İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 yanvar 2018, 10:30
Prezident İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb.
Xanım Cinni Rometti Azərbaycan ilə əməkdaşlığın uğurlu olduğunu, “IBM” şirkətinin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaratdığını vurğuladı. Bunun da ölkəmizin coğrafi mövqeyi, uğurlu inkişafı və innovasiyaya yüksək qiymət verməsi ilə bağlı olduğunu deyən Cinni Rometti bu müəssisənin yaradılması ilə Azərbaycanda insan kapitalının daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.
Qeyd edək ki, “IBM” şirkətinin Azərbaycana yatırdığı investisiya nəticəsində yüksək ixtisaslı kadrlardan ibarət yeni iş yerləri açılacaq, SOCAR-“IBM” əməkdaşlığı nəticəsində ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradılacaq, SOCAR-ın əməkdaşları müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Layihə üzərində 1500-dək işçi çalışacaq ki, bu da dünya səviyyəli mütəxəssislərin hazırlanmasına rəvac verəcək. Layihədə Bakı Ali Neft Məktəbinin, o cümlədən Azərbaycanın digər universitetlərinin iştirakı da təmin olunacaq. Bu layihənin icrası nəticəsində ölkəmizin regionda innovasiyaların tətbiqi sahəsində nüfuzu daha da artacaq.