İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi ilə görüşüb
22 yanvar 2018, 20:35
Davosda Prezident İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub.
Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkətinin 6,3 trilyon ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi.
Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirdi.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirdi.