İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
01 dekabr 2017, 11:40
Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Xarici işlər naziri Məhəmməd Cavad Zərif İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının təşkili ilə bağlı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. O, İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əlaqələrin genişləndirilməsi işində Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsində böyük irəliləyişlərin əldə edildiyini deyən iranlı nazir iqtisadi əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Məhəmməd Cavad Zərif Azərbaycan ilə İranın üçtərəfli formatlarda iştirakının önəmini qeyd etdi.
Prezident İlham Əliyev İrana son səfərini məmnunluqla xatırlayaraq orada keçirilən üçtərəfli sammiti beynəlxalq səviyyədə mühüm tədbir kimi dəyərləndirdi və səfər zamanı İran Prezidenti ilə səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.