Azər Məmmədovdan, Bakı, Azərbaycan
19 mart 2018, 18:53
Hörmətli Mehriban xanım.
Mən 2016-cı il aprel döyüşlərinin iştirakçısı olmuşam və döyüşlərin birində ağır yaralanmışam. Uzun müddət müalicə almağıma baxmayaraq, ciddi nəticəsi olmurdu. Mən yalnız əlil arabası ilə hərəkət edə bilirdim. Sağalmaq ümidi ilə yaşasam da, həyata marağımı itirmişdim.
Hörmətli Mehriban xanım, son ümid yeri kimi Sizə müraciət etmək qərarına gəldim. Çox sağ olun ki, müraciətim diqqətsiz qalmadı. Sizin qayğınız, böyük dəstəyiniz sayəsində mən yenidən müalicələrə başladım. Yeddi aylıq müalicə və reabilitasiyadan sonra sağlamlığımda irəliləyişlər müşahidə olundu. Artıq əsadan istifadə etməklə gəzə bilirəm. Lakin mənim üçün ən sevindirici hal bu müddətdə övladımın dünyaya gəlməsi oldu.
Hörmətli Mehriban xanım, Sizin Qarabağ müharibəsi döyüşçülərinə verdiyiniz qiymət, göstərdiyiniz qayğı danılmazdır. Siz neçə-neçə ailəyə kömək əlinizi uzatmısınız, onlara sevinc bəxş etmisiniz. Həmin ailələrdən biri də mənim ailəmdir. Sizin sayənizdə ailəmlə birlikdə yeni mənzildə yaşayıram. Buna görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, varsınız! Çox sağ olun ki, diqqətinizi bizdən əsirgəmirsiniz!
Tutduğunuz bu şərəfli yolda cənab Prezidentimizə və Sizə uzun ömür və tükənməz qüvvə arzu edirəm.
Dərin hörmətlə,
Məmmədov Azər, baş leytenant.
Azərbaycan Respublikası, Bakı şəhəri.