İlham Əliyev Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib
25 mart 2018, 19:05
Prezident İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, yol 15 min əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25 kilometr olan IV texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolaqlı yol üzərində müxtəlif diametrli 45 suötürücü boru tikilib, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr quraşdırılıb. Yolun inşası bütün texniki tələblərə və ardıcıllığa uyğun olmaqla yüksək səviyyədə yerinə yetirilib.
Diqqətə çatdırıldı ki, Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb. Yeni yolun tikintisi yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da təkan verəcək. Bununla yanaşı, bu cür yolların istifadəyə verilməsi ümumilikdə, bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.
Dövlətimizin başçısı Yeni Daşkənd-Umudalılar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, bu gün Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də ölkədə yol infrastrukturunun yenidən qurulması, bu sahədə əsaslı islahatların aparılmasıdır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Bu layihələrin icrasında əsas məqsəd, ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir.