İlham Əliyev Nigeriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
08 yanvar 2018, 14:10
Prezident İlham Əliyev Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul edib.
Səfir Hamzat İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Hamzat İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Nigeriyanın Azərbaycan üçün qardaş ölkə olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq səviyyədə, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd etdi. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəni vurğulayan Prezident İlham Əliyev bununla bağlı ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyini bildirərək, ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyətini qeyd etdi. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı, eyni zamanda, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, investisiya qoyuluşu, biznes sahəsində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin önəmini vurğuladı və bu baxımdan iki ölkə arasında müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin zəruriliyini bildirdi.
Səfir Hamzat İbrahim Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarını dövlətimizin başçısına çatdırdı. Hamzat İbrahim ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd edərək iqtisadi əməkdaşlığımızın bu səviyyəyə uyğun olmadığını dedi. O, Bakıya bu səfəri zamanı Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yollarının müəyyənləşdiriləcəyini bildirdi. Ölkələrimizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayan səfir turizm, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.
Görüşdə əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, ticarət, müdafiə sənayesi və digər sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasının məqsədəuyğun olduğu qeyd edildi.
Dövlət başçısı Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya Prezidentinə çatdırmağı xahiş etdi.