İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü olub
15 yanvar 2018, 17:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov görüşdə çıxış etdilər.
Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Mən sizi səmimi qəlbdən salamlayıram. Xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Cənab Baş nazir, siz artıq birinci dəfə deyil ki, ölkəmizə səfər edirsiniz. Mən də Bolqarıstanda tez-tez olmuşam. Ölkələrimiz arasında bizim səylərimizlə də möhkəmlənən çox sıx dostluq münasibətləri qurulub. Biz bu gün artıq həm siyasi, həm enerji sahələrində ikitərəfli qarşılıqlı fəaliyyətin bir çox vacib məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdim. Bu, sizin ölkənizin böyük uğurudur, böyük məsuliyyətidir. Əminəm ki, siz bu vacib vəzifənin öhdəsindən şərəflə gələcəksiniz. Əlbəttə ki, bu gün həm də nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi, enerji siyasətinə dair vacib məsələləri müzakirə edəcəyik. Bizi bir çox cəhətlər, əsasən də xalqlarımız arasında dostluq əlaqələri və ölkələrimizin rəhbərləri arasındakı dostluq münasibətləri birləşdirir. Mən çox şadam ki, 2018-ci il bizim üçün dostumuzun səfəri ilə başlayır. Xoş gəlmisiniz.
X X X
Baş nazir Boyko BORİSOV dedi:
-Cənab Prezident, Sizə təşəkkür edirəm.
Hörmətli həmkarlar, mən həqiqətən qeyd edə bilərəm ki, xalqlarımız arasında müstəsna dərəcədə qarşılıqlı rəğbət hissi var. Çox gözəl haldır ki, Prezident İlham Əliyevlə indiyədək razılaşdırdığımız bütün məsələlər həll edilib. Mən hesab edirəm ki, Bakı ilə Sofiya arasında açılan birbaşa aviareys ölkələrimiz arasında yaxın münasibətlərin, turizmin və işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Lakin bu iş artıq görülüb. Qarşımızda yeni vəzifələr durur. Mən ümid edirəm ki, Prezident Əliyev SOCAR şirkəti ilə bağlı müvafiq göstəriş verəcək.