Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22 dekabr 2017, 17:55
2018-ci ilin yanvar ayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İmaməddin qızı İbrahimovanın anadan olmasının 80 illiyi tamam olur.
Elza İbrahimova musiqinin ən müxtəlif janrlarında yüksək bədii təsir gücünə malik, mənəvi saflıq aşılayan çox sayda dərin məzmunlu əsərlər meydana gətirmişdir. Bəstəkarın uzun illər görkəmli ifaçıların repertuarını daha da zənginləşdirmiş mahnıları müasir Azərbaycan musiqi sənəti xəzinəsinin dəyərli nümunələri olub, özünə xas lirizmi və melodikliyi sayəsində dinləyicilərin böyük rəğbətini qazanmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafına layiqli töhfələr vermiş bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2017-ci il.