İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
27 sentyabr 2017, 10:00
Prezident İlham Əliyev Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə - təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, ölkələrimizin həyata keçirdiyi xeyli sayda birgə layihələrin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan ilə Belarusun beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğuladı.
Təhlükəsizlik sahəsinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət göstəriləsi bir çox məsələlər var. Dövlətimizin başçısı bildirdi ki, dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir. Prezident İlham Əliyev bu istiqamətdə də ölkələrimiz arasında yaxşı təmasların mövcud olduğunu və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
Dövlət katibi Stanislav Zas Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, Belarus tərəfi Azərbaycan Prezidentinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və Belarus Prezidenti bununla bağlı öz minnətdarlığını çatdırır. Stanislav Zas ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini dedi. O, görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10 faiz artdığını vurğuladı. Belaruslu qonaq qeyd etdi ki, ölkəsində Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyirlər.
Dövlətimizin başçısı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus Prezidentinə çatdırmağı xahiş etdi.