İlham Əliyev “bp-Azərbaycan” şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul etmişdir


14 iyul 2011, 18:00
Prezident İlham Əliyev “bp-Azərbaycan” şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul etmişdir.
bp ilə Azərbaycan arasında uzun illər davam edən uğurlu əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın qarşılıqlı etimad prinsipinə əsaslandığını vurğuladı. Dövlət başçısı ötən dövr ərzində bp ilə birgə həyata keçirilən layihələrin dünya miqyasında tanındığını bildirərək, bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini söylədi.
Rəşid Cavanşiri yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə onun ölkəmizin ən yüksək dövlət mükafatlarından olan “Şöhrət” ordeninə layiq görüldüyünü bildirdi və ordeni yubilyara təqdim etdi.
bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin böyük əhəmiyyətindən danışan Rəşid Cavanşir bp-Azərbaycan əməkdaşlığının strateji xarakter daşıdığını vurğuladı və təmsil etdiyi şirkətin ölkəmizdəki fəaliyyətinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək dəyərləndirdi. O, Azərbaycan Respublikasının yüksək mükafatı ilə təltif olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.