İlham Əliyev bir qrup ictimai xadimə “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim etmişdir
05 iyul 2011, 16:00
Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim etmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli Sərəncamı oxundu.
Dövlət başçısı Başar Kömürə, Ertan Demirtaşa, İоsif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova “Dostluq” ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya isə “Tərəqqi” medalını təqdim etdi.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülmüşdür.
Sonda xatirə şəkli çəkdirildi.