Birinci vitse-prezident Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
23 fevral 2018, 13:20
Birinci vitse-prezidenti Mehriban Əliyeva İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini qeyd etdi. “Biz bu tarixi və mədəni irsə çox diqqətlə yanaşırıq”, - deyən Birinci vitse-prezident bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə etdi. Son beş il ərzində dövlət başçılarının 10 görüşünün keçirilməsini ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirən Azərbaycanın Birinci vitse-prezidenti bu görüşlərin əməkdaşlığımızın möhkəmlənməsi işinə öz töhfəsini verdiyini dedi və qeyd etdi ki, əlaqələrimiz bir çox sahələri, o cümlədən iqtisadiyyat, nəqliyyat və əlbəttə, çox mühüm olan mədəniyyət sahələrini əhatə edir. Birinci vitse-prezident Mehriban Əliyeva keçən il İranda Azərbaycan mədəniyyət günlərinin, həmçinin 2017-ci ildə ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı fotosərginin uğurla keçirilməsinin mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi. İranın mədəniyyət günlərinin də ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Birinci vitse-prezident İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın Bakıda İran kinosu günlərinin keçirilməsi ilə əlaqədar ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümid etdiyini bildirdi.
Ötən il Azərbaycan Respublikasının İranda mədəniyyət günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran kinosu günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirdi. O qeyd etdi ki, ölkələrimiz arasında əlaqələr mədəni-tarixi bağlılıqlara əsaslanır və bu gün bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə bu il Naxçıvanın İslam mədəniyyəti, öz növbəsində, Təbrizin İslam turizmi paytaxtları elan olunması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi, mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.