İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edib
13 fevral 2018, 11:10
Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham ƏLİYEV nümayəndə heyətini salamlayaraq dedi:
-Xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Almaniyadan belə böyük nümayəndə heyətini görməyə çox məmnunam. Əminəm ki, ölkəmizə çox məhsuldar və maraqlı səfəriniz olacaq. Sizin səfəriniz onu nümayiş etdirir ki, ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq var və biz yeni layihələr və yeni ideyalar haqqında düşünməliyik. İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var.
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabətqabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 35-cı yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin bizim əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq.
Alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır. Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq.
x x x
Sonra Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq BÜXELE çıxış edərək dedi:
-Cənab Prezident, açılış nitqinizə görə çox sağ olun. Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Çünki biz həqiqətən də ölkənizdə çoxlu potensial görürük. Bizim Sizin ölkənizə olan marağımızı göstərən bu böyük nümayəndə heyəti sadəcə Azərbaycana səfər etmək üçün yox, ölkənizdə daha da fəal olmaq, qeyri-neft sektorunda alman müəssisələri üçün imkanları müəyyənləşdirmək məqsədilə gəlib. Çünki biz hesab edirik ki, uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, əlbəttə, hər iki tərəf üçün faydalıdır. Bizim üçün ona görə ki, biz ən azından bu işə töhfəmizi verə biləcəyimizə ümid edirik. Azərbaycan isə uzunmüddətli perspektivdə iqtisadiyyatını daha da tarazlaşdıra bilər.
Böyük nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini deyən Volfqanq Büxele bu tədbirdə ölkəmizlə birbaşa əməkdaşlıq etmək arzusunda olan iri şirkətlərin rəhbərlərinin təmsil olunduğunu dedi.
x x x
Almaniyanın tikinti sahəsində ixtisaslaşan “GP Günter Papenburg“ şirkətinin İdarə Heyətinin sədri Günter PAPENBURG təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq şirkət tərəfindən ölkəmizdə ixtisaslı kadrlar üçün təlimlərin keçirildiyini bildirdi, ölkəmizlə əməkdaşlığın gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etdi. Günter Papenburg rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarında müxtəlif layihələrdə, o cümlədən tikinti materialları, tullantıların emalı sahələrində iştirak etməkdə maraqlı olduğunu dedi.
x x x
Prezident İlham ƏLİYEV Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğuladı, Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini bildirdi. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlətimizin başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirdi. “Bu baxımdan bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb.
x x x
Almaniyanın tunelqazma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Herrenknext” şirkətinin İdarə Heyətinin sədri Martin HERRENKNEXT Azərbaycanda fəaliyyətə başladıqlarını qeyd edərək bu istiqamətdə görülən işlərdən danışdı. O, ölkəmizdə metro tikintisi sektorunda təmsil etdiyi şirkətin iştirak etməkdə maraqlı olduğunu bildirdi. Azərbaycanda fəaliyyətlərindən böyük məmnunluq hissi keçirdiklərini bildirən Martin Herrenknext dedi:
-Biz Bakıda özümüzü həqiqətən təhlükəsizlik şəraitində hiss edirik. Bakı regionda fəaliyyət göstərən alman şirkətləri üçün bir mərkəz ola bilər. Bununla bağlı təbriklərimi çatdırıram. Mən Bakıya kifayət qədər hörmət hissi bəsləyirəm. Bura yaşamaq üçün yaxşı yerdir. Əla mehmanxanalar var.
Martin Herrenknext Azərbaycanın regionlarına səfərinin də çox maraqlı keçdiyini qeyd edərək bir daha ölkəmizin regionda iqtisadi mərkəzə çevrilməsi üçün hər cür imkanın olduğunu vurğuladı.
x x x
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham ƏLİYEV Azərbaycanın həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrildiyini bildirdi. Ölkəmizdə həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrinin iştirakı ilə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilməkdədir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub.
Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən Prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirdi. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlətimizin başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirdi. Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən Prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğuladı. Bildirdi ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. Bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.
x x x
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq BÜXELE Azərbaycanla ticarət imkanlarının daha çox öyrənilməsinin vacibliyini qeyd etdi. O, gələcəkdə Azərbaycan vasitəsilə digər ölkələrlə də iqtisadi əlaqələr qurmaq imkanlarının ola biləcəyini vurğuladı.
x x x
Almaniyanın nüfuzlu enerji şirkəti olan “Uniper Global Commodities” şirkətinin qaz təchizatı üzrə vitse-prezidenti Uve FİP təmsil etdiyi şirkətin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakından qürur duyduğunu dedi. O, artıq 10 ildir ki, “Şahdəniz-2” layihəsi ilə bağlı danışıqlarda iştirak etməkdən məmnunluğunu bildirdi. SOCAR və digər qurumlarla uğurlu əməkdaşlıq etdiklərini, idarəetmə, menecment, texniki, uşaq proqramları mübadiləsi, “Azərikimya” şirkəti ilə birgə kimya zavodunun, buxar turbinlərinin inşası sahələrində uğurlu layihələr həyata keçirdiklərini deyən Uve Fip 2016-cı ildə ölkəmizdə birgə müəssisənin yaradıldığını vurğuladı, gələcəkdə də bir sıra layihələr, o cümlədən enerji səmərəliliyi layihələri ilə bağlı əməkdaşlıq planlarının olduğunu diqqətə çatdırdı.
