İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılışını edib
28 noyabr 2017, 14:45
Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilir. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub. Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.
Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitnes zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, dopinq-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.
Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Üçmərtəbəli 50 yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 95 yerlik konfrans zalı mövcuddur.
Qeyd olundu ki, buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Zalda üzgüçülük yarışlarını 100-dən çox tamaşaçı izləyə biləcək. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Ətrafda geniş yaşıllıq zolaqları salınıb, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün Ağcabədidə gözəl, böyük, möhtəşəm Olimpiya İdman Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Çox gözəl hadisədir, gözəl mərkəzdir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Demək olar ki, idmanın bütün növləri ilə həm idmançılar, həm də rayon sakinləri məşğul ola bilərlər. Gözəl idman zalları, üzgüçülük hovuzu, böyük stadion, açıq idman meydançaları və 1000 nəfərlik qapalı idman salonu. Yəni, bu, çox gözəl idman obyektidir. Çox şadam ki, Ağcabədidə belə gözəl idman mərkəzi yaradılıbdır.
İdman Azərbaycanda dövlət siyasətidir. Bildiyiniz kimi, idmançılarımız bizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər, dünya, Avropa, Olimpiya çempionlarımız var. İndi demək olar ki, bütün mötəbər beynəlxalq yarışlarda Azərbaycanın bayrağı dalğalanır. Biz, eyni zamanda, böyük idman tədbirlərini Azərbaycanda uğurla keçirmişik. Bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları, iki il bundan əvvəl isə Avropa Oyunları ən yüksək səviyyədə keçirilmişdir.
Deyə bilərəm ki, Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Həm Avropa, həm İslam Həmrəyliyi oyunlarında Avropanı və müsəlman aləmini təmsil edən 100-dən çox ölkə iştirak etmişdir. Bu, bir daha Azərbaycanı mədəniyyətlərarası dialoqun mərkəzi kimi dünyada təqdim etmişdir və bu, tarixi nailiyyətdir. Çünki iki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa, həm İslam Həmrəyliyi oyunları yüksək səviyyədə keçirilmiş, dünyanın bütün idman ictimaiyyəti bu oyunları maraqla izləmişdir. Bizim idmançılarımız da bu oyunlarda ən yüksək nəticələr göstərmiş, Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə layiq görülmüşlər. Bu, Azərbaycanı bir daha dünyaya güclü idman dövləti kimi təqdim edir, bir daha göstərir ki, Azərbaycan idmançıları güclü idmançılardır və onlar istənilən yarışda ölkəmizi ləyaqətlə təmsil edirlər.
Əlbəttə, bu uğurlara nail olmaq üçün biz gərək müntəzəm olaraq bu məsələlərlə bağlı öz işlərimizi düzgün quraydıq və belə də oldu. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar çox fəal işləyirlər, yeniyetmə idmanı, uşaq idmanı inkişaf edir, gənc nəsil yetişir. Bu gün bizim qələbələrimizi şərtləndirən əsas amillər idman infrastrukturu, təlim-məşq toplanışları, beynəlxalq yarışların Azərbaycanda keçirilməsidir. Bütün bu amillər Azərbaycanda var və təsadüfi deyil ki, biz, eyni zamanda, Yay Olimpiya Oyunlarında da yüksək nəticə göstəririk.
Avropa və İslam Həmrəyliyi oyunları Azərbaycanda keçirilmişdir. Adətən deyirlər ki, öz ölkəsində idmançılara hətta divarlar da kömək edir. Ancaq Rio Yay Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerə qalxmaq təsdiqləyir ki, həm Avropa, həm İslam Həmrəyliyi oyunlarındakı qələbələr təsadüfi deyildi. Bu qələbələr bizim gördüyümüz işlərin məntiqi nəticəsi idi.
Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu gözəl şərait yaradılır. Ağcabədidə möhtəşəm Olimpiya İdman Mərkəzi açılır. Bu, bölgələrdə açılan mərkəzlər arasında sayca 43-cüdür. Demək olar ki, bizim bütün bölgələrimizdə gözəl Olimpiya İdman mərkəzləri var. Qarşıya məqsəd qoyulub ki, hər bir şəhərdə belə komplekslər yaradılsın. Növbəti illərdə də bu istiqamətdə işlər aparılacaq.
İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır. Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir. Ağcabədidə belə bir mərkəzin yaradılması onu göstərir ki, biz hətta iqtisadi cəhətdən o qədər asan olmayan illərdə də sosial sahəyə, idman sahəsinə böyük investisiyalar qoyuruq.
İdman ictimai həyatımızın tərkib hissəsidir, bu, sosial siyasətimizin təzahürüdür. Ağcabədi rayonunda da belə obyektlərin sayı getdikcə çoxalır. Vaxtilə burada Azərbaycanın ən böyük xəstəxanalarından biri - Ağcabədi Mərkəzi Rayon Xəstəxanası tikilib istifadəyə verilmişdir. Mən bu gün maraqlandım, xəstəxana çox uğurla fəaliyyət göstərir, burada hər il pulsuz müayinə keçirilir və rayon sakinləri bu imkanlardan istifadə edirlər. Ağcabədidə Gənclər Mərkəzi, Şahmat Məktəbi, Qarabağ Muğam Mərkəzi və digər obyektlər açılmışdır, 28 məktəb tikilmişdir, 11 məktəb əsaslı təmir olunmuşdur. Bütün bu işləri görmək üçün vəsait lazımdır. Azərbaycan iqtisadiyyatı bu gün güclü iqtisadiyyatdır və bizim qarşımızda heç bir maliyyə problemimiz yoxdur. Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək.
Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur. Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcəkdir.
Burada kənd təsərrüfatı ilə bağlı yaxşı nəticələr var. Aqroparklar salınır, böyük taxılçılıq təsərrüfatları yaradılır. Bilirsiniz ki, mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl iri fermer təsərrüfatlarının yaradılması haqqında qərar verildi və ilk belə təsərrüfat - “Qarabağ Taxıl” müəssisəsi Ağcabədidə yaradılmışdır. Mən o müəssisənin fəaliyyəti ilə tanış olmuşam. Müəssisə öz fəaliyyətini genişləndirir və heyvandarlıq, bitkiçilik sahələrində də böyük imkanlar var. Ağcabədi heyvandarlıq sahəsində ənənəvi mərkəzlərdən biridir, bitkiçiliyə gəldikdə isə, pambıqçılığın da şöhrəti Ağcabədidə bərpa edilir. Sovet vaxtında Ağcabədi iri pambıqçılıq rayonlarından biri idi. İndi biz bu statusu qaytarırıq. Builki nəticələr də yaxşıdır, ağcabədililər müəyyən edilmiş hədəfə çatıblar. Əminəm ki, növbəti illərdə əlavə tədbirlərin, o cümlədən meliorativ tədbirlərin görülməsi nəticəsində məhsuldarlıq daha da artmalıdır və artacaq. Biz növbəti illərdə, ilk növbədə, məhsuldarlığa fikir verməliyik. Bunun üçün bütün tədbirlər vaxtında görülməlidir ki, məhsuldarlıq artsın.
Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var. İlin sonunda biz belə gözəl idman mərkəzinin açılışını da qeyd edirik. Bu gün açılışda idmançılar da iştirak edirlər, ilk növbədə, onları təbrik edirəm və tövsiyə edirəm ki, hər bir insan idmanla müntəzəm surətdə məşğul olsun. Sizi bir daha təbrik edirəm.
X X X
Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli CƏFƏROV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, Sizi Ağcabədi idmançıları, gəncləri və ictimaiyyəti adından salamlayıram. Rayonumuza “Xoş gəlmisiniz” deyirəm. Bu gün Ağcabədi idmançıları, gəncləri üçün tarixi bir hadisə yaşanır. Rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksi istifadəmizə verilir.
Ümumiyyətlə, son 14 ildə ölkəmizdə olan inkişaf idmandan da yan keçməmişdir. Ölkəmizdə birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, Dünya Şahmat Olimpiadası və digər mötəbər yarışlar keçirilmişdir. Həmin yarışlarda ölkəmizi idmançılarımız layiqincə təmsil etmiş, bayrağımızı ən yüksək zirvələrə qaldırmış, dövlət himnimizi səsləndirmişlər.
Hazırda respublikamızın bütün bölgələrində idmanla məşğul olmaq üçün hər cür şərait vardır. Mən özüm Ağcabədi idman məktəbinin yetirməsiyəm, ikiqat dünya, yeddiqat Avropa çempionuyam. Hazırda idmançılarımız 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunlarına səylə, böyük həvəslə hazırlaşırlar. Sizin bizə göstərdiyiniz yüksək diqqət və qayğıdan ruhlanaraq çalışacağıq ki, həmin Oyunlarda ölkəmizi layiqincə təmsil edək, çoxlu sayda medallar qazanaq.
Cənab Prezident, bütün bu işlərin hamısı Sizin əməyinizin, xidmətinizin nəticəsidir. Ən əsası odur ki, bu kompleks də gələcəyimizə, gənclərimizin və idmançılarımızın ölkəmizi layiqincə təmsil etmələrinə xidmət edəcək. Buna görə də Sizə və Sizinlə çiyin-çiyinə çalışan, Azərbaycan idmanının sürətli inkişafında böyük rol oynayan Mehriban xanıma qədim Ağcabədinin idmançıları, gəncləri adından dərin minnətdarlığımızı bildirirəm.
Möhtərəm cənab Prezident, Sizə möhkəm idman sağlamlığı, uzun ömür arzulayıram.
Prezident İlham ƏLİYEV: Sağ olun. Hansı idman növü ilə məşğulsan?
Əli CƏFƏROV: Karate ilə.
Prezident İlham ƏLİYEV: Karate də bu il Olimpiya idman növü oldu.
Əli CƏFƏROV: Bəli, çox sevindik.
Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu işdə Azərbaycan karateçilərinin də zəhməti var. Çünki biz karateni ilk dəfə olaraq Avropa Oyunlarının, sonra isə İslam Həmrəyliyi Oyunlarının proqramlarına daxil etdik. Bundan sonra karate Olimpiya idman növünə çevrildi. Ona görə 2020-ci ilə yaxşı hazırlaşın.
Rayon icra hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV: Cənab Prezident, Minayə Əkbərova taekvondo üzrə yeniyetmələr arasında dünya çempionatında ikinci yeri tutub.
Prezident İlham ƏLİYEV: Çox yaxşı, medallarınız da çoxdur. İndi burada gözəl idman zalları var, həm uşaqlar, yeniyetmələr, həm idmançılar, həm də rayon sakinləri istifadə edə bilərlər. İndi fiziki hazırlıq hər bir insan üçün çox vacib olan məsələdir.
İDMANÇILAR: Allah Sizdən razı olsun. Sizə çox minnətdarıq.
Şahin MƏMMƏDOV: Cənab Prezident, Yeni Qaradolaq kəndinin sakini Tofiq İsmayılov hektardan 50 sentner pambıq yığıb.
Prezident İlham ƏLİYEV: Bu yaxınlarda “Əmək” ordenini təsis etdik ki, zəhmətkeşlərə verilsin. Ona görə yüksək məhsuldarlığı təmin edən zəhmətkeşlərə, əlbəttə, dövlət tərəfindən mükafat verilməlidir.
Tofiq İSMAYILOV: Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Böyük sahəniz var?
Tofiq İSMAYILOV: Qırx hektar sahədə pambıq əkmişdim, hektardan 52 sentner məhsul götürdüm. Cəmi 208 ton pambıq tədarük etmişəm.
Prezident İlham ƏLİYEV: Belə yüksək məhsuldarlığa nəyin hesabına nail olmusunuz?
Tofiq İSMAYILOV: Bütün aqrotexniki qaydalara əməl etmişik. Mən 1979-cu ildən pambıqçılıqla məşğulam. Pambıq əkilməyən vaxtlarda da mən pambıq əkirdim.
Prezident İlham ƏLİYEV: Təcrübəniz var. Biz indi pambıqçılığı bərpa etdik. Bu il pambıq tədarükü təqribən 200 min tona çatacaq. İki il ərzində biz pambıq tədarükünü demək olar ki, 8 dəfə artırırıq. Çox gəlirli sahədir. İnsanlar çalışır, işləyir, əməkhaqqı alırlar. Dolanışıq, məşğulluq üçün də çox vacib sahədir. Təsadüfi deyil ki, sovet vaxtında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda pambıqçılıq çox sürətlə inkişaf etmişdir. İllər var idi ki, bir milyon ton yığılırdı, 800 min ton, demək olar ki, standart rəqəm idi. Ağcabədi də o vaxt ən iri pambıqçılıq rayonlarından biri idi. O vaxt bir rayon təqribən 100 min ton pambıq verirdi. Sizin kimi vətəndaşların hesabına pambıqçılığı bərpa edəcəyik. Gərək sizin təcrübəniz həm rayonda, həm də başqa yerlərdə öyrənilsin. Çünki hazırda Ağcabədidə hektardan məhsuldarlıq təqribən 20 sentnerdir. Amma hələ yığım davam edir, bu rəqəm arta bilər.
Şahin MƏMMƏDOV: Bəli, artacaq. Ötən il hektardan 24,2 sentner vermişik. Bu il bir az su qıtlığı problemi yaranıb. Tofiq İsmayılov müşavirələrdə çıxış edib öz tövsiyələrini verir.
Prezident İlham ƏLİYEV: İndi su məsələsi ilə bağlı problemi icra başçısı məruzə etdi. Biz bu problemi həll edəcəyik ki, su qıtlığı olmasın. Maksimum meliorativ tədbirlər görüləcək. İndi meliorasiya ilə bağlı bizim bir neçə böyük layihəmiz var: kanalların çəkilişi, yeni su mənbələrinin dövriyyəyə daxil edilməsi. Çünki siz yaxşı bilirsiniz ki, su və müasir texnika pambıqçılıq üçün əsasdır. Texnikanız varmı?
Tofiq İSMAYILOV: Texnika var və vaxtında çatdırılır.
Prezident İlham ƏLİYEV: Kombayn müasirdir?
Tofiq İSMAYILOV: Hamısı yenidir.
Prezident İlham ƏLİYEV: Əlbəttə, sovet vaxtının kombaynlarını yaxşı xatırlayırsınız.
Tofiq İSMAYILOV: Bəli, özüm işlətmişəm.
Prezident İlham ƏLİYEV: İndi fərqi görürsünüz. İtki və əziyyət az, məhsuldarlıq isə çox. Özü də rahat, kabinənin içi böyük, kondisionerli. Sizə bir daha uğurlar arzu edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.