İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib
04 aprel 2018, 16:05
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momanini qəbul edib.
Mohammad əl-Momani İordaniya Kralı II Abdullah ibn Al Hüseynin Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırdı. Qonaq qeyd etdi ki, ölkəsi Prezident İlham Əliyevin liderliyinə, Azərbaycana və Azərbaycan xalqına dərin rəğbət hissi ilə yanaşır. İordaniyada ölkəmizin əldə etdiyi uğurların maraqla izlənildiyini deyən Mohammad əl-Momani Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir nümunə ölkə olduğunu bildirdi.
İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasında olan şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizdə böyük rolunu qeyd edən Mohammad əl-Momani İordaniya Kralı tərəfindən Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı göstərişlər verildiyini dedi. Azərbaycanın Qoşulmama Hərəkatı nazirlər konfransına ev sahibliyini yüksək qiymətləndirən İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani bu tədbirə dəvətə görə minnətdarlığını ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynlə şəxsi dostluq əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğuladı. İordaniyanın Azərbaycana dost ölkə olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə yaxşı münasibətlərin olduğunu qeyd etdi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarından istifadə edilməsinin vacibliyini vurğuladı. Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı nazirlər konfransının əhəmiyyətinə toxundu və Azərbaycanın Qoşulmama Hərəkatına qarşıdan gələn sədrliyi illərində ölkələrimizi maraqlandıran məsələlərlə bağlı uğurlu əməkdaşlıq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.