x x x
Prezident İlham ƏLİYEV “Uniper Global Commodities” şirkətinin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək bu şirkətin gələcəkdə də uğurlu əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq. “Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır”, - deyən Prezident İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırdı. Bununla da Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə daha da artacağını vurğuladı. “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa Komissiyası tərəfindən güclü şəkildə dəstəklənməsinin önəmini qeyd edən Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzuladı.
x x x
Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard ŞLEYER Forumun gələn həftə Berlində konfransının keçiriləcəyini vurğuladı. Hanns-Eberhard Şleyer bu qurum çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, o cümlədən siyasi müzakirələrin aparıldığını deyərək hazırda peşə hazırlığı ilə bağlı məsələlərə diqqət yetirdiklərini bildirdi. İqtisadiyyatın, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsinin ixtisaslı kadrların hazırlanmasını tələb etdiyini deyən qonaq Almaniyada bu sahənin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığa dair konsepsiyasının işlənməsinin vacibliyini qeyd etdi.
x x x
Prezident İlham ƏLİYEV peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən olduğunu deyərək ümumilikdə təhsil sisteminin ölkədə ən mühüm prioritetlərdən birinə çevrildiyini vurğuladı. Azərbaycanda savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu deyən dövlətimizin başçısı bunun ölkənin inkişafı üçün bir təməl olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə böyük nailiyyətlərin əldə edildiyi bir dövrdə peşə hazırlığı heç vaxt olmadığı qədər önəm kəsb edir. Bu baxımdan Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir. Bu baxımdan Azərbaycanın bir sıra ölkələrlə beynəlxalq əməkdaşlıq həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Ölkədə iqtisadi, o cümlədən enerji, infrastruktur, xidmət, turizm sahələrinin və digər sahələrin inkişafının ixtisaslı kadrların yetişdirilməsini və texniki heyətin hazırlanmasını zəruri etdiyini bildirdi.
x x x
Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olan “AIRBUS Group International” şirkətinin Avropa üzrə vitse-prezidenti Marko MİKLİS ölkəmizlə aerokosmik sənayenin müxtəlif seqmentləri üzrə əlaqələr üçün yaxşı imanların olduğunu dedi və bu baxımdan “Azərkosmos”la məhsuldar əməkdaşlığın həyata keçirildiyini vurğuladı. “Azərsky-1” peykinin çox yüksək səviyyədə fəaliyyət göstərdiyini deyən qonaq Azərbaycanda Yer səthini müşahidə edən yüksək həssaslığa malik yeni peykin perspektivlərinin onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi şirkətin bu işə öz töhfəsini verməyə hazır olduğunu bildirdi.
x x x
Azərbaycanın “AİRBUS” şirkəti ilə uzun illər çox yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı İlham ƏLİYEV kosmik sənaye sahəsində də bu şirkətlə səmərəli əlaqələrin qurulmasından məmnunluğunu ifadə etdi. Azərbaycan peykinin müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatı, meliorasiya və digər sahələrin inkişafına xidmət etdiyini deyən Prezident İlham Əliyev mövcud peykin əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödədiyini vurğuladı.
x x x
Almaniyanın kənd təsərrüfatı maşınqayırması sahəsində ixtisaslaşan “CLAAS Global Sales” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan şirkətin regional prezidenti Nils ROİTŞ artıq ölkəmizdə texniki xidmət üzrə şəbəkənin yaradılması və ixtisaslı kadrların hazırlanması ilə bağlı səylərin artırıldığını, Azərbaycan fermerlərinin müasir texnikadan rahat istifadəsi üçün təlimlərin keçirildiyini bildirdi.
x x x
Azərbaycanın xarici ölkələrdən, o cümlədən Almaniyadan kənd təsərrüfatı texnikası aldığını deyən Prezident İlham ƏLİYEV bildirdi ki, ölkəmiz bu texnikanın Azərbaycanda yığılmasında da maraqlıdır. Lakin bütün bunlar bazar tələbinin parametrləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ölkəmizin böyük həcmdə kənd təsərrüfatı texnikası ilə təmin edilməsinin son illərdə aqrar sahədə nailiyyətlərin qazanılmasına imkan verdiyini deyən dövlətimizin başçısı kənd təsərrüfatı istehsalının ötən il 4 faiz artdığını, bu il də bu sahənin yeni texnika ilə təmin ediləcəyinin planlaşdırıldığını bildirdi. Qeyd etdi ki, bu baxımdan texniki xidmət və peşə hazırlığı mühüm rol oynayır və texniki xidmət sahəsində Almaniya ilə əməkdaşlıq bu işlərə öz köməyini göstərə bilər.
x x x
Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias BAUMANN bildirdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddət ərzində artıq uğurlu nəticəsini verib. Bu, özünü qanunvericilik, gömrük, inzibati və digər sahələrdə göstərib. O, Almaniya-Azərbaycan Ticarət Palatasının bu ilin iyununda keçiriləcək Azərbaycan-Avropa İttifaqı biznes-forumuna təqdim etmək üçün biznes mühiti ilə bağlı tədqiqat üzərində fəal iş apardığını bildirdi. Tobias Baumann həmkarları ilə birlikdə peşə hazırlığı sahəsində əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlərdən danışdı və sonda Ticarət Palatasının üzvlərinin sayının artdığını məmnunluq hissi ilə diqqətə çatdırdı.
x x x
İslahatlarla bağlı xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham ƏLİYEV ölkəmizin bu islahatları bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə etdi. Bildirdi ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. “Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir və biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.
Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlətimizin başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirdi. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən Prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirdi. Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır. İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlətimizin başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirdi. Prezident İlham Əliyev dedi ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.