Birinci vitse-prezident Mehriban Əliyeva Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışında iştirak edib
06 mart 2018, 16:15
Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunmuşdu. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. Beləliklə, hazırda uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azyaşlılara uyğun xüsusi dizaynla işlənib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib.
Ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan bağçanın binasında 110 uşaq tərbiyə alacaq. Bağçada uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məşğul olacaq. Buradakı 5 qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq. Binada müşahidə kameraları, yanğındanmühafizə sistemi quraşdırılıb. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib.