İlham Əliyev Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordeni təqdim edib
22 fevral 2018, 10:50
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib.
Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Fəttah müəllim.
Sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzulayıram.
Siz uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırsınız. İyirmi ildən çoxdur ki, Milli Məclisin deputatı kimi ölkəmizin inkişafına böyük töhfə verirsiniz. Ondan əvvəl - 1990-cı illərin əvvəllərində Naxçıvan Ali Sovetinin, sonra Ali Məclisinin deputatı kimi ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmisiniz. Hazırda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri kimi çox fəal iş aparırsınız. Azərbaycan dövləti sizin xidmətlərinizi yüksək qiymətləndirib. Siz 2008-ci və 2013-cü illərdə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmusunuz.
Bu gün yubileyiniz ərəfəsində mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və bu yüksək ordeni sizə təqdim edirəm.
x x x
Dövlət başçısı İlham Əliyev “İstiqlal” ordenini Fəttah Heydərova təqdim etdi.
x x x
Fəttah HEYDƏROV dedi:
-Hörmətli cənab Prezident, çox sağ olun.
Məni bu yüksək mükafatla təltif etdiyiniz, mənə çox yüksək qiymət verdiyiniz üçün Sizə səmimi təşəkkürlərimi bildirirəm. Bu mükafat mənə həyatımın ən xoş anlarından birində təqdim olunur. Siz Azərbaycanı Yer kürəsinin demək olar ki, bütün nöqtələrində tanınan bir dövlətə çevirmisiniz. Hər bir hadisə, istər cəmiyyət həyatında, istər dövlət həyatında möhkəm əsaslara söykənəndə, möhkəm bünövrə üzərində qurulanda o əzəmətli olur, əbədi olur, həmişəlik olur. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın hansı səviyyədən hansı səviyyəyə gəldiyinin canlı şahidi olmuşam. Elə həmin dövrdə Azərbaycan demək olar ki, ittifaqın 15 respublikası arasında ən axırıncı yerdən ən qabaqcıl yerə gəlib çatdı. Ulu Öndər 300 milyonluq bir məmləkətin ən yuxarı eşelonunda rəhbərliyə dəvət olundu, bir şəxsiyyət kimi dünyada tanındı. Ulu Öndərdə yüksək humanizm, sülhə, əmin-amanlığa, insanların xoşbəxt yaşamasına gözəl münasibət var idi və arzuları da ondan ibarət idi. Amma hər cür insanlar var, bədxahlar var. Nəinki öz xalqını, öz millətini, öz torpağını istəməyən insanlar, hətta ümumbəşəri ziyankarlar var ki, bax, həmin dövrdə peyda oldular, Ulu Öndər rəhbərlikdən kənarlaşdırıldı və Azərbaycanın fəlakətli günləri həmin vaxt başladı. Bu düşmənçilik prosesində Azərbaycan torpaqlarının beşdəbirini itirdi, 1 milyon qaçqını, köçkünü yarandı, 20 min Azərbaycan insanı şəhid oldu. Səbəb bir idi - Ulu Öndər xalqımızın başı üzərində olmadı, onu kənarlaşdırmışdılar. Amma Allah böyükdür və Ulu Öndər o zaman Naxçıvana gəldi. Naxçıvan da təhlükə qarşısında idi. Biz o zaman bunu hiss edirdik və görürdük, faktlar göstərirdi, Naxçıvanın hər tərəfdən blokada şəraitində olması, insanların ərzaqdan, enerjidən və sairdən korluq çəkməsi... Ulu Öndərin Naxçıvanda olması Naxçıvanı xilas etdi. Ulu Öndərin Azərbaycan xalqının ona olan böyük inamı nəticəsində ikinci dəfə ali hakimiyyətə qayıtması Azərbaycanımızı xilas etdi.
Bugünkü Azərbaycan demək olar ki, Ulu Öndərin yaradıcılıq məhsuludur, şah əsəridir. Bu şah əsəri o yazdı və onun əbədiliyi üçün bir yol qoydu. Bu, təkcə mənim deyil, Azərbaycanı, xalqını, millətini, torpağını, insanlığı qiymətləndirən yaşlı nəslin fikridir ki, Ulu Öndərin yolunu Siz davam etdirirsiniz. Biz həmişə fəxr edirik, ürəyimiz həmişə fərəh hissi ilə dolur ki, Siz mərdanəliklə, təmkinlə, biliklə, bacarıqla saatlarınızı, dəqiqələrinizi əsirgəmədən dövlətimizin siyasi, iqtisadi, mənəvi, mədəni sahələrdə inkişafını təmin etməklə yanaşı, Azərbaycanımızı bu bəd qüvvələrdən qoruyub saxladınız. Sizdə olan bu mətanət, Sizdə olan cəsarət, Sizdə torpağa, insanlara, Azərbaycan insanına olan məhəbbət məhz Ulu Öndərdən qalan yadigardır, onun yolunu uğurla davam etdirməyinizdir. Buna görə də mən Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Allah sizi qorusun. Sizin qorunmağınız Azərbaycan xalqının qorunmağıdır, müstəqil Azərbaycanımızın qorunmağıdır. Sizin qorunmağınız sabahımızın, bizim böyüməkdə, artmaqda olan gəncliyimizin qorunmağı deməkdir. Mən Sizə minnətdarlığımı bildirirəm ki, mənim bu kiçik zəhmətimi çox böyük mükafatlarla qiymətləndirmisiniz və bu gün də yenə o qiyməti verdiniz. Çox sağ olun, təşəkkür edirəm. Ulu Öndərimizin yolunda göstərdiyiniz bu fədakar əməyiniz qoy həmişə davam etsin!
Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm. Təkcə Siz özünüz yox, bütün ailəniz, hörmətli Mehriban xanım və övladlarınız öz əməklərini, öz zəhmətlərini əsirgəmədən Azərbaycanın mədəniyyətini, elmini, Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyada tanıtmaq üçün böyük fədakarlıq göstərirsiniz. Bu, yalnız xalqa, dövlətə bütün varlığı ilə bağlı olan bir ailənin işidir. Mehriban xanımın, Sizin övladlarınızın böyük əməyi nəticəsində Azərbaycanımızın problemləri dünyaya çatdırılır, xalqımızın mənəvi, mədəni dəyərlərinin dünyaya yayılması sahəsində çox böyük işlər görülür. Bunlar heç kəsin nəzərindən qaçmır. Qoy Allah-Təala Sizə və bütün ailənizə kömək olsun ki, Azərbaycan Sizin rəhbərliyiniz altında ulu öndər Heydər Əliyevin yolu ilə irəliləyərək dünya dövlətləri içərisində həmişə öz uğurlarını göstərsin.
x x x
Prezident İlham ƏLİYEV: Çox sağ olun.