İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib
18 oktyabr 2017, 10:00
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əbdüllətif bin Raşid Əl-Zəyyəni Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin salamlarını dövlətimizin başçısına çatdırdı. O dedi: “Biz mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndiririk və əlaqələrimizin daha da möhkəmləndirilməsində maraqlıyıq. Bu münasibətlərin inkişafında Sizin rəhbərliyinizə görə minnətdarıq”.
Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyəni bu tədbirin Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğuladı. O bildirdi ki, Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından önəmlidir. Qonaq dedi ki, sizin gözəl ölkənizə körfəz dövlətlərindən gələn turistlərin sayının artması məmnunluq doğurur.
Təşkilata üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu dövlətlərlə güclü siyasi münasibətlərimizin mövcud olduğunu deyən Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Azərbaycanda turizmin inkişafı üçün böyük işlərin görüldüyünü bildirən dövlətimizin başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda turistlərə yüksək qonaqpərvərlik göstərildiyini dedi, bunun da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsi işinə töhfəsini verdiyini vurğuladı.
İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd edən dövlətimizin başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu vurğulayaraq bu baxımdan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların mövcud olduğunu bildirdi. Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artdığını məmnunluqla qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, bu il Davos Dünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq görüb.
Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini, ölkəmizdə bu yaxınlarda İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edərək, bu Oyunların İslam ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini vurğuladı.
Söhbət zamanı üzv dövlətlər ilə Azərbaycan arasında hava əlaqələrinin genişləndirilməsinin məqsədəuyğun olduğu qeyd edildi.
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinə çatdırmağı xahiş etdi.
Sonda Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.