Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI
27 noyabr 2017, 18:45
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 27 noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir
1. Giriş
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür.
Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir.
2. Azərbaycanda baramaçılığın və ipəkçiliyin mövcud vəziyyəti
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Sovetinin 1971-ci il 3 mart tarixli 106 nömrəli qərarı baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermiş, görülən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş, barama tədarükü xeyli artmışdı. Müvafiq torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə tut tinglərinin əkilib becərilməsi baramaçılığın yem bazasını möhkəmləndirmişdi. Tut ipəkqurdunun bəslənməsi üçün təsərrüfatların ictimai binalarında, anbar və digər tikililərdə kümçülərə mövsümi yerlərin ayrılması və yaş baramanın tədarük qiymətinin yüksəldilməsi istehsalçılarda baramaçılığa marağı ilbəil artırırdı. Belə ki, yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5,0 min, 1985-ci ildə isə 5,5 min ton olmuşdu.
70–80-ci illərdə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu, damazlıq stansiyaları, barama toxumu zavodları, rayon barama qurutmaxanaları, ipəkçilik idarələri, tingçilik təsərrüfatları və emal müəssisələri vahid kompleks şəklində fəaliyyət göstərirdi və respublikanın 60 rayonunda baramaçılıq şəbəkəsi yaradılmışdı. Həmin dövrdə ipəkçiliyin inkişafı sahəsində görülmüş genişmiqyaslı işlərin nəticəsi olaraq, artıq 1991-ci ildə ölkədə yaş barama istehsalı 5,9 min tona çatdırılmışdı.
Eyni zamanda, ipəkçiliyin elmi əsasları işlənilmiş, tut ağaclarının və ipəkqurdunun seleksiyasına dair geniş tədqiqatlar aparılmış, yeni yaradılan tut ipəkqurdu cinslərindən elit toxumların əldə edilməsi üçün superelit toxumlar hazırlanmışdır.
Lakin baramaçılıqda baş verən geriləmə nəticəsində 1992-ci ildən etibarən yaş barama istehsalı (5200 ton) tədricən azalmış və 2015-ci ildə ölkədə cəmi 236 kiloqram yaş barama istehsal edilmişdir.
Buna baxmayaraq, son illərdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafı yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu nəzərə alınaraq, 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanılmışdır. Görülən tədbirlər nəticəsində 2016-cı ildə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli və "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 16 noyabr tarixli 2442 nömrəli sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaratmışdır.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli 2893 nömrəli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli 3286 nömrəli sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılmışdır.
Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi bu sahəyə marağı artırmışdır. Baramaçılığın və ipəkçiliyin stimullaşdırılması ilə bağlı tədbirlər istehsalın artırılmasına, yüksəkkeyfiyyətli ipək məhsullarının ixracına, yeni iş yerlərinin açılmasına və kənd əhalisinin məşğulluğunun təmin olunmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyətə malikdir.
Bu baxımdan, Dövlət Proqramının həyata keçirilməsi ümumilikdə ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcəkdir.
3. Dünyada ipəkçiliyin inkişaf meyilləri
Dünya bazarında ipək məhsullarına tələbatın artması nəticəsində onun qiymətində yüksəlmə meyli müşahidə olunur. Hazırda dünya bazarında 1 ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Belə ki, son illərdə xam ipək istehsalında davamlı artım müşahidə olunur. İpək dünya toxuculuq sənayesi malları bazarının yalnız 0,2 faizini təşkil etməsinə baxmayaraq, ipəkçilik dünyanın 30-dan çox ölkəsində yayılmışdır. Hazırda dünyada ən böyük ipək istehsalçısı olan ölkələr Çin, Hindistan, Özbəkistan və Braziliyadır.
Dünya üzrə xam ipək istehsalının 84 faizi, ixracın isə 54,1 faizi Çin Xalq Respublikasının payına düşür. Bu səbəbdən dünya bazarında ipək parça məmulatların qiymətlərini, başlıca olaraq, Çin istehsalçıları müəyyən edir. Dünyada ipək istehsalının həcminə görə Hindistan ikinci yerdə olsa da, yerli əhali arasında ipək parçalardan istifadə geniş yayıldığı üçün istehsal, əsasən, yerli tələbatı ödəyir və nəticədə ölkə beynəlxalq bazarlarda ipəyin qiymətinin formalaşmasında iştirak etmir. Özbəkistan Respublikası ipək istehsalının həcminə görə dünyada 3-cü yeri tutsa da, istehsal olunan ipək keyfiyyət baxımından Çin ipəyindən aşağı olduğu üçün beynəlxalq bazarlarda onun bir kiloqramının qiyməti mövcud bazar qiymətindən 1-1,5 ABŞ dolları aşağı müəyyən edilir.
İpəkçiliyi inkişaf etdirmək istəyən ölkələrdə barama istehsalına dəstək dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunur. Avropa İttifaqında yaş barama istehsalçılarına dəstək olaraq, barama toxumları kümçü ailələrinə pulsuz verilir. İstehsalçılar yaş barama məhsulunun satışında tam sərbəstdirlər.
Özbəkistan Respublikasında dövlət tərəfindən pulsuz verilən bir qutu barama toxumu müqabilində dövlətə 50 kq yaş barama təhvil verilməsi planı tətbiq edilir və normadan artıq təhvil verilmiş məhsula görə mükafat müəyyən olunur. Bu sahədə fəaliyyət göstərən müəssisələr üçün vergi güzəştləri vardır, idxal edilən xammal və materiallar isə gömrük rüsumlarından azaddır.
İran İslam Respublikasında dövlət yaş baramanı tədarük edib yerli emal müəssisələrinə daha ucuz satmaqla bu sahənin inkişafını təşviq edir. Nəticədə İranda ipək istehsalının həcmi ilbəil artır.
Türkiyə Respublikasında yaş baramanı kümçülərdən xüsusi yaradılmış kooperativlər birliyi, keyfiyyətindən asılı olaraq, satın alır. Bundan əlavə, birlik fermerlərə pulsuz ipəkqurdu toxumları paylayır, təlim kursları keçirir, yemləmə məntəqələrində dezinfeksiya işləri aparır. Qeyd edilən tədbirlər son illərdə kümçülərin bu sahəyə marağını daha da artırmışdır.
4. Dövlət Proqramının məqsədi və vəzifələri
4.1. Dövlət Proqramının məqsədi ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir.
4.2. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
4.2.1. baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi;
4.2.2. barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması;
4.2.3. baramaçılığın və ipəkçiliyin inkişafı üçün əlverişli ərazilərdə ixtisaslaşmanın dərinləşdirilməsi;
4.2.4. mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması;
4.2.5. barama toxumçuluğunun inkişafı;
4.2.6. yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması;
4.2.7. baramaçılığın və ipəkçilik sənayesinin müasir texnologiyalar əsasında təşkili;
4.2.8. ipək məhsulları ixracının dəstəklənməsi və təşviqi.
5. Baramaçılığın və ipəkçiliyin inkişafının əsas istiqamətləri
5.0. Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:
5.0.1. baramaçılığın və ipəkçiliyin inkişafı üzrə institusional tədbirlərin həyata keçirilməsi;
5.0.2. baramaçılıq və ipəkçilik sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;
5.0.3. baramaçılığın və ipəkçiliyin infrastruktur təminatının yaxşılaşdırılması;
5.0.4. baramaçılığın və ipəkçiliyin emal potensialının gücləndirilməsi;
5.0.5. ipəkçilik klasterlərinin inkişafının dəstəklənməsi;
5.0.6. bu sahədə marketinq fəaliyyətinin gücləndirilməsi.
6. Dövlət Proqramının maliyyələşmə mənbələri
6.0. Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
6.0.1. dövlət büdcəsi;
6.0.2. büdcədənkənar fondlar;
6.0.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;
6.0.4. yerli və xarici investisiyalar;
6.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
7.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda baramaçılıq və ipəkçilik ənənələrinin inkişaf etdirilməsinə, ipək məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradacaqdır.
7.2. Eyni zamanda, görülən tədbirlər ölkədə toxuculuq sənayesinin inkişafına, ipəkçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşmasına, yeni texnologiya və biliklərin tətbiqinə, ipək məhsulları ixracının genişlənməsinə və ipəkçiliklə bağlı digər sahələrin inkişafına təsir göstərməklə, bütövlükdə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə mühüm töhfə verəcəkdir.
7.3. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
8. Dövlət Proqramının həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI
Sıra №-si |
Tədbirin adı |
İcra müddəti |
İcraçılar |
8.1. Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə institusional tədbirlər |
|||
8.1.1. |
Baramaçılıq və ipəkçilik sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi |
2018 – 2020 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi |
8.1.2. |
Baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun milli standartların yaradılması |
2018 – 2019 |
Standartlaşdırma, Metrologiya və Patent üzrə DövlətKomitəsi, Kənd Təsərrüfatı Nazirliyi |
8.1.3. |
İpəkçiliyə marağın artırılması məqsədi ilə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi |
2018 – 2019 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi |
8.1.4. |
Baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi |
2018 – 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
8.1.5. |
Barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasındakooperasiyanın dəstəklənməsi |
2018 – 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
8.1.6. |
Barama istehsalçıları assosiasiyasının yaradılmasının dəstəklənməsi |
2018 – 2019 |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
8.2. Baramaçılıq və ipəkçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi |
|||
8.2.1. |
Tut ipəkqurdunun seleksiyası laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi |
2018 – 2020 |
Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
8.2.2. |
Yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması,ilkintoxumçuluğun təşkili istiqamətində elmitədqiqat işlərinin genişləndirilməsi |
2018 – 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
8.2.3. |
Peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadrhazırlığının təşkili,qəbul planının əmək bazarının tələblərinəuyğunlaşdırılması |
2019 – 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi |
8.2.4. |
Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi |
2018– 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
8.3. Baramaçılığın və ipəkçiliyin infrastruktur təminatının yaxşılaşdırılması |
|||
8.3.1. |
Baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və yeni tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi |
2018 – 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, yerli icra hakimiyyətiorqanları |
8.3.2. |
Baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi |
2018 – 2020 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi |
8.3.3. |
Tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin,o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılmasının dəstəklənməsi |
2018 – 2020 |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
8.3.4. |
Mövcud və yeni salınmış tut (çəkil) bağlarının su təminatının yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması |
2018 – 2025 |
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
8.3.5. |
Barama istehsalı və ipək emalı müəssisələrinin elektrik, qaz, su təchizatı və digər infrastruktur sistemlərinə qoşulmasının təmin edilməsi |
2018 – 2025 |
“Azərişıq” ASC, “Azərsu” ASC, Dövlət Neft Şirkəti, yerli icra hakimiyyəti orqanları |
8.4. Baramaçılıq və ipəkçilik sahəsində dövlət dəstəyi tədbirləri |
|||
8.4.1. |
İpəkçilik məhsulları istehsalının genişləndirilməsinin dəstəklənməsi |
2018 – 2025 |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
8.4.2. |
Barama istehsalı və emalı sahəsində innovativ layihələrin dəstəklənməsi |
2018 – 2025 |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
8.4.3. |
Barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi |
2018 – 2025 |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
8.4.4. |
Baramaçılıq və ipəkçilik sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi |
2018 – 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
8.4.5. |
Barama istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilməsinin davam etdirilməsi |
2018–2025 |
Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi |
8.5. Baramaçılıq və ipəkçilik sahəsində marketinq fəaliyyətinin gücləndirilməsi, ipək məhsullarının ixracının təşviqi |
|||
8.5.1. |
İpək istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, ipək məhsullarının ixracının təşviqi |
2018 – 2025 |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərxalça” ASC |
8.5.2. |
Qabaqcıl barama istehsalçılarının nailiyyətlərinin təşviqi |
2018 – 2025 |
Azərbaycan Respublikası PrezidentininAdministrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərxalça” ASC, yerli icra hakimiyyəti orqanları |
8.5.3. |
İpək istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi |
2018 – 2025 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi |