“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
18 oktyabr 2017, 18:35
Azərbaycan Respublikasının
2017-ci il 2 oktyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.