İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
27 oktyabr 2017, 14:30
Prezident İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.
Səfir Mark İnnes-Braun fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mark İnnes-Braun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında parlament üzvlərinin, nazirlər və digər səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı qarşılıqlı ticarətin artırılması üçün iqtisadi əməkdaşlıq formatının müəyyənləşdirilməsinin zəruri olduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, geniş liman şəbəkəsindən istifadə edərək yeni əməkdaşlıq sahələrinin qurulmasının mümkünlüyünü qeyd etdi. Dövlətimizin başçısı turizm sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Mark İnnes-Braun səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı işinə töhfəsini verəcək.
Avstraliya İttifaqının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braun ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə etimadnaməsini təqdim etməkdən qürur hissi duyduğunu bildirdi. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirərək dedi: “Avstraliya hər zaman Azərbaycanı möhkəm şəkildə dəstəkləmişdir. Biz Dağlıq Qarabağla bağlı sizin suverenliyinizi və ərazi bütövlüyünüzü dəstəkləyirik, biz sizin mövqeyinizi dəstəkləyirik”.
Sonra səfir Mark İnnes-Braun ölkələrimiz arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirdi.