İlham Əliyev 2013-cü ildə Kazanda keçiriləcək XXVII Universiadanın kəndi ilə tanış olmuşdur
24 iyun 2011, 19:20
Prezident İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə 2013-cü ildə Kazanda keçiriləcək XXVII Ümumdünya Universiadasının kəndi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, XXVII Universiadanın Kazanda keçirilməsi 2008-ci ildə Beynəlxalq Tələbə İdmanı Federasiyasında səsvermənin nəticəsinə əsasən qərara alınmışdır. Kazanla yanaşı, İspaniyanın Viqo və Koreya Respublikasının Kvanju şəhərləri də Universiadaya ev sahibliyi etmək iddiasında olmuşlar.
Universiada kəndi ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, bu kəndin inşasına 2008-ci ildən başlanılmışdır. Üç il ərzində burada 25 idman obyekti tikilmişdir. Ümumilikdə isə burada 64 idman obyektinin tikilməsi nəzərdə tutulur. Obyektlərin hamısında veb-kameralar quraşdırılmışdır. Bu, eyni vaxtda idman arenalarında baş verənləri izləmək imkanı yaradır.
Prezident İlham Əliyev burada otaqlarda yaradılan şəraitlə tanış oldu, tibb otağına baxdı. Bildirildi ki, XXVII Universiadada dünyanın hər yerindən gələn tələbə idmançılar 300-dən çox medal uğrunda mübarizə aparacaqlar. Bu, indiyədək keçirilmiş universiadalar arasında rekord göstərici olacaqdır.
Dövlətimizin başçısı videozalda Universiadanın idman proqramı ilə bağlı təqdimata baxdı.
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Universiadası kəndinin Xatirə kitabına ürək sözlərini yazdı.
Sonda dövlətimizin başçısına Universiada kəndinin tarixi barədə kitab təqdim edildi.