İlham Əliyev Qazaxıstanın Baş nazirinin birinci müavinini qəbul edib
16 noyabr 2017, 12:10
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Baş nazirinin birinci müavini Askar Mamini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə beynəlxalq tədbirlərdə keçirdikləri görüşləri xatırladaraq, Qazaxıstan Prezidentinin Azərbaycana son rəsmi səfərini əlaqələrimizin inkişafında mühüm hadisə kimi dəyərləndirdi və bu görüşlər zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını dedi. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu və artıq müsbət nəticələrin əldə edildiyini deyən Prezident İlham Əliyev Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Askar Maminin ölkəmizə səfərinin məhsuldar olacağına və səfər zamanı iqtisadiyyat, nəqliyyat, energetika, tranzit yükdaşımaları, investisiya qoyuluşu sahələri ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.
Cənubi Qafqaz regionunda Azərbaycanın Qazaxıstan üçün strateji tərəfdaş ölkə olduğunu deyən Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Askar Mamin qeyd etdi ki, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində böyük potensial var. Qonaq bu potensialın reallaşdırılması üçün birgə səylərin göstərilməsinin önəmini vurğuladı. Askar Mamin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdıraraq dedi ki, bu nəqliyyat dəhlizi Asiya-Avropa istiqamətində transkontinental yükdaşımalarının inkişafı işinə böyük töhfə verir. O, əmin olduğunu bildirdi ki, bu dəmir yolu xəttinin işə salınması ilə Azərbaycan, Qazaxıstan və ümumilikdə, transxəzər marşrutunun tranzit potensialı tam həcmdə həyata keçiriləcəkdir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.