir çox bölgələrdə oxşar zonalar yaradırıq. Mən onların arasında Mingəçevir Yüngül Sənaye Parkını xüsusi qeyd etmək istəyirəm. Mingəçevir şəhəri böyüyür və əhali artır. Mingəçevirdə iş yerləri ilə bağlı problemlər mövcud idi, bu gün də bu problemlər var. Bu şəhərin ətrafında kənd təsərrüfatı sahələri yoxdur. Ona görə, Mingəçevir ancaq sənaye və turizm şəhəri kimi inkişaf etməlidir. Bu istiqamətdə çox önəmli addımlar atılıbdır - infrastrukturla, yollarla, içməli su ilə və digər məsələlərlə, o cümlədən yeni iş yerlərinin yaradılması ilə bağlı. Bu il Mingəçevir Yüngül Sənaye Parkında 2 böyük müəssisə, iplik fabrikləri açılıbdır. Bu iplik fabrikləri bu günə qədər Azərbaycanda yaradılmış iplik fabriklərinin yarısını təşkil edir. Burada iyirmi min ton iplik istehsal ediləcək, onun böyük hissəsi ixrac olunacaq. Ən azı 700-750 nəfər işlə təmin ediləcəkdir. Yəni, Mingəçevir Yüngül Sənaye Parkı artıq fəaliyyət göstərir və biz növbəti aylarda yeni müəssisələrin yaradılması ilə bağlı təkliflər gözləyirik.
Bu il sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində biz bu yaxınlarda avtomobil zavodunun açılışını qeyd etmişik. Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il 10 min avtomobil istehsal edən zavodun açılışı olmuşdur. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər.
Bizim statistikamıza görə, bu ilin birinci rübündə idxal olunan avtomobillərin sayı kəskin artmışdır. Bu, əlbəttə, iqtisadi canlanmanın təzahürüdür, onu göstərir ki, vətəndaşlarda indi əlavə maliyyə imkanları yaranıbdır, kəskin artıbdır. Bu, özlüyündə müsbət göstəricidir, ancaq bu, o deməkdir ki, valyutamızın xaricə köçürülməsi də kəskin artıbdır. Ona görə, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır. Əminəm, vətəndaşlar da görəcəklər ki, bu avtomobillər yüksək standartlara cavab verir və qiymət də xaricdən gətirilən avtomobillərlə müqayisədə daha münasibdir.
Bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir. Bu da bizim müştərək əməkdaşlığımızın təzahürüdür. Biz indi fermerləri “Gəncə-Belarus” traktoru ilə təmin edirik. Bu traktorlara çox böyük maraq var. Mən bölgələrdə, tarlalarda olarkən maraqlanıram və bütün fermerlər bu traktorları çox yüksək qiymətləndirirlər. Əgər vaxtilə bu zavod yaradılmasaydı, bu traktorları istehsal etməsəydi, həmin texnikanın hamısını biz xaricdən alası olacaqdıq və nə qədər pul xərcləyəcəkdik. İndi isə biz həm ixrac edirik, həm də üçüncü ölkələrdə “Gəncə-Belarus” traktorlarının istehsalına başlayırıq. Bax, bu nəticələr deməyə əsas verir ki, yaranmaqda olan Hacıqabul, Masallı və Sabirabad sənaye zonalarının fəaliyyəti də uğurlu olacaq.
Kənd təsərrüfatı ilə bağlı mən giriş sözümdə dedim, artım 4,2 faizdir, yaxşı göstəricidir, xüsusilə bitkiçilikdə. Bunun böyük hissəsi pambığın istehsalı ilə bağlıdır. Biz növbəti illərdə əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələlərinə daha böyük diqqət yetirməliyik, xüsusilə taxılçılığa və heyvandarlığa. Biz ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atmışıq və bir çox müşavirələr keçirilibdir. Taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir. Bilirəm ki, dövlətin dəstəyi ilə və özəl qurumların fəaliyyəti nəticəsində buğda əkini genişlənir, yeni əkin sahələri dövriyyəyə çıxarılır, suvarma işləri təmin edilir. Bu sahəyə çox ciddi diqqət göstərilməlidir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam təmin edə bilək. Biz indi ət, süd məhsulları ilə özümüzü təqribən 80-90 faiz səviyyəsində təmin edirik, amma buğda ilə təminat sahəsində bu rəqəm daha aşağıdır. Ona görə, növbəti illərdə bu sahəyə və eyni zamanda, quş ətinin istehsalına daha böyük diqqət yetirilməli və investisiyalar qoyulmalıdır.
Ümid edirəm və əminəm ki, yaradılmaqda olan 45 aqropark bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək. Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq. İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni, yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik.
Kənd təsərrüfatı texnikasının alınması prosesi bundan sonra da davam etdiriləcəkdir. Bu il bu məqsədlər üçün 160 milyon manat nəzərdə tutulur, ən azı 5 min texnika gətirilməlidir. Keçən il 10 min texnika gətirilmişdir, amma bu proses davam etməlidir. Çünki bizim hələ köhnədən qalan texnikamız kifayət qədər çoxdur, sıradan çıxan var. Biz texnika parkımızı tam müasirləşdirməliyik. Biz dünyanın aparıcı istehsalçılarının texnikasını gətirməliyik. Əslində, bunu edirik.
İndi təhlil aparmaq üçün bizdə daha geniş imkanlar var. Çünki “Azexport” portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir. Əvvəllər marketinqi xarici bazarlarda aparmaq üçün bizim belə imkanımız yox idi. Bu işlər daha çox kor-təbii görülürdü. Amma “Azexport” portalının əhəmiyyəti ondadır ki, həm yerli istehsalçılar öz məhsulları barədə məlumatları bu saytda yerləşdirirlər, həm də xaricdən sifarişlər gəlir. Təhlil apararkən görürük, bəzən elə sifarişlər gəlir ki, biz o sifarişləri tam yerinə yetirə bilmirik. Bu, dövlət qurumlarına və sahibkarlara yol göstərir ki, həmin sahələr inkişaf etməlidir. Əlbəttə, çox istərdim ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesi daha sürətlə inkişaf etsin. Mövcud inkişaf bizi qane edə bilməz. Düzdür, son vaxtlar bir çox konserv və şirə istehsalı zavodları işə düşüb. Əlbəttə, bu, bizim potensialımızı əks etdirmir. Ancaq 400 hektarda yaradılacaq istixanaların məhsulu, onun bir hissəsi, yaxşı olar ki, böyük hissəsi Azərbaycanda emal olunsun və ixrac edilsin. Bizim indi kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən pomidor ixracıdır. Ancaq əgər burada yeni emal müəssisələri yaranarsa, biz hazır məhsul ixrac edərik və hazır məhsula, deyə bilərəm ki, daha böyük tələbat və daha az rəqabət var. Ona görə hesab edirəm ki, biz kənd təsərrüfatı emalı sahəsində səylərimizi gücləndirməliyik. Biz son vaxtlar daha çox istehsala üstünlük verirdik və kreditlər verilirdi. Bu ildən başlayaraq, çox ciddi konkret plan tərtib edilməlidir – hansı bölgələrdə, hansı emal müəssisələri, konserv, şirə zavodları açılsın.
Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik. Mən bir müddət bundan əvvəl tapşırıq vermişdim ki, üzümçülüklə, şərabçılıqla bağlı olan məsələlər ciddi təhlil edilsin. Çünki mövcud vəziyyət bizi heç cür qane edə bilməz. İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni, şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni, istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə, bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir. Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik? Yenə də deyirəm, yeni üzüm bağları salınır, şərab istehsalı artır, xarici bazarlara çıxır, amma bu, bizim çox gözəl ixrac məhsulumuz olmalıdır.
Son illərdə pambıqçılıqla bağlı görülən işlər bu sahənin bərpasına, dirçəlməsinə gətirib çıxarmışdır. Bir neçə dəfə zona müşavirələri keçirilmişdir və burada əsas məsələ işsizliyin aradan qaldırılmasıdır. Pambıqçılıqda 200 minə yaxın insan, yəni, bu günə qədər işsiz olan insan işlə təmin edilib. Biz satınalma qiymətini artıraraq tarlalarda işləyənlərin rifah halını yaxşılaşdırırıq. Əlbəttə ki, əgər pambıqçılığa belə güclü təkan verilməsəydi, Mingəçevir Yüngül Sənaye Parkının yaradılmasına da ehtiyac qalmayacaqdı. Çünki indi xaricdən pambıq alıb burada emal etmək heç bir iqtisadi səmərəyə uyğun gəlmir. Ona görə, pambıqçılığın inkişafı, ilk növbədə, sosial məsələdir, sosial təşəbbüsdür və tədarükçü şirkətlər, fermerlər, yerli icra orqanlarının nümayəndələri bunu bilsinlər ki, pambıqçılıq həm də yerli istehsala təkan verir, ixracı artırır. Biz keçən il 207 min ton pambıq tədarük etmişik, 2015-ci ildə isə cəmi 35 min ton. Mən sonuncu müşavirədə də demişəm, pambıqçılıq bundan sonra da ancaq məhsuldarlığın artırılması hesabına inkişaf etməlidir.
Son vaxtlar bizim tövsiyəmizi nəzərə alaraq, sahibkarlar zeytunçuluğa böyük diqqət göstərirlər, yeni bağlar salınır və dövlət kömək göstərir, su xətləri çəkir. Bu da çox gözəl ixracyönümlü məhsulumuz olacaq. Dünya bazarlarında zeytun yağına çox böyük tələbat var. Dünyada cəmi bir neçə ölkə bu yağı istehsal edir. Azərbaycan da onların arasında yer tutmalıdır, həm daxili bazarı təmin etməlidir, həm ixrac etməlidir.
Meyvə bağları genişlənir. Çayçılıq, çəltikçilik, fındıqçılıq, baramaçılıq, sitrus meyvəçiliyi, tütünçülük və digər sahələri inkişaf etdirmək üçün bir neçə müşavirə keçirilmişdir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm vətəndaşlar bilsinlər ki, görülən işlər necə səmərə verir. Tütünçülük. 2015-ci ildə cəmi 1300 hektarda tütün əkilmişdisə, 2018-ci ildə bu, 3300 hektara çatacaq. Tütünü biz indi ixrac edirik. Bu, ixracyönümlü məhsuldur. Fermerlər yaxşı pul qazanırlar. İndi dövlət qurutma kameraları alır. Azərbaycanda tikilməkdə olan siqaret fabriki də bu tütünü alacaq, siqaret hazırlayacaq və ixrac edəcək, idxaldan asılılığı azaldacaq. Barama istehsalı. 2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona qalxdı. Bu il biz təqribən 450-500 ton barama gözləyirik. İlk növbədə, bu da mənim üçün sosial layihədir. Çünki kümçülər indi az müddətdə - 30-40 gün ərzində böyük vəsait qazanırlar və Şəki ipək kombinatında yüzlərlə insan işlə təmin edilir. Əgər bu il biz 450-500 ton barama tədarük etsək, əminəm, Şəki ipək kombinatı, ola bilər ki, ilboyu fasiləsiz işləsin və xammal da kifayət qədər olacaq. Yüzlərlə insan Şəkidə işlə təmin edilir və bir çox rayonlarda pul qazanır.
Bildiyiniz kimi, fındıqçılıq bizim üçün ənənəvi sahədir və pomidor ixracından sonra kənd təsərrüfatında ikinci valyuta gətirən sektordur. Biz burada da çox ciddi işlər apardıq. Bu işlərə 2015-ci ildən başladıq, 2016-cı ildə fındıq bağlarının sahəsi 40 min hektara çatdırıldı. Bu il isə fındıq bağlarının sahəsi 67 min hektara çatacaq. Yəni, görün, biz fındıq bağlarının sahəsini nə qədər artırmışıq. Bu, fermerlər üçün çox böyük gəlir mənbəyi olacaq, ölkəmizə də valyuta gətirəcək. Ancaq bu da son hədd deyil. Mənim vaxtilə müəyyən etdiyim rəqəmə əminəm ki, biz gələn il çatacağıq. Çünki bu il və gələn il 16 min hektarda yeni fındıq bağları salınacaq. Beləliklə, Azərbaycanda 80 min hektardan çox sahədə fındıq yetişdiriləcək və fındıq istehsalına görə biz dünyanın üçlüyünə daxil ola bilərik.
Bütün bu işlər verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, sahibkarlara həm dəstək vermək, həm də yol göstərmək lazımdır. Bir çox hallarda onlar passivlik göstərirlər, təşəbbüs göstərmirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa belə tənbəllik edirlər. Gözləyirlər ki, kimsə gəlib onların qapısını döyəcək, onların məhsulunu alacaq. Onlar özləri getməlidirlər, bazarları axtarmalıdırlar, kontraktlar imzalamalıdırlar, təmaslar qurmalıdırlar. Biz hətta xarici ölkələrin televiziyalarında kənd təsərrüfatı məhsullarının reklamını da dövlət hesabına edirik. Onu da etmirlər. Yaxşı, indi bir az hərəkətə gəlsinlər. Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir. Ona görə biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, bax, 2,8 milyard dollar, 2,3 milyard manat qoyulmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı, yalnız pambıqçılıqda 200 min insan işlə təmin olunmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır.
Mən giriş sözümdə qeyd etdim ki, turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik. Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaqdır. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.
O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın.
Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır. Mən bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın. Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar.
Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik.
Bu il 3 “ASAN xidmət” mərkəzi açılır. Onlardan biri fevral ayında Mingəçevir şəhərində istifadəyə verilib. Digər iki mərkəz isə Şəki və İmişli şəhərlərində açılacaq. Daha 5 mərkəzin tikintisi ilə bağlı göstəriş verilmişdir. Onlar gələn il açılmalıdır. Beləliklə, gələn ilin sonuna qədər bizdə 20 “ASAN xidmət” mərkəzi olacaqdır.
Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun da həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. ABAD mərkəzlərində rəqabətqabiliyyətli məhsullar yaradılır. Mən dövlət şirkətlərinə göstəriş vermişdim və özəl şirkətlərə tövsiyə etmişdim ki, bu sahəyə diqqət göstərsinlər. Bu proses artıq başlamışdır.
Bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək. Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaqdır. Kifayət qədər vəsait var. Sadəcə olaraq bu işlər düzgün təşkil edilməlidir ki, ehtiyacı olan insanlara pul qazanmaq üçün vasitələr verilsin.
Bu il infrastruktur layihələri ilə bağlı bizim planlarımız çox böyükdür. İlin sonuna qədər ölkəmizdə qazlaşdırma 95 faizə çatmalıdır. “Şimal-2” elektrik stansiyasının tikintisi başa çatmalıdır. Bu, bizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Biz indi elektrik enerjisini qonşu ölkələrə ixrac edirik. Bizdə çox gözəl ixrac potensialı yaradılıbdır. Ölkə daxilində bütün tələbat tam təmin edilir. Ancaq baxmalıyıq ki, bundan sonra bizə ümumiyyətlə nə qədər generasiya gücləri lazımdır. Ölkəmizin inkişafını, əhalinin artımını, sənayeləşmə prosesini nəzərə almalıyıq. Yəni, böyük inkişafı nəzərə alaraq baxmalıyıq ki, beş ildən, on ildən sonra bizə daxili istehlak üçün nə qədər elektrik enerjisi lazım olacaq. Bununla paralel olaraq, biz xarici bazarları təhlil etməliyik ki, beş ildən, on ildən sonra xarici bazarlara nə qədər enerji ixrac edəcəyik. Buna görə də addımlarımızı atmalıyıq ki, yeni stansiyalar tikilməlidir, yoxsa biz mövcud olan stansiyalarla kifayətlənməliyik? Biz mütləq alternativ enerji mənbələri yaratmalıyıq - külək, günəş, su elektrik stansiyaları tikməliyik. Yəni, bu sahədə çox ciddi təhlil aparılmalıdır və mənə təqdim edilməlidir.
İçməli su ilə bağlı layihələr uğurla gedir. Demək olar ki, bütün şəhərlərdə bu işlər ya icra edilib, ya da ki, icradadır. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki indi Bakı şəhərinin 80 faizdən çoxu 24 saat içməli su ilə təmin edilir. Əlbəttə ki, bu rəqəm 100 faiz olmalıdır. Əminəm ki, biz buna da çatacağıq. Bütün bölgələrdə, bütün şəhərlərdə bu layihələr icra edilir, kəndlərin böyük hissəsində də daim diqqət mərkəzində olmalıdır.
Bu il meliorativ tədbirlər nəzərdə tutulur. Üç yüzdən çox subartezian quyusu qazılmalıdır. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara suyun verilməsi təmin edilməlidir.
Bu il 2 min kilometr uzunluğunda yeni yollar salınacaq, həm magistral, həm şəhərlərarası, həm də kənd yolları. Onlardan biri Sumqayıt-Rusiya sərhədi yoludur. Yeni yoldur, mövcud yola paralel olacaq və bölgənin inkişafı üçün şərait yaradacaq. O bölgənin turizm potensialı çox gözəldir. Orada sahilboyu turizm obyektləri yaradıla bilər. Altı yüzdən çox kənd yolu salınacaq. Beləliklə, 2004-cü ildən başlayaraq bu ilin sonuna qədər salınacaq yolların ümumi uzunluğu 15 min kilometrə çatacaq.
Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır. Burada koordinasiya işləri aparılmalıdır. İndi Bakıda yeni yollar salınır, tunellər tikilir. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq. Olimpiya Stadionu ilə üzbəüz yeni tunel tikilir. Bu da tıxacların aradan qaldırılması üçün çox önəmlidir. Böyükşor gölü üzərindən yeni genişzolaqlı yol tikilir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli layihədir. Biz Böyükşor gölünün bir hissəsini təmizlədik. İndi qalan hissənin təmizlənməsi nəzərdə tutulur. Bakıda dairəvi dəmir yolu tikiləcək. Bu məqsədlər üçün bu ilin investisiya proqramında 100 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, şəhər üçün çox rahat nəqliyyat vasitəsi, Bakıətrafı qəsəbələrin inkişafı və orada yaşayan insanların rahatlığı üçün çox önəmli layihə olacaq. Metro tikintisi müəyyən fasilədən sonra indi bərpa edildi.
Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə baxmalıyıq. Avtobusların alınması nəzərdə tutulur, dayanacaqlar, işıqforlar, metro, şəhərətrafı dəmir yolu, taksi dayanacaqları. Yəni, Bakı şəhərinin nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır ki, paytaxt nəqliyyatı dünyanın aparıcı şəhərlərinin səviyyəsində olsun. Biz indi metro vaqonları, avtobuslar, taksilər alırıq. Ancaq koordinasiya zəifdir. Ona görə bu məsələyə mütləq çox ciddi diqqət göstərilməlidir.
Nəqliyyat sektoru ilə bağlı qeyd etməliyəm ki, bu il biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışını qeyd edəcəyik. İndi Ələt limanı fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi məhz Ələt limanında olmuşdur. Ancaq yaxın gələcəkdə birinci faza tam başa çatacaq. Xəzər dənizinin 15 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük ticarət limanı Azərbaycanda – Ələtdə tikilir.
Giriş sözümdə qeyd etdiyim kimi, biz Azərbaycanı nəqliyyat qovşağına çeviririk. Açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir. Bakı-Tbilisi-Qars artıq reallıqdır. Əminəm ki, hər il bu yolla daşınan yüklərin həcmi kəskin artacaq. Şimal-Cənub nəqliyyat dəhlizini də biz qonşu ölkələrlə birlikdə reallığa çeviririk. Qeyd etməliyəm ki, bütün nəqliyyat layihələrimizin uğurlu həyata keçirilməsinin səbəbi həm bizim iradəmiz, təşəbbüsümüzdür, eyni zamanda, qonşu ölkələrlə sıx münasibətlərimizdir. Çünki tranzit ölkə, əgər hansısa ölkə tranzit ölkə olmaq istəyirsə, o, mütləq qonşularla sıx əlaqədə olmalıdır. Qonşularsız heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz.
Biz indi Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə ciddi məşğuluq. Onun çatışmayan hissəsi, o cümlədən Azərbaycan tərəfinin iştirakı ilə reallaşacaq. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallıqdır. Biz indi mövcud olan dəmir yolu infrastrukturumuzu modernləşdirməliyik ki, sürət daha da artsın. Çünki Azərbaycan ərazisindən çox böyük yüklər daşınacaq.
Sosial infrastrukturla bağlı bu il bir neçə şəhərdə, - daha dəqiq desəm, - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan, Goranboy şəhərlərində yeni mərkəzi rayon xəstəxanalarının açılışı nəzərdə tutulur. Füzuli və Qəbələ şəhərlərində xəstəxanaların tikintisi davam etdiriləcək. Onların açılışı gələn il nəzərdə tutulur.
Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək. Bu məktəblərin tikintisi demək olar ki, bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin problemini həll etmiş olacaq. Bakı şəhərində isə yay aylarında ondan çox məktəb əsaslı təmir ediləcək.
Bu il beş milyondan çox insan yenə də tibbi müayinədən keçir. Bu da Azərbaycan reallığıdır. Azərbaycan dövləti bu xidməti vətəndaşlara təmin edir. Əlbəttə ki, bizim bütün bölgələrdə mövcud olan müasir tibb ocaqları belə imkanları yaradır. Bu, yenə də bizim sosial siyasətimizin göstəricisidir. Hazırda Azərbaycanda dörd Olimpiya İdman Mərkəzi tikilir. Onlardan ikisi bu il istifadəyə verilməlidir.
Məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcəkdir. Bu il ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə - yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq.
Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. “Şahdəniz-2” layihəsinin icrası 99 faizdir. Cənubi Qafqaz Kəməri 96 faiz, TANAP 92 faiz. Yəni, bu layihələrdə Azərbaycan aparıcı rol oynayır. Biz, eyni zamanda, TAP layihəsinin səhmdarıyıq. Orada isə Azərbaycanın icra səviyyəsi 68 faizdir. Yəni, Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu reallığı biz yaratmışıq və bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir.
Gələn ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Mən bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişəm. İlin əvvəlindən biz bu gözəl tarixi qeyd edirik. Bu tarixə nəzər salarkən görürük ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır. Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir.
Mən şübhə etmirəm ki, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik. Sağ olun.