İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib
03 aprel 2018, 10:55
Prezident İlham Əliyev Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.
Maria Fernanda Espinosa Qarses Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarını Prezident İlham Əliyevə çatdırdı və Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakından məmnunluğunu ifadə etdi. Qonaq Azərbaycanın misli görünməmiş dərəcədə inkişafa nail olduğunu qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə çox mühüm bir mövqeyə malik olmasının önəmini vurğuladı. O qeyd etdi ki, Ekvador Azərbaycan ilə ikitərəfli münasibətləri möhkəmləndirməkdə maraqlıdır. İqtisadi əməkdaşlıqdan danışan Maria Fernanda Espinosa Qarses Ekvadorun da neft ixrac edən ölkə olduğunu vurğulayaraq bir çox sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Dövlətimizin başçısı Ekvador Respublikasının xarici işlər naziri Maria Fernanda Espinosa Qarsesin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edərək, bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzvlüyə səsvermə zamanı Ekvadorun ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini qeyd etdi.
Söhbət zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador Prezidentinə çatdırmağı xahiş etdi.