İlham Əliyev Kosta Rikanın xarici işlər və etiqad nazirini qəbul edib
29 noyabr 2017, 11:40
Prezident İlham Əliyev Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.
Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd etdi. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirdi ki, bu, ölkəsinin strateji qərarıdır. O qeyd etdi ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd etdi və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüş zamanı iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün kifayət qədər imkanların olduğu vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.