İlham Əliyev Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılış mərasimində iştirak etmişdir
29 iyun 2011, 19:10
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak etmişlər.
İnşaatçılar və Tennis Akademiyasının əməkdaşları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsdi.
Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlətimizin başçısına məlumat verdi ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür şərait yaradılmışdır.
Böyük zövq və ustalıqla qurulan mərkəzi kortda beynəlxalq yarışların təşkili, o cümlədən yeniyetmə və gənc idmançıların tennislə məşğul olmaları üçün bütün imkanlar vardır.
Qeyd edildi ki, 3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir materiallardan, kompakt laminatlardan istifadə olunmuşdur.
Mərkəzi kortla tanışlıq zamanı gənc tennisçilərin oyununu izləyən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançılarla görüşərək söhbət etdilər. Bildirildi ki, Tennis Akademiyasına maraq böyükdür. Bu idman ocağına müraciət edənlərin sayı getdikcə çoxalır. Artıq burada beynəlxalq miqyaslı yarışlar da təşkil olunur. Bu il Bakı Tennis Akademiyasında yeniyetmə və gənclər arasında Avropa tennis turniri keçirilmişdir. Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə iyunun 16-dan 24-dək qadınlar arasında keçirilən “Baku Cup” beynəlxalq turniri də uğurla başa çatmışdır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı ilə tanış oldular. Bildirildi ki, burada idmançıların təlim-məşq toplanışlarına hazırlaşmaları, ümumiyyətlə idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq və idman qurğuları quraşdırılmışdır.
Dövlət başçısı turnikdə dartındı.
Dövlət başçısı və xanımı Bakı Tennis Akademiyasındakı üzgüçülük hovuzunda yaradılan şəraitlə də tanış oldular. Bildirildi ki, hovuzun uzunluğu 25, eni 16 metrdir. Bundan əlavə, Tennis Akademiyasında aerobika bölməsi və SPA mərkəzi də idmançıların istifadəsinə verilmişdir.
Bildirildi ki, ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı genişləndirilmişdir.
Prezident İlham ƏLİYEV inşaatçıları və Tennis Akademiyasının kollektivini təbrik edərək dedi:
- Azərbaycan Tennis Akademiyasında yeni gözəl işlər görülübdür. İki il bundan əvvəl Akademiyanın açılışında olarkən mənə bu yeni kortun tikintisi ilə bağlı məlumat verilmişdi. Çox şadam ki, iki il keçəndən sonra ölkəmizdə ən böyük və müasir tennis kortu artıq istismara verilib. Artıq bu Akademiya ən mötəbər yarışları keçirmək üçün hazırdır.
Azərbaycanda idmanın bütün növləri inkişaf edir. Ancaq idmanın tennis növünün xüsusiyyəti ondan ibarətdir ki, dünya miqyasında çox böyük marağa layiq olan bir idman növüdür. Beynəlxalq yarışlar, müxtəlif ölkələrdə keçirilən yarışlar geniş auditoriyaya malikdir. Milyonlarla insan bu yarışlara baxır.
Azərbaycanda sovet dövründə müəyyən ənənələr olmuşdur. Ancaq deyə bilmərəm ki, o vaxt idmançılarımız hansısa yüksək nəticəyə nail olmuşlar. İndiki zəmanədə, indiki şəraitdə yaxşı idmançılar yetişdirmək üçün bütün imkan vardır. İstənilən idman növündə qələbə qazanmaq, layiqli yer tutmaq üçün şərait olmalıdır. İndi ölkəmizin hər bir yerində yeni olimpiya kompleksləri tikilir və biz görürük ki, orada məşq edən uşaqlar, yeniyetmələr yüksək nəticəyə nail olurlar.
Əminəm ki, bir neçə ildən sonra tennisçilərimiz dünyada öz sözlərini deyəcəklər. Buna vaxt lazımdır. İndi şərait vardır. Burada bir neçə kort tikilibdir. Mərkəzi kort ən böyük kortdur və bundan sonrakı dövrdə təlim-məşq prosesi düzgün qurulmalıdır. Təlim-məşq prosesinin düzgün qurulmasından çox şey asılıdır.
Əlbəttə ki, Bakıda beynəlxalq yarışların keçirilməsi də çox vacibdir. Mənə verilən məlumata görə, yaxın vaxtlarda Bakıda dünya səviyyəli beynəlxalq turnir keçiriləcəkdir. Bu da tennisin Azərbaycanda yayılmasına, populyarlaşmasına xidmət göstərəcəkdir. Gənclərimiz, yeniyetmələrimiz yaxşı öyrənəcəklər, görəcəklər, görkəmli tennisçilərlə ünsiyyətdə olacaqlar. Bu idman növünün Azərbaycanda böyük və gözəl gələcəyi olacaqdır. Mən buna əminəm. Digər idman növlərində əldə edilmiş uğurlar belə deməyə əsas verir.
Bu akademiyanın tikintisində iştirak etmiş insanlara da minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, Azərbaycan inşaatçıları bu işləri görüblər, onların böyük imkanları, peşəkarlıq qabiliyyəti vardır. Azərbaycanda indi böyük tikinti obyektləri yaradılır. Demək olar ki, orada işləyənlərin mütləq əksəriyyəti yerli işçilərdir, dizaynerlərdir, mühəndislərdir. Yəni, Azərbaycanda tikinti sektorunda artıq güclü bir potensial yaradılıbdır.
Bu akademiya böyük zövqlə tikilibdir. Əminəm ki, həm Binəqədi rayon sakinləri, həm də ümumiyyətlə Bakı sakinləri burada yaradılmış imkanlardan istifadə edəcəklər.
Sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.