İlham Əliyev yenidən qurulan Suqovuşan-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib
28 noyabr 2017, 18:50
Prezident İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib.
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri Azərbaycanın potensialının tam üzə çıxarılmasına hərtərəfli zəmin yaradır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Rəmzi “40 yol” layihəsinin gerçəkləşdirilməsi məqsədilə dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılır.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir. Yenidənqurma zamanı burada genişmiqyaslı torpaq işləri görülüb, qum-çınqıl və iki laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton döşənib. 144 metr uzunluğunda müxtəlif diametrli suötürücü borular tikilib, kifayət qədər yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.