İlahə Əsədovadan, Qubadlı, Azərbaycan
20 oktyabr 2017, 19:20
Hörmətli Mehriban xanım,
Biz məcburi köçkünlər dövlətimizin dəstəyini hər zaman hiss etmişik. Prezident İlham Əliyevin göstərişi ilə məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işləri hər birimiz minnətdarlıq hissi ilə qeyd edirik. Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin tikintisi ilə bağlı göstərişiniz bütün valideynlər və pedaqoji kollektiv tərəfindən çox böyük sevinclə qarşılandı.
Hörmətli Birinci vitse-prezident, Siz hamımızın sevimlisi, məcburi köçkünlərin əsl dostusunuz. Sizin oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə məktəbimizə gəlişiniz bizim üçün ən sevincli günlərdən biri oldu.
Azərbaycanın xaricdə tanınmasında, təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı layihələrin reallaşmasında, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin respublikamızda yüksək səviyyədə təşkilində müstəsna xidmətləri olan bir insanın peşə bayramımızda bizimlə görüşməsi və yeni tikilmiş məktəbdə yaradılmış şəraitlə tanış olması bu təhsil ocağında işləyən müəllimləri çox fərəhləndirdi, onlarda gələcəkdə daha fəal işləmək üçün ruh yüksəkliyi yaratdı.
Göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və Sizə minnətdarlığımı bildirirəm.
Dərin hörmət və ehtiramla,
Əsədova İlahə, Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin direktoru.
Azərbaycan Respublikası, Qubadlı rayonu.