İlham Əliyevin Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə nitqi
08 noyabr 2017, 09:45
Hörmətli neftçilər.
Xanımlar və cənablar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda 2 milyardıncı ton neft hasil edilibdir. Bu münasibətlə Azərbaycan neftçilərini və bütün Azərbaycan xalqını təbrik edirəm.
Bu, tarixi bir hadisədir. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm.
Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün isə qaz ölkəsi kimi tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Sovet dövründə də Azərbaycan neftçiləri Sovet İttifaqının ümumi inkişafına çox böyük töhfələr vermişlər. O vaxt Azərbaycan müttəfiq respublikalar arasında ikinci respublika idi ki, donor kimi tanınırdı. Yəni, biz ümumittifaq büdcəsinə daha çox vəsait ayırırdıq, nəinki alırdıq. Əlbəttə ki, Azərbaycan neftçilərinin bu sahədə payı çox böyük idi.
1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfə vermişdir, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılmışdır. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirmişdir. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti bu gün də bizim neft potensialımızı gücləndirir. Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır.
Heydər Əliyev Azərbaycandan gedəndən sonra bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də tənəzzül yavaş-yavaş özünü büruzə verməyə başlamışdı və 1990-cı illərin ərəfəsində artıq neft hasilatı ilə bağlı problemlər yaradılmışdı. Müstəqilliyimizin ilk illərində bu problemlər daha da dərinləşdi. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır keçirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəni idarə edənlər öz məsuliyyətini dərk edə bilmədilər, səriştəsiz, bir çox hallarda savadsız kadrlar qabağa çəkildi, ölkə xaosa büründü, anarxiya hökm sürürdü, Bakıda və digər şəhərlərdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu və bütün bu xoşagəlməz hadisələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxardı. Yenə də Heydər Əliyev öz tarixi missiyasını icra etdi. Azərbaycanı bu böyük bəlalardan qurtardı, Azərbaycana sabitlik gətirdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər inkişaf yolu ilə gedir.
Ancaq Azərbaycan iqtisadiyyatına, Azərbaycan sənayesinə, o cümlədən neft sənayesinə vurulmuş zərbələr də çox ağır idi. Bugünkü mərasimdə Azərbaycanın tanınmış neftçiləri, veteranlar, o illəri yaxşı xatırlayan insanlar əyləşiblər. Onlar çox yaxşı bilirlər ki, Azərbaycan neft sənayesinin 1990-cı illərin əvvəlində vəziyyəti necə idi. Bu vəziyyətdən biz çıxış yolu axtarmalı, tapmalı idik və Heydər Əliyev neft strategiyası yeganə çıxış yolu idi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması bu sahədə dönüş yaratdı. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və bayaq qeyd etdiyim kimi, çox ağır çağırışlarla üz-üzə qalmışdı, iqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyev neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan dünyada özünü tanıtdıra bilmişdir. Azərbaycana, ilk növbədə, ölkəmizin neft-qaz sektoruna böyük şirkətlər tərəfindən maraq artmışdır və bu maraq praktiki işlərə gətirib çıxarmışdır.
Mən o illəri yaxşı xatırlayıram. Dövlət Neft Şirkətinin bir qrup rəhbər işçisi 1994-cü ildə danışıqlar aparmaq üçün Amerikanın Hyuston şəhərinə ezam edilmişdi. Orada bir aydan çox danışıqlar aparıldı. Xoşbəxt müəllim o danışıqların çox fəal iştirakçısıdır. Bu danışıqlar nəticəsində sentyabr ayında kontrakt imzalandı. Bu kontrakt o vaxt üçün ən məqbul və əlverişli şərtlərlə imzalanmışdı. Biz bunu elə o vaxt - 1994-cü ildə deyirdik. O vaxt bizdə kontraktın şərtlərini təhlil edə biləcək mütəxəssislər demək olar ki, yox idi. Ancaq biz deyirdik və bilirdik ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin edildi və bugünkü reallıq onu göstərir.
Bu gün bu kontrakt qüvvədədir. Kontrakt nəticəsində Azərbaycana milyardlarla dollar sərmayə qoyulubdur. Kontraktın icrası nəticəsində minlərlə, on minlərlə Azərbaycan mütəxəssisi təlim alıb, təhsil alıb və bu gün konsorsiumun işçilərinin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Kontrakt nəticəsində Azərbaycanda böyük infrastruktur layihələri, böyük tikinti işləri icra edilib və ölkə iqtisadiyyatı milyardlarla, on milyardlarla dollar gəlir gətiribdir.
1994-cü il Azərbaycanın neft sənayesində dönüş nöqtəsi idi, “Əsrin kontraktı”nın tarixi əhəmiyyəti artıq həyatda özünü sübut etdi və eyni zamanda, bu, bir yol açdı. Göstərdi ki, gənc müstəqil dövlət olan Azərbaycan xarici tərəfdaşlarla düzgün iş qura, öz milli maraqlarını müdafiə edə bilər. Beləliklə, bizə olan maraq artdı, maraq artdıqca ölkəmizə sərmayə qoyuluşu da artmağa başladı. Bir çox kontraktlar imzalanmışdır, mən onların arasında “Şahdəniz” kontraktını xüsusilə qeyd etməliyəm. 1996-cı ildə imzalanmış bu kontrakt indi Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Neftçilər yaxşı bilirlər ki, o vaxt prinsipcə qaz yataqlarına dünyada o qədər də böyük maraq göstərilmirdi. Çünki bu, aşağıgəlirli sahə hesab olunurdu və o vaxt enerji təhlükəsizliyi haqqında, ümumiyyətlə, söhbət aparılmırdı. “Şahdəniz” yatağının müxtəlif parametrləri təhlil edilərkən bir sıra mütəxəssislər bəzən belə qənaətə gəlirdilər ki, bu, iqtisadi cəhətdən o qədər də çox cəlbedici layihə deyil. Ancaq həyat onu göstərdi ki, bu, iqtisadi cəhətdən çox cəlbedici layihədir və bu layihə ölkəmizin iqtisadi, siyasi potensialının güclənməsində çox müsbət rol oyanmışdır.
Bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi.
Hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa edilir. “Şahdəniz-2” üçün bütün tikinti işləri Azərbaycanda icra edilmişdir. Azərbaycanın minlərlə, bəlkə də on minlərlə vətəndaşı bu işlərə cəlb edilmişdir. Dünyanın ən böyük neft-qaz terminalı – Səngəçal terminalı da bizim böyük sərvətimizdir. Neft əməliyyatlarının aparılması üçün bizim gəmiqayırma zavodumuzda istənilən növ gəmilər istehsal olunur. Onlardan biri, - bu nəhəng gəmiyə “Xankəndi” adını vermişik, - bu yaxınlarda istifadəyə verildi.
Bir sözlə, bu gün “Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir.
Azərbaycanın timsalında, eyni zamanda, göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdırlar? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir. Çünki biz tərəfdaşlarımızla, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurmuşuq. Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir. Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır.
Mən bu gün BP şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusilə qeyd etmək istərdim. İyirmi üç ildir ki, BP bizim tərəfdaşımızdır və aparıcı layihələrimizdə bizimlə bərabər çox fəal rol oynayır. Demək istəyirəm ki, bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, onun 460 milyon tonu isə konsorsium tərəfindən hasil edilib. Ona görə, qoy, bizim ictimaiyyət bir daha bilsin ki, xarici tərəfdaşlar, xüsusilə BP şirkəti Azərbaycanın inkişafında, Azərbaycanın iqtisadi potensialının güclənməsində nə qədər böyük rol oynamışdır. Bir daha demək istəyirəm ki, bunun da təməlində dövlətlə xarici tərəfdaşlar arasındakı əməkdaşlıq dayanır.
BP-SOCAR əməkdaşlığı bu gün bir çox ölkələr üçün nümunədir. “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib. Yəni, bir neçə il bundan əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulmuşdur ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisələr SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcəkdir. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək.
