Mənəvi Dəyərlərin Təbliği Fondunun NİZAMNAMƏSİ
10 oktyabr 2017, 20:23
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 10 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Mənəvi Dəyərlərin Təbliği Fondu (bundan sonra – Fond) mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir.
1.2. Fond Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) tabeliyində fəaliyyət göstərir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, habelə sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Fond Bakı şəhərində yerləşir.
2. Fondun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları
2.1. Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
2.2. Fond bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. aşağıdakı istiqamətlərdə layihələrin həyata keçirilməsinə maliyyə təminatı yaratmaq üçün tədbirlər görür:
1. mənəvi dəyərlərin qorunması;
2. mənəvi, dini dəyərlərin araşdırılması;
3. dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası;
2.2.2. məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına dəstək verir;
2.2.3. dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verir;
2.2.4. dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım göstərir;
2.2.5. təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə maddi yardım göstərir;
2.2.6. istedadlı şəхslərin təhsilini davam etdirməsinə, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına maddi yardım göstərir;
2.2.7. Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, habelə müharibə əlillərinə maddi yardım göstərir;
2.2.8. aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi ilə bağlı maddi yardım göstərir;
2.2.9. xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərilməsi üçün tədbirlər görür, o cümlədən onların dərman vasitələri, zəruri ərzaq və əsas tələbat malları almasına maddi yardım göstərir;
2.2.10. çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial problemlərinin aradan qaldırılması və onlara ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması, habelə belə şəxslərə (ailələrə) sosial xidmət göstərilməsinin təşkili istiqamətində tədbirlər görür;
2.2.11. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının hazırlanmasına dəstək verir;
2.2.12. valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi ilə bağlı tədbirlər görür, onlara maddi yardım göstərir;
2.2.13. din sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir;
2.2.14. Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
2.2.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın açıqlanmasını və daim yenilənməsini təmin edir;
2.2.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
2.3. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsas prinsipləri rəhbər tutur.
2.4. Fondun aşağıdakı hüquqları vardır:
2.4.1. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
2.4.2. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
2.4.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların aparılması üçün elmi tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, işçi qruplar, komissiyalar və şuralar yaratmaq;
2.4.4. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
2.4.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
2.4.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
2.4.7. əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;
2.4.8. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
2.4.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
3. Fondun idarə olunması
3.1. Fondun işçilərinin say həddini və əməkhaqlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
3.2. Bu Nizamnamənin 3.1-ci bəndi nəzərə alınmaqla, Fondun strukturunu və ayrılmış büdcə təxsisatı daxilində onun xərclər smetasını, habelə fəaliyyətinə dair hesabatları Komitə təsdiq edir.
3.3. Fondun fəaliyyətinə ümumi nəzarəti Himayəçilik Şurası (bundan sonra – Şura) həyata keçirir.
3.4. Şura, onun sədri də daxil olmaqla, beş üzvdən ibarətdir. Şura üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.
3.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
3.6. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
3.7. Şura qərar qəbul etməkdə müstəqildir.
3.8. Şura aşağıdakı vəzifələri yerinə yetirir:
3.8.1. Fondun inkişaf istiqamətlərini müəyyən edir;
3.8.2. Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının müəyyən edilməsi ilə bağlı təkliflər verir;
3.8.3. Fondun fəaliyyətinin qanunvericiliyə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;
3.8.4. Fondun məqsədinə uyğun layihələrin maliyyələşdirilməsi və tədbirlərin həyata keçirilməsi üçün dəstəklənməsi prioritet hesab edilən sahələr barədə təkliflərini Fondun İcraçı direktoruna (bundan sonra – İcraçı direktor) təqdim edir;
3.8.5. İcraçı direktorun təqdimatına əsasən, Fondun xərclər smetasının layihəsini və balansını müzakirə edir və təkliflər verir;
3.8.6. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxır və qərar qəbul edir;
3.8.7. Fondun fəaliyyəti ilə bağlı illik hesabatlara rəy verir;
3.8.8. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Komitəyə təkliflər verir;
3.8.9. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.
3.9. Şuranın iclasları ildə iki dəfədən az olmayaraq çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Şuranın iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, Şura sədrinin səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
3.10. Şuranın sədri:
3.10.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
3.10.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
3.10.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
3.10.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
3.11. Şuranın üzvlərinin aşağıdakı hüquqları vardır:
3.11.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak etmək;
3.11.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
3.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirmək;
3.11.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;
3.11.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq.
3.12. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
3.13. Fondun cari fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir. İcraçı direktor Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.
3.14. İcraçı direktorun Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İcraçı direktorun müavinləri İcraçı direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər. İcraçı direktor müvəqqəti olmadıqda onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz edir.
3.15. İcraçı direktor aşağıdakı vəzifələri yerinə yetirir:
3.15.1. Fondun fəaliyyətini təşkil edir, cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;
3.15.2. Fondun illik fəaliyyət planını Şura ilə razılaşdırmaqla təsdiq edir;
3.15.3. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Komitəyə təkliflər verir və sənədlər təqdim edir;
3.15.4. Fondun fəaliyyətinə dair illik hesabatı hazırlayaraq, Şuranın rəyi ilə birlikdə Komitəyə təqdim edir;
3.15.5. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;
3.15.6. Komitənin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;
3.15.7. Komitənin razılığı ilə aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması barədə qərar qəbul edir;
3.15.8. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması barədə qərar qəbul edir;
3.15.9. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
3.15.10. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini təsdiq edir;
3.15.11. bu Nizamnamənin 3.14-cü bəndini nəzərə almaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərini işə qəbul edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
3.15.12. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
3.15.13. Fondun fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə bağlı icrası məcburi olan sərəncam və əmrlər verir;
3.15.14. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
3.15.15. işçilərin peşəkarlıq səviyyəsinin artırılmasını təmin edir;
3.15.16. Fondun fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;
3.15.17. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
3.15.18. Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.
3.16. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4. Fondun nizamnamə kapitalı, əmlakı və maliyyə
fəaliyyətinin əsasları
4.1. Fondun nizamnamə kapitalı 100 000 (bir yüz min) manatdır.
4.2. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.
4.3. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına həyata keçirilir.
4.4. Fond əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
4.5. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı mümkün zərərə görə Fonda verdiyi əmlakın dəyəri həddində risk daşıyır.
4.6. Fond qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində, bu Nizamnamənin tələbləri nəzərə alınmaqla, müstəqil sərəncam vermək hüququna malikdir.
5. Fondun fəaliyyətinə nəzarətin forması
5.1. Fondun fəaliyyətinə Komitə nəzarət edir.
5.2. Fondun fəaliyyətinə dair illik hesabat Komitəyə təqdim edilir.
6. Fondda uçot və hesabat
6.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qeyri-kommersiya təşkilatları üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
6.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçot aparır və statistik hesabatlar tərtib edir.
6.3. Fond idarə, filial və nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7. Fondun ləğvi və yenidən təşkili
Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.