Bakıda Azərbaycan-İran biznes forumu keçirilib
29 mart 2018, 10:20
Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhanini qarşıladı.
Biznes forumdan əvvəl Neftçala Sənaye Məhəlləsi və burada yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə layihəsi olan avtomobil zavodu barədə videoçarx nümayiş olundu.
Avtomobil zavodu ilə videobağlantıda “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov dedi:
-Möhtərəm cənab prezidentlər.
Sizi Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Xəzər” avtomobil zavodundan salamlamaqdan böyük şərəf hissi duyuruq.
Dəyəri 15 milyon ABŞ dolları və səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsus olan avtomobil zavodunda İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.
X X X
“İran Khodro” şirkətinin baş icraçı direktoru Haşem Yekke Zarə dedi:
- Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevi və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhanini salamlayıb hörmət və ehtiramımı bildirirəm. İftixar hissi ilə qeyd edirəm ki, bu gün “Xəzər” avtomobil istehsalı müəssisəsi açılır. Bu müəssisə ilkin mərhələdə - ildə 10 min avtomobilin istehsalı ilə işə başlayacaq. Sonrakı fazada avtomobillərin istehsalının 15 minə çatdırılması planlaşdırılır. Yaxın gələcəkdə isə 50 min avtomobilin istehsalı nəzərdə tutulub. İstehsal olunan avtomobillər yerli və xarici bazarlarda satılacaqdır. Bu avtomobillər qabaqcıl texnologiya və “Avro 5” standartlarına uyğundur. İnşallah, Azərbaycanda bu avtomobillərin satışı həyata keçiriləcəkdir. Belə qərara gəlmişik ki, bu avtomobillərin hissələrinin istehsalını da təşkil edək və Azərbaycanın özəl sektorunun sərmayə qoyuluşu ilə bununla əlaqədar şirkət yaradaq. Burada buraxılacaq avtomobillər Azərbaycanda hazırlanacaq hissələrin hesabına istehsal olunacaq.
X X X
Emin Axundov: Möhtərəm cənab prezidentlər, “Xəzər” avtomobil zavodunu işə salmaqla bizə böyük şərəf vermiş olarsınız.
X X X
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basdılar.
Dövlət başçılarına videoçarx əsasında bu müəssisənin fəaliyyəti və istehsal prosesi barədə məlumat verildi.
Zavodda istehsal edilmiş ilk avtomobil nümayiş olundu. Bildirildi ki, avtomobil beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.
Sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olundu. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verildi.
Daha sonra biznes forum işə başladı.
Dövlət başçıları forumda nitq söylədilər.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli cənab Prezident Həsən Ruhani.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Prezident Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatır. Tam əminliklə demək olar ki, səfər çox uğurlu keçib və səfərin çox gözəl nəticələri vardır.
İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün belə sürətlə inkişaf etməsi bizi çox sevindirir.
Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır.
Biz dünən ticarət əlaqələrinin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Hesab edirik ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var.
Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaqdır.
Hesab edirəm ki, biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik, bunu edirik. Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaqdır. Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, - çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək, - eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq. Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik. 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilmişdir. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilmişdir. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər.
Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə. Burada əlbəttə ki, həm regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək müzakirə olunur, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır.
Nəqliyyat sahəsində. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə, yaxşı gəlir gətirəcəkdir.
Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab Prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb.
Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir.
Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilibdir. Bunu biz etmişik, özü də qısa müddət ərzində.
Mən bir daha həmkarıma, cənab Həsən Ruhaniyə Azərbaycana göstərdiyi diqqətə, xoş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır və biz hamımız bunun şahidi olacağıq. Sağ olun.
Prezident Həsən Ruhaninin nitqi
-Çox şadam ki, Novruz bayramı günlərində mən və məni müşayiət edən nümayəndə heyəti mehriban, qonşu və qardaş Azərbaycan xalqının qonağıyıq. Bu günlər həm Novruz günləri, həm də Həzrəti Əlinin doğum günü ərəfəsinə təsadüf edir. Bizim Əli ibni Talibə olan məhəbbətimiz və Novruza olan baxışımız, xalqlarımızın dini, tarixi və adət-ənənələri baxımından nə qədər yaxın olduğunu göstərir. İki xalqın bir-birinə olan bağlılığı, qardaşlığı bizim dostluğumuz, yoldaşlığımız, əməkdaşlığımız və gələcək fəaliyyətlərimiz üçün möhkəm əsas olmaqla xalqlarımızın xeyrinə və bölgənin mənafeyinə xidmət edir. Baxıb görürəm ki, soyuq qışda yaşıllıq toxumunu səpəriksə və baharı xatırlayarıqsa, baharda nə qədər çəmənliyin, gülzarlığın olacağını müşahidə edə bilərik.
Mənim Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevlə ilk görüşüm 2013-cü ilin qışında olub. Bu gün bizim 11-ci görüşümüz isə 2018-ci ilin baharında keçirilir. Əminliklə müşahidə edirik ki, o soyuq qış ayında bir-birimizlə görüşdüyümüz zaman elə sözlər dedik və qərarlar qəbul etdik ki, həmin baharı görək. Bu gün iki xalq arasında bahar, yaşıllıq və çiçəklənən əlaqələrin şahidiyik. Yalnız sərhəd şəhərləri, sərhəd bölgələri iki ölkə arasında səmimi münasibətlərin inkişafının şahidi deyil, təkcə, Azərbaycan və İran xalqları buna sevinmir, bizim əlaqələrimiz bütün bölgənin və dünyanın xeyrinədir. Bizim əməkdaşlıqla bağlı nailiyyətlərimiz bölgə və dünya üçün konstruktiv olacaqdır. Biz bu gün iki xalq və iki dövlət arasında ən yaxşı əlaqələrin şahidiyik.
Mən ötən illəri xatırlayıram, cənab Prezidentlə keçən illəri yada salıram. Bu diyara, bu torpağa ilk səfərim 30 il əvvəl olubdur. Keçmiş Sovet İttifaqı dövründə bura səfər etmişəm. Sonra hazırkı Prezidentin atası, mərhum Prezident Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycana bir neçə səfər etmişəm. Son illərdə Azərbaycana etdiyim səfərlər zamanı həm Sizin ölkənin inkişafının və həm də iki xalqın və iki dövlətin bağlılığının, çiçəklənməsinin şahidi olmuşam. Azərbaycana budəfəki səfərimdə tarixi əhəmiyyət daşıyan qərarların qəbuluna nail olduq. Bu qərarlar gələcək illərdə iki ölkənin xalqları üçün daha aydın olacaqdır. O gün ki, yüklər Bəndər Abbas limanından, ya İmam limanından və ya Çarbahar limanından gəmilərdən vaqonlara yüklənəndə və bu qatar İranın cənub suları bölgəsindən İranın şimalına, yəni, Astaraya çatanda və sonra Azərbaycan ərazisindən Gürcüstana, Rusiyaya, Türkiyəyə istiqamətlənəndə, Şimali və Şərqi Avropaya yönələndə və yaxud da ki, Çin tərəfə istiqamət alanda, o gün daha aydın olacaqdır ki, Şimal-Cənub nəqliyyat dəhlizinin və Rəşt-Astara dəmir yolunun çəkilişinə dair qəbul etdiyimiz qərar iki ölkə arasındakı əlaqələrə nə qədər təsir edib. Siz tacirlər, sahibkarlar bu günü aydın görür və sabah görəcəksiniz ki, yüklər nə qədər tez, nə qədər ucuz, asan və təhlükəsiz şəkildə bölgə ölkələrinə çatdırılacaq. Biz dünyadakı rəqabətdə qabaqcıl mövqe tutmaq istəyiriksə, onun bircə yolu ucuz və qısa olan nəqliyyat istiqamətidir. Başqa digər tarixi qərarımız və bununla bağlı imzaladığımız sənədlə bütün dünyaya göstərmək istədik ki, Xəzər dənizi dostluq dənizidir, Xəzər dənizi əməkdaşlıq dənizidir. Xəzər dənizində bir-birimizlə əməkdaşlıq etməklə Allah-Təalanın bizə bu dəniz vasitəsilə bəxş etdiyi sərvətlərdən iki xalqın xeyrinə istifadə edək və ondan yararlanaq. O günlər ki, gələcək aylarda bağladığımız müqavilələr istifadə üçün hazır olacaq, sərmayəçilər Xəzərə inkişaf və istehsal üçün gələndə və o gün ki, neft və qaz kəmərlərə vurulanda, dünən qəbul etdiyimiz tarixi qərarın gələcək illər üçün faydası aydınca bilinəcək. Tarix boyu bizim imkanlarımız olub və bu gün istifadə üçün qəbul etdiyimiz qərarlar 10-15 il bundan əvvəl də mövcud olub. Zənnimcə, iki dövlətin iradəsi və şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi və İran rəhbərlərinin qərarları göstərdi ki, biz istifadəsiz qalmış imkanlardan necə yararlana bilərik.
Bizə keçmişdən və Peyğəmbərin məsumlarından qalan rəvayətlərdə deyilir ki, əgər yaşamaq üçün ev tikmək istəyirsinizsə, ilk növbədə, ətrafındakı qonşulara baxın. Yaxşı qonşu sizin onunla qonşuluğunuzu qiymətləndirəcək. O vaxt sizin eviniz təhlükəsiz və asayişdə olacaqdır. Beləliklə, sizin də qonşunuzla münasibətləriniz sakit və rahat olacaqdır. Əgər qonşunun qapısı açılarsa və siz orada gül-çiçək görərsinizsə, qonşunun bağçasından ləzzət alacaqsınız. Əgər sizin qonşunuzun dediyi sözlər dostcasına deyilirsə, siz də rahat olursunuz. Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaqdır. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaqdır. Biz o vaxt iki ölkənin iqtisadi inkişafına nail ola bilərik ki, dost olaq və bir-birimizin yanında olaq. İki dövlətin bütün işləri sizlər üçündür, sizin iki xalqınız üçündür, iş adamları üçündür, siz sahibkarlar üçündür. Sizlər dostluq və məhəbbət torpağından ən yaxşı məhsulu yığa bilərsiniz. Hər şey sədaqətdən başlayır. Bir-birimizə sadiq olaq, qardaş olaq, dost olaq. Ola bilər ki, mən sizinlə bir iclasda, ticarətdə Allah eləməmiş sizi aldatmış olam və ondan xeyir götürəm. Amma bu xeyir sonuncu xeyir olacaqdır və bitəcəkdir. Əgər hər ikimiz bir-birimizi fikirləşsək, düşünsək, qarşılıqlı mənafeyimizi güdsək, bu ticarət davamlı olacaqdır. Biz gərək faydalı münasibətlər barədə düşünək. Siz fayda götürün, biz də fayda götürək.
İstehsalına başladığımız avtomobillər həm Sizin, həm də bizim iftixarımızdır. Hər kəs ki, bu avtomobili alacaq, ona əyləşəcək, hər ikimizə duaçı olacaq. Mümkündür ki, keyfiyyətsiz bir avtomobil istehsal olunsun, adam aldanaraq onu alsın. Amma davamı olmayacaqdır. İşi gərək sağlam əsasda, sədaqət və diqqətlə görəsən və ilk növbədə, düzgünlüyə əsaslanasan. Hər istehsal edilən məhsulun yaxşı olmasına səy göstərməli və gələcəkdə ondan yararlanmağa çalışmalıyıq. Bu işdə düzgünlük başlıca şərtdir.
İki ölkə arasında enerji, neft, qaz, neft-kimya sahələrində yaxşı imkanlara malikik. Siz sahibkarlar hər iki ölkədə bu sahədə fəal ola bilərsiniz. Biz son illər hətta kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etməyə başlamışıq və bu işi inkişaf etdirməliyik. Biz müxtəlif sahələrdə də əməkdaşlıq edə bilərik. Səhiyyə, dərman istehsalı, qabaqcıl texnologiya, elm sahələrində də bir-birimizin yanında ola bilərik. Bizim alimlər, şairlər, ziyalılar tarix boyu bizi qardaşlığa, dostluğa və əməkdaşlığa dəvət ediblər. Avtomobil istehsalından daha vacib, Xəzər dənizindəki əməkdaşlıqdan daha mühüm, Rəşt-Astara yolundan daha önəmli, Şimal-Cənub, Cənub-Qərb dəhlizlərindən daha mühüm dostluqdur, qardaşlıqdır, bir-birini fikirləşməkdir. Bizim üçün əhəmiyyət daşıyan odur ki, günbəgün qardaşlıq münasibətlərini daha çox hiss edək. Onu hiss edək ki, bir kökdənik. Hiss edək ki, tarix boyu bir sudan, bir torpaqdan bəhrələnmişik. Hiss edək ki, bizim mədəniyyətimizin bir mənşəyi vardır. Hiss edək ki, bizim dinimiz, inancımız bir yerdən qaynaqlanıb. Onu qəbul edək ki, yalnız dostluqla, qardaşlıqla, sədaqətlə öz xeyrimizə və bölgənin xeyrinə çalışmalıyıq. Biz təhlükəsizlik və sabitlik istəyirik. Bu, ancaq dostluqla mümkündür. Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı İranın inkişafıdır. Biz bütün varlığımızla kamil qardaşlıq istəyirik. Biz bir ailənin üzvləriyik. Bu bölgədə bir-birimizin yanında olmalıyıq. İmkanlardan istifadə etməliyik. Elektrik enerjisindən, energetika sahəsindən bəhrələnməliyik. Siz elektrik enerjisinə ehtiyac duyduqda, biz bu elektrik enerjisini sizə ötürə bilərik. Biz buna ehtiyac duyduqda isə siz öz növbənizdə bizə yardım göstərə bilərsiniz. Bu əlaqələr ikitərəfli, çoxtərəfli münasibətlərə çevrilə bilər və o zaman etibarlı şəbəkəyə sahib ola bilərik. Bu şəbəkə dayanıqlı və etibarlı şəbəkə olacaqdır. Ehtiyac duyduğunuz gün biz sizin yanınızda, biz ehtiyac duyduqda isə siz bizim yanımızdasınız.
Biz iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirəcəyik. Bank işi iki ölkə arasında əlaqələrdə çatışmazlıqlardan biridir. Hələ bu məsələdə lazımi nəticəyə gələ bilməmişik. Mən Azərbaycan dövlətindən, şəxsən qardaşım cənab İlham Əliyevdən xahiş edirəm, gələcək görüşlərimizdə bir-birimizə bu sözləri demək imkanını qazanaq ki, şükür Allaha, bank məsələsi də öz həllini tapdı.
Biz ticarət sahəsində yeni mexanizmlərə ehtiyac duyuruq. Bizim yeni tariflərə, azad ticarətə ehtiyacımız vardır. Bu gündən bu işə başlamalıyıq. İki ölkənin müştərək komissiyası bu məsələni həll etməlidir. Mövcud olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Sərhədyanı bölgələr arasında əlaqələr günbəgün yaxşılaşmalıdır. Hava nəqliyyatı, dəmir yolu nəqliyyatı, yerüstü nəqliyyat sahəsində əlaqələrimiz genişlənməlidir. Xalqlarımız bir-biri ilə yaxından görüşmək imkanı qazanmalıdırlar, bir-birilərinin mədəniyyətindən, qədim abidələrindən, bir-birilərinə olan məhəbbətindən zövq almalıdırlar.
Biz xalqlarımızı bir-biri ilə görüşmək zövqündən məhrum etməməliyik. Siz bilirsiniz ki, bir iranlı Azərbaycana gəldikdə, onun hissləri Azərbaycanın onun üçün ikinci vətən olduğunu əks etdirir. Siz də İrana gələndə İran haqqında eyni hissləri keçirirsiniz. Biz mədəni sahədə bir-birimizlə əməkdaşlıq etməliyik. Biz Rəhman İslamı istəyirik, İslam dini rəhmət dinidir. Biz Allahın adını Rəhmanı-Rəhimlə çəkirik. Biz namazı Allahın Rəhmanı-Rəhimi ilə başlayırıq. Biz Allahı rəhmli, bağışlayan bilirik. Allah-Təalanın rəhmətindən böyük rəhmət yoxdur. “Ey Rəbbimiz, Sənə iman gətirdik. Bizi bağışla, bizə rəhm elə. Sən mərhəmətlilərin ən mərhəmətlisisən!”. Ən böyük məhəbbətlər Allah tərəfindəndir. Bir-birimizlə qarşılaşanda Allah-Təalanın bu əzəmətini aramızdakı əlaqələrimizdə görməliyik, hiss etməliyik. İslamda dostluq, səmimiyyət, rəhman və rəhmət vardır, İslamda təhdid yoxdur, İslamda terror yoxdur, İslamda zorakılıq yoxdur. Biz o İslamı qəbul edirik ki, bizim Peyğəmbərimiz, Əli-Murtuza, bizim imamlarımız və peyğəmbərin səhabələri o yolu getmişlər və biz həmin yolu gedirik.
Xoşbəxtlikdən, iki dövlətin mədəni, siyasi və regional məsələlərə dair baxışları yalnız bir-birinə yaxın deyildir, bir çox hallarda mövqeyimiz eynidir. Biz beynəlxalq təşkilatlarda, regional məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizə dəstək veririk. Biz ikitərəfli əlaqələrimizi inkişaf etdirəcəyik. Biz üç, dörd və çoxtərəfli regional məsələləri də düşünürük. Xoşbəxtlikdən, qardaşım İlham Əliyevin müdrikliyi, eləcə də, iki dövlətin müdrik yanaşması sayəsində əlaqələrimizin günbəgün inkişafının şahidi olacağıq. Siz iş adamlarını dəvət edirəm ki, Azərbaycan və İranda bütün imkanlardan yararlanaraq, həm ticarətdə, həm sərmayə qoyuluşunda, Xəzərdə, turizmin inkişafı üçün sərmayə qoyuluşunda, elm, idman, təhsil ocaqları ilə bağlı əlaqələrin genişlənməsi sahəsində bir-birinizin yanında olasınız. Heç vaxt dostluqdan zərər görmərik. Heç vaxt səmimiyyətdən zərər görmərik.
Yaşasın qardaşlığımız və məhəbbətimiz! Yaşasın Azərbaycan, yaşasın İran!
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani çay süfrəsi arxasında söhbət etdilər.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini yola saldı.