İlham Əliyevin və Mahmud Abbasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur
28 iyun 2011, 18:20
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüşün iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Prezident!
Sizi bir daha Azərbaycanda salamlamaq və dəvətimi qəbul edib ölkəmizə səfər etdiyinizə görə təşəkkür etmək istəyirəm. Bu, çox mühüm və tarixi səfərdir. Bu, Fələstin Dövlətinin Prezidentinin Azərbaycana ilk səfəridir. Sizi Azərbaycanda görməyimə çox şadam. Elə indicə bizim regional vəziyyət, Fələstin-İsrail münaqişəsi ilə bağlı çox səmimi, açıq və konstruktiv danışıqlarımız oldu. Biz bu problemə qarşılıqlı anlayış nümayiş etdiririk. Bayaq qeyd etdiyim kimi, biz sizi beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcəyik və üzərimizə düşən nədirsə onu edəcəyik. Biz, eyni zamanda, ikitərəfli əlaqələrimizi genişləndirməyə ümid edir və ona yeni miqyas vermək niyyətindəyik. Hesab edirəm ki, daha çox mədəniyyət sahəsində ünsiyyətlərimizi artırmaq, o cümlədən iqtisadi əməkdaşlıq, potensial investisiya layihələri və təbii ki, siyasi dialoqu gücləndirmək üçün yaxşı imkanlar vardır. Əminəm ki, səfəriniz zamanı müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini geniş müzakirə etmək və əlaqələrimizin sürətlə inkişafını görmək üçün daha çox imkanımız olacaqdır. Sizin ölkəmizə səfəriniz əlaqələrimizin mühüm təməl daşıdır. Əminəm ki, səfərdən sonra biz daha çox müsbət irəliləyişin şahidi olacağıq.
Bir daha Azərbaycana xoş gəlmisiniz.
X X X
Fələstin Dövlətinin Prezidenti Mahmud ABBAS səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- Təşəkkür edirik cənab Prezident!
Biz Bakıda - Azərbaycanda olmağımızdan böyük şərəf hissi duyuruq. Bəlkə də bu, bizim üçün ilk səfərdir. Lakin gələcəkdə çalışacağıq ki, bu səfərlərin sayı artsın. Təbii ki, Sizə ən uyğun vaxtda Zati-alilərinizi Fələstində görməyimizə şad olarıq.
Cənab Prezident! Öncə qeyd etdiyiniz kimi, biz bütün məsələləri, xüsusilə də ölkəmizin BMT-yə tamhüquqlu üzv dövlət olması ilə bağlı apardığımız fəaliyyəti və danışıqları müzakirə etdik.