Beləliklə, Heydər Əliyev neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilmişdir. Bu strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir. Hazırda biz yeni layihələr üzərində işləyirik. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilibdir. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla icra edirik, əminəm ki, tam icra edəcəyik.
Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanmışdır. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcəkdir. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıbdır. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq.
Bu, bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var. Yaxşı yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini inşa edərkən o vaxt işimizə maneçilik törətmək istəyən qüvvələr var idi. Bizə qarşı kampaniyalar, şər-böhtan kampaniyası aparılırdı. Ortaya süni bir ekoloji mövzu qoyulmuşdu ki, guya burada ekologiya pozulacaq. Halbuki, baxın, bu gün Bakının vaxtilə çirklənmiş yerlərində biz parklar saldıq, cənnət yaratdıq. Elə Bibiheybət yatağının - ən qədim neft yatağının əvvəlki görüntüləri necə idi, indiki görüntüləri necədir. Əvvəlki görüntülər bir fəlakət mənzərəsi idi. Bu gün isə bu, Bakının ən gözəl parklarından biridir. Yəni, biz ekoloji vəziyyətin yaxşılaşdırılmasına da çox böyük vəsait qoyuruq. Amma o vaxt bunu bəhanə gətirərək istədilər işimizi əngəlləsinlər.
İkinci bir mövzu neft ehtiyatları ilə bağlı idi. Deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan kəmərini tikmək lazım deyil, bu, heç vaxt özünü doğrultmayacaq. Bax, biz artıq 1997-ci ildən başlayaraq konsorsiumla birlikdə 20 il ərzində nefti hasil edirik. Qeyd etdiyim kimi, konsorsium ancaq “Azəri-Çıraq-Günəşli”dən 460 milyon ton neft hasil edib. Lakin bundan da çox təsdiqlənmiş ehtiyat var. Kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, bizim kifayət qədər neftimiz var, qoy, heç kim narahat olmasın. Eyni mövzunu qazla bağlamaq istəyirdilər, yenə də bədxahlar, bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda qaz yoxdur. Ancaq bu gün “Şahdəniz-2” layihəsi reallıqdır. Qeyd etməliyəm ki, bizim təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatlarımız 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir, proqnoz təqribən 3-4 trilyon kubmetrə bərabərdir. “Azəri-Çıraq” yatağının işlənilməsi onu göstərir ki, biz həmişə çox konservativ rəqəmlər ortaya qoyuruq. Mən yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 511 milyon tona bərabər səviyyədə hesablanmışdı. Hətta mən o vaxt Dövlət Neft Şirkətində gənc bir işçi kimi təəccüb edirdim ki, bunu necə dəqiqliklə hesablaya bilərlər – 511. Niyə 510 yox, 512 yox, 511? Əlbəttə ki, bu, bir şərti rəqəm idi. Ancaq bugünkü hesablamalar onu göstərir ki, yataqların ehtiyatı minimum ən azı iki dəfədən çoxdur. Çünki o 511 şərti rəqəminin 462-si artıq çıxarılıb. 2050-ci ilə qədər də, görün, nə qədər neft olacaq?
Ona görə əminəm ki, bizim proqnozlarımız həyatda öz təsdiqini tapacaq. Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. “Ümid”, “Babək” yataqlarının çox böyük perspektivləri var. Gələn ildən Dövlət Neft Şirkəti bu yataqlarda da çox fəal iş aparacaqdır. Müəyyən işlər aparılır. Daha da böyük həcmdə işlər aparılacaqdır.
Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaqdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik. Bizim heç bir maliyyə problemimiz, çətinliyimiz yoxdur. Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir.
Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Biz vaxtilə xaricdən qaz alırdıq, indi xaricə satırıq. Elektrik enerjisi alırdıq, indi onu satırıq. İndi nefti satırıq, neft məhsullarını satırıq. Biz böyük həcmdə qaz satacağıq və ölkəmizə daha çox pul gələcək. Biz bu vəsaitdən də çox səmərəli və şəffaf şəkildə istifadə edirik. Bildiyiniz kimi, neftdən əldə olunan bütün gəlirlər Dövlət Neft Fondunda şəffaf şəkildə saxlanılır. Bu da beynəlxalq auditdən keçən, dünyanın ən şəffaf neft fondlarından biridir. Biz o vəsaiti ölkə üçün vacib olan layihələrə ayırırıq. Həm ehtiyatı artırırıq, həm ən vacib sosial və infrastruktur layihələrinə bu vəsaitdən istifadə edirik. Əlbəttə ki, Azərbaycan Milli Məclisi bu xərcləri təsdiq edəndən sonra. Onların arasında köçkünlərin problemlərinin həllidir, - 100-ə yaxın şəhərcik salınıb, - məktəblərdir, infrastruktur layihələridir, əlbəttə ki, neft sənayesinin inkişafı ilə bağlı olan layihələrdir, xüsusilə nəhəng qazma qurğusunun tikintisi də Dövlət Neft Fondunun xətti ilə maliyyələşdirilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu məhz o mənbədən maliyyələşdirilmişdir.
Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu, böyük tarixi nailiyyətdir. Bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətdir. Biz bunu bu gün də bilirik, bunu gələcəkdə də hər kəs daha çox görəcək və hiss edəcək. Bunun da maliyyə mənbəyi haradan gəlib? Dövlət Neft Fondundan. Dövlət Neft Fonduna haradan gəlib? Neftçilərin zəhməti hesabına. Əgər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum tikilməsə idi, o dəhliz açılmasa idi, vəsaitimiz olmasa idi biz bunu necə tikə bilərdik? Mən prezident vəzifəsinə seçiləndən demək olar ki, dərhal sonra bu layihə ilə məşğul olmağa başlamışam. Görürdüm ki, burada böyük çətinliklər var. İlk növbədə, maliyyə çətinliyi və texniki məsələlərin həlli. Çünki ölkələr arasında bir çox razılaşmalar əldə olunmalı idi. O vaxt biz bunu həll etdik. Bu layihə ilə bağlı siyasi əngəllər törədilməyə başlandı. Əgər maliyyə imkanlarımız olmasa idi, biz Bakı-Tbilisi-Qarsı hansı pulla tikə bilərdik? Çünki bu yolun böyük hissəsi Azərbaycan ərazisindən keçir – 504 kilometr. Gürcüstan ərazisindən 200 kilometrdən çox hissəsi keçir ki, orada da maliyyə və texniki məsələləri Azərbaycan həll edir. Yolun uzunluğu təxminən 850 kilometrə yaxındır. Yəni, ancaq səmərəli fəaliyyət nəticəsində, şəffaf Neft Fondunda saxlanılan vəsait hesabına və neftçilərin zəhməti sayəsində biz buna nail ola bilmişik.
Bu gün Azərbaycan çiçəklənən bir dövlətdir. Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar – biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir. Azərbaycan vətəndaşları bunu həmişə bilməlidirlər. Biz bu gün haqlı olaraq qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Nə üçün? Çünki mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq.
Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaqdır. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək.
Bir milyardıncı ton neftin hasil edilməsi münasibətilə 1971-ci ildə Heydər Əliyevin sədrliyi ilə Opera və Balet Teatrında təntənəli mərasim keçirilmişdir. Bu gün müstəqil Azərbaycanda, Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə biz 2 milyardıncı ton neftin hasilatını qeyd edirik. Müstəqillik ən böyük sərvətimizdir. Ancaq müstəqillik dövründə Azərbaycan böyük zirvələrə çata bildi. Ancaq müstəqillik dövründə xalq öz təbii sərvətlərinin sahibi oldu. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsi həm təbiidir, - çünki bu, bizim əsas toplantı salonumuzdur, əsas mərkəzimizdir, - həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir. Biz isə öz növbəmizdə bundan sonra da Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Əziz dostlar, mən bir daha sizi bu tarixi hadisə münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan neftçilərinə eşq olsun!