İlham Əliyev Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur
07 iyul 2011, 17:00
Prezident İlham Əliyev Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, bünövrəsi 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlamışdır.
Qeyd edildi ki, 23 hektar dənizkənarı sahəni əhatə edən parkın ərazisində küləyə və quraqlığa davamlı 39 növ ağac əkilmişdir. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmiş, 2003-cü ildə isə burada onun heykəli qoyulmuşdur.
Bildirildi ki, Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən başlayaraq Xəzər dənizinin sahilinədək ərazini əhatə edən parkın ümumi sahəsi hazırda 80 hektardır. Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın ən müasir tələblərə cavab verən yeni möhtəşəm layihəsi hazırlanır.
Parkın gələcək görüntülərini əks etdirən stendlərə baxan dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurmadan sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcəkdir.
Prezident İlham Əliyev parkın ətrafındakı yaşayış binalarının fasadlarının, damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılması, parka yaxın küçə və məhəllələrin abadlaşdırılması ilə bağlı tövsiyələrini verdi.
X X X
Sumqayıt şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
- Sizi salamlayıram. Sumqayıt şəhərinin inkişafı ilə bağlı əlavə təkliflər vardır. Bu təkliflər nəzərdən keçirilir. Bir müddət bundan əvvəl mən göstəriş vermişəm ki, Sumqayıtın abadlaşması ilə bağlı çox müasir bir layihə hazırlansın. Layihənin bir hissəsi burada göstərilir. Siz də yəqin ki, bu layihə ilə tanışsınız. Əminəm ki, yaxın zamanlarda Sumqayıtın bir neçə istiqamətində çox gözəl, müasir infrastruktur layihələri icra ediləcəkdir.
Binalarda təmir gedir. Bu binalar gözəl olacaqdır. Həm binaların xarici görünüşü gözəlləşəcək, eyni zamanda, daxilində də təmir işləri aparılacaqdır. Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Hazırda bulvarın görüntülərini biz bu stendlərdən görə bilərik.
Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Çünki müxtəlif sahilyanı şəhərlərdə bulvarlar vardır. Ancaq mən hər halda Bakı bulvarı kimi gözəl, geniş və müasir bulvar görməmişəm.
Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Bulvarın tikintisi demək olar ki, başlayır. Birinci mərhələdə yəqin ki, onun uzunluğu hesab edirəm ki, bir kilometr olacaqdır. Sonra biz onun uzunluğunu ən azı 2-3 kilometr artıracağıq. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır.
Bildiyiniz kimi, Bakıdan Sumqayıta gələn yeni yolun çəkilişi də aparılır. Aeroport-Mərdəkan-Bilgəh istiqamətindən Sumqayıta qədər yeni yol çəkiləcəkdir. Hesab edirəm ki, bu yol da şəhərin inkişafına çox müsbət təsir göstərəcəkdir. Bu yol bulvarın yanından keçəcəkdir ki, həm gediş-gəliş rahat olsun, həm də ümumiyyətlə, yol infrastrukturu genişlənsin və müasirləşsin.
Şəhərdə geniş abadlıq işləri görüləcəkdir. Əvvəlki dövrlərdə də işlər görülmüşdür. İndiki dövrdə işlər daha da sürətlə getməlidir və Sumqayıtda hər yerdə - yəni insanların rahatlığı üçün infrastruktur sənayenin inkişafı istiqamətində görüləcək işlər paytaxt səviyyəsində olmalıdır.
Sumqayıt Bakıya çox yaxındır. Sumqayıtlıların bəziləri Bakıda, Bakıda yaşayanların bəziləri Sumqayıtda işləyirlər. Yəni, Sumqayıtla Bakı demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq. Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Ondan sonra dövlət büdcəsində dürüstləşmə zamanı əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur. İlin sonuna qədər biz bu işin sürətinə baxacağıq. Əgər işlər sürətlə getsə, əlavə vəsait də ayrılacaqdır.
Şəhərdə bütün infrastruktur layihələri icra edilir. İndi elektrik enerjisi, qaz, su ilə təchizat böyük dərəcədə yaxşılaşdırılmışdır. Demək olar ki, bu sahədə əsas problemlər öz həllini tapmışdır. Yeni kanalizasiya sisteminin yaradılması üçün mənə bu yaxınlarda əlavə təkliflər verilibdir. Mən o təklifləri bəyəndim və yaxın zamanlarda Sumqayıtın kanalizasiya sisteminin tamamilə yeniləşdirilməsi üçün əlavə addımlar atılacaqdır.
Bu, işin bir tərəfidir, çox vacib tərəfdir. Çünki hər bir vətəndaş, xüsusilə Sumqayıt sakinləri istəyirlər ki, Sumqayıt şəhəri gözəlləşsin, abadlaşsın. Mən həmişə deyirəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, vaxt gələcək, biz Sumqayıt haqqında da eyni sözləri deyə biləcəyik.
Siz sumqayıtlılar yaxşı bilirsiniz ki, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır. Əfsuslar olsun ki, indi bəzi xarici mətbuat orqanlarında Sumqayıtla bağlı qeyri-dəqiq informasiyalar yazılır, guya burada ekoloji vəziyyət ağırdır, çirklənmə həddən artıq çoxdur. Bu, tamamilə həqiqətə uyğun deyildir. Biz də bunu bilirik, siz də bunu bilirsiniz. Biz istəyirik ki, daha da çox qonaqlar gəlsinlər və görsünlər Sumqayıt necə gözəl, abad şəhərə çevrilibdir. Yaşıllıqlar salınıb, burada yaşamaq, istirahət etmək üçün yeni şərait yaradılıb.
Yenə də demək istəyirəm ki, bu, işin bir tərəfidir. İkinci tərəf ondan ibarətdir ki, - bu barədə də mən kifayət qədər geniş fikirlər söyləmişəm, - Sumqayıt ölkəmizin sənaye mərkəzinə çevrilməlidir. Bunu etmək üçün də imkanlar vardır. Yenə də deyirəm, Sumqayıt sənaye şəhəri kimyaçılar şəhəri kimi yaranmışdır. Ancaq indi Sumqayıt gərək müasir sənaye şəhəri kimi inkişaf etsin.
Bunun üçün bizim konkret planlarımız vardır. Birinci növbədə, hər bir şəhərin sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələri icra edilməlidir. Onların bir hissəsi reallaşıb. Bir müddət bundan əvvəl böyük elektrik stansiyası tikilmişdir. İndi elektriklə problem tamamilə yoxdur və o stansiyanın gücü gələcəyə də hesablanıbdır.
Sumqayıtın kimya kompleksində yenidənqurma işləri aparılır. Biz o kompleksi müasir standartlara çatdırmalıyıq. O kompleks dünya səviyyəsində işləməlidir. Eyni zamanda, kimya müəssisələrində istehsal olunan məhsulların təkrar emalı üçün yeni müəssisələr də yaradılmalıdır. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilibdir. Ümid edirəm ki, yaxın zamanlarda Sumqayıtda bəlkə də yüzlərlə yeni özəl kiçik və orta şirkət yaradılacaqdır.
Məqsəd ondan ibarətdir ki, onlar kimya kompleksində istehsal olunan məhsullardan istifadə edib hazır məhsul buraxsınlar. Dünyanın müxtəlif yerlərində belə praktika vardır. Mən də şəxsən tanış olmuşam, kimyaçılar da bunu bilirlər. Yəni biz bu sahədə dünyada mövcud olan ən mütərəqqi təcrübəni tətbiq etməliyik. Bu, həm iş yerlərinin yaradılmasına gətirib çıxaracaq, həm də ki, şəhərin sənaye potensialı daha da inkişaf edəcəkdir. Bir növ, kiçik kimya sənayesi şəhərciyi yaradılmalıdır və bu istiqamətdə konkret tapşırıqlar verilibdir.
Bundan başqa, Sumqayıtda ölkə miqyasında və nəinki ölkəmizdə, bölgədə, Cənubi Qafqazda ən böyük texnologiyalar parkı yaradılıbdır. Artıq bir neçə müəssisə fəaliyyət göstərir. Orada da işlər çox yüksək səviyyədə qurulubdur. Bu gün mən yenə də oraya gedəcəyəm, görülən işlərlə tanış olacağam. Mən dəfələrlə orada olmuşam, biz xarici qonaqları da dəvət edirik, gəlib görürlər və çox böyük təəssürat altında qalırlar. Çünki orada doğrudan da ən müasir, qabaqcıl texnologiyalar tətbiq olunur. Bu texnologiyalar parkı da imkan verəcəkdir ki, Sumqayıt böyük, dünya miqyaslı sənaye şəhəri kimi inkişaf etsin. Orada həm sənaye potensialı güclü, həm ekoloji vəziyyət yüksək səviyyədə olacaq və həm də insanların rahatlığı üçün şərait yaradılacaqdır.
Bu gün, biz, eyni zamanda, uşaq-gənclər idman məktəbinin açılışını qeyd edəcəyik. Bilirsiniz ki, bu məktəb təqribən 40-50 il bundan əvvəl tikilmişdir, yararsız vəziyyətə düşmüşdür. Mənə bir müddət əvvəl müraciət edilmişdir ki, onu bərpa edək. Ehtiyat fondundan vəsait ayrıldı. Bu gün biz o məktəbi açacağıq ki, uşaqlar burada idmanla məşğul olsunlar.
Bundan başqa, Sumqayıtda yeni Olimpiya İdman Kompleksi də tikilir. Bu da sumqayıtlıların sağlamlığı üçün çox vacib bir vasitə olacaqdır. Hər bir insan yaşından asılı olmayaraq, idmanla məşğul olmalıdır. Bu şəraiti də biz yaradırıq.
Yəni, bir daha demək istəyirəm ki, biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq. Şəhərin inkişafı üçün master plan hazırlanır, onun ilkin əlamətləri artıq var və reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu, bizim hədəfimizdir. Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər çox böyük görünür, ancaq həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq.
Mən arzu edirəm ki, siz də bütün bu işlərdə fəal iştirak edəsiniz. Çünki siz iştirak etməsəniz, işlərimiz yarımçıq qalacaqdır. Mən əminəm ki, sumqayıtlılar bu müsbət təşəbbüslərə ürəklə qoşulurlar və əlindən gələni edəcəklər ki, şəhər daha da gözəlləşsin.
Bir daha sizi salamlayıram. Sağ olun.
X X X
Sumqayıt ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən şəhər sakini Mehriban NƏCƏFOVA dedi:
-Biz sizi sumqayıtlılar adından salamlayırıq, şəhərimizə “Xoş gəlmisiniz!” deyirik. Gərgin iş şəraitində vaxt tapıb Sumqayıta, sumqayıtlıların görüşünə gəldiyinizə görə hər bir sumqayıtlı adından Sizə təşəkkür edirik. Bu gün ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır. Bu, bizi çox sevindirir.
Bakıya tez-tez yolumuz düşür. Hər dəfə Bakıda bir yeniliyin şahidi oluruq. Bakı möhtəşəm bir şəhər olub, insanı heyran qoyur, valeh edir. Amma bu, bizdə qısqanclıq yaratmır. Çünki Siz tapşırıq vermisiniz, Sumqayıt da Bakı standartlarına yaxınlaşacaqdır. Bu gün doğrudan da Sizin tapşırığınız, Sizin qayğınız nəticəsində Sumqayıt artıq bir tikinti meydançasına çevrilib, hər yerdə abadlıq işi aparılır. Sumqayıtda 4 əsas park vardır. Dördündə də möhtəşəm işlər gedir. Fikirləşirik ki, artıq şəhərimiz dünya səviyyəsinə çıxacaq bir şəhər olacaqdır. Buna əminik. Sizinlə, Sizin fəaliyyətinizlə qürur duyuruq və fəxr edirik ki, bu gün sözün əsl mənasında müstəqil bir dövlətdə yaşayırıq. Bu, insanları işgüzarlığa vadar edir, dövlətimiz ətrafında sıx birləşməyə səsləyir.
Bu gün Sumqayıtda hər bir sahədə, şəhərin girişində, Sülh küçəsində, Nəsimi parkında Sizin göstərişinizlə böyük layihələr əsasında işlər aparılır. Hesab edirik ki, bu layihələrin həyata keçirilməsi Sumqayıtı möhtəşəm bir şəhər səviyyəsinə qaldıracaqdır. Ən azı Nəsimi parkının göstərilən şəkildə qurulması onu Fransanın Kann şəhərindəki məşhur parkları səviyyəsinə çıxaracaqdır. Biz bu işlərin yüksək səviyyədə görüləcəyinə əminik, inanırıq. Ona görə ki, Sizin işgüzarlığınıza, dərin intellektinizə və verdiyiniz sözə əməl etməyinizə əsaslanırıq.
Bir də, əziz Prezidentimiz, sumqayıtlılar arasında xoşməramlı belə bir fikir gəzir: Əgər Prezidentimiz bir neçə dəfə Sumqayıta gələrsə, biz nəinki Bakı səviyyəsinə, o standarta yaxınlaşacağıq, hətta o standartı da ötüb keçəcəyik. Odur ki, Sumqayıta göstərdiyiniz qayğıya, məhəbbətə görə bütün sumqayıtlılar adından, Sizə “Çox sağ olun!” deyirik. Allah sizə cansağlığı versin, uğurlar diləyirik.
X X X
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bildiyiniz kimi, mən dəfələrlə Sumqayıtda olmuşam, son illər ərzində haradasa altı-yeddi dəfə. Əlbəttə ki, biz əvvəlki dövrdə daha çox infrastruktur və şəhər təsərrüfatının inkişafı üçün vacib olan məsələlərlə məşğul idik. İlk növbədə, elektrik stansiyasının tikintisi, ondan sonra sənaye müəssisələrinin işə salınması. İndi isə vaxt gəlib çatıb ki, biz şəhərin, necə deyərlər, estetik tərəfi ilə ciddi məşğul olaq və məşğul da olacağıq. Burada nəzərdə tutulan layihələrin icrası əlbəttə ki, mənim diqqətimi də cəlb edəcəkdir. Çünki bütün bu layihələr mənə məruzə edilib.
Bakıda o layihələrə, şəkillərə, təkliflərə baxırıq, tanış oluruq. Əlbəttə, mən bundan sonra daha da tez-tez gələcəyəm. Əminəm ki, bu şəkillərdə göstərilən mənzərə qısa müddət ərzində reallığa çevriləcəkdir.
Bir daha sizə uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Prezident İlham Əliyev Sumqayıtın müasir şəhərə çevrilməsi üçün yeni layihələrin icrasına başlanacağını bir daha diqqətə çatdırdı.
X X X
Dövlət başçısı parkın ərazisini gəzdